Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qorbaçovla Yeltsindən Putinə MİRAS... - Noyabra AZ QALDI

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, Putin Qərblə yeni böyük anlaşma imzalamaq istəyir.
Rusiya lideri yeni sənəd üçün əvvəlcə Qorbaçov və Yeltsinin zamanında imzalanan razılaşmalara bir daha baxacaq.

NATO planı
• Qorbaçovun dövründəki (1990) təkliflər NATO-nun şərq istiqamətində genişlənməməsi yönündə idi. Düzü, Putinin indiki dərdi də budur. Yəni Kremlin qarınağrısına səbəb dəyişməz olaraq qalır. Lakin 1990-cı ilin 31 may tarixində Qorbaçov Corc (ata) Buşun təklif etdiyi formulu qəbul edib.
Həmin şərtə görə ABŞ Almaniyanın birləşib NATO-ya üzvlüyünü qəbul edir, əgər ikinci dövlət kollektiv təhlükəsizliyə cavab verərsə. Daha dəqiq desək, sovet ittifaqının təhlükəsizlik ehtiyacları təmin olunmalı idi. Əlqərəz, ermənipərəst Qorbaçov həmin ildə SSRİ-ni dağıtmaq üçün bütün axmaqlıq və qaniçənlikləri (20 Yanvar) törətdi.
• O ki qaldı Boris Yeltsinə, Rusiyada 1993-cü ildəki konstitusion böhran zamanı da Qərb Borisi dəstəkləmişdi. Əvvəlcə onu Rusiyaya gələn demokratiya kimi görürdülər. Lakin sonrakı zəif, inkişafdan uzaq fəaliyyəti də Qərbin ürəyincə idi. Yeltsin SSRİ-nin xarici borclarını bağlamaq, bazar iqtisadiyyatına keçmək üçün Qərbə çox güzəştə getməli olub. Sadə bir nümunə gətirək ki, 7 il ərzində Borislə ABŞ-ın o zamankı lideri Bil Klinton 18 dəfə görüşüb, 56 dəfə telefonla danışıblar. Öz aralarında zarafatlaşdıqları da olub.
Lakin Yeltsinlə ABŞ arasında qıcıq yaradan münasibət NATO ilə bağlı idi. Hətta o, Helsinki danışıqları (1997) zamanı bildirmişdi ki, “tərəfdaşlıq barədə razılaşmaya o vaxt imza ataram ki, sənəddə deyilsin ki, NATO Rusiya ilə məsləhətləşmələr olmadan qərar qəbul etməyəcək”. Əsas şərt isə Şimal Alyansının postsovet ölkələri hesabına genişlənməməsi olub. Bunu deyən Yeltsin cümləsini belə yekunlaşdırmışdı: “Bizim o dövlətlərin heç birinə qarşı ərazi iddiamız yoxdur”.
Bəs Donetsk və Luqansk?
Vladimir Putin hökuməti Ukraynanın ilhaq olunan ərazilərini orada yaşayanların öz müqəddaratını həll etmək hüququndan istifadə kimi qələmə verib. 2014-cü ildə Maydan hadisələri zamanı, Rusiyayönümlü Yanukoviç “Roşen kralı” Poroşenko tərəfindən devriləndə adıçəkilən ərazilərdəki savaşın səbəbi başqa idi. Rusiya Ukraynadakı təsir güclərini itirmək, bu ölkəni Qərbin nüfuz dairəsinə vermək istəmirdi. İndi də həmin çəkişmədir. Sadəcə, Ukrayna Zelenski rəhbərliyi ilə çoxdan qərbyönümlüləşib. Yoxsa Baltikyanı ölkələr kimi Ukraynada da SSRİ-yə aid bütün heykəllər sökülməzdi. Kreml bunu bilir. Amma indiki canfəşanlığının səbəbi digər narahatlıqdır.
Putin Ukraynanın NATO sıralarına daxil olmasına etiraz edir və buna hüquqi zəmin yaranıb. Çünki Qorbaçov və Yeltsinin dövründə Qərblə əldə olunan razılaşmalara görə NATO şərq sərhədlərini genişləndirməli deyil, alyansa postsovet ölkələrinin üzvlüyünə çalışmamalıdır. Ümumiyyətlə, alyans vacib qərarlarını Rusiya ilə razılaşdırmalıdır. Vəziyyət isə onu deməyə əsas verir ki, tərəflərdən hər biri özünü haqlı sayır.
– O ki qaldı Putinin Qərblə yeni müqavilə istəyinə, diqqətlər noyabr ayına yönəlib. Çünki çox sualın cavabı Balidə keçiriləcək G20 sammitində bəlli ola bilər. Elə Rusiya-Ukrayna savaşının hələ davam edib-etməyəcəyi də orada bilinəcək. Belə ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etməyə razılaşıblar.

Anar Rəhimov,
KONKRET.az
Tarix: 08 oktyabr 2022
Baxış: 433

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş