"Təəssüflər olsun ki, son zamanlar cəmiyyətimizdə yeniyetmə və gənclərin bir-birlərinə qarşı qeyri-etik davranışlarının, nümayiş etdirdikləri aqressiyanın tez-tez şahidi oluruq. Əlbəttə ki, bu aqressiya halları və davranış formaları birdən-birə yaranmır. Bütün bunlar yeniyetmələrin daxili dünyasında diqqətdən kənarda qalan məqamların təzahürüdür. Onlar uzun müddət görülməyən, eşidilməyən və düzgün istiqamətləndirilməyən emosiyalarını artıq bu formada büruzə verirlər".
Bu barədə Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə Bakıda məktəbdə bir şagirdin digər şagirdin üzərinə spirt tökərək alışqanla yandırmasından danışarkən bildirdi.
"Biz cəmiyyət olaraq, hər hansı bir davranış pozuntusu ilə qarşılaşdıqda istər ailədə, istərsə də məktəbdə dərhal cəzalandırma üsullarına əl atırıq. Üstəlik bu cəza metodları heç də yumşaq olmur. Hesab edirik ki, sərt cəza tətbiq etsək, uşaq qorxacaq, çəkinəcək və həmin davranışı bir daha təkrarlamayacaq. Lakin reallıq fərqlidir: uşaqları cəzalandırmaqdan əvvəl onları düzgün anlamaq, yönləndirmək və bu davranışın kökündə dayanan səbəblər üzərində işləmək lazımdır" - deyən müsahibimizin sözlərinə görə, cəmiyyət olaraq bu sahədə müəyyən məlumatsızlıq və savadsızlıq yaşayırıq:
"Bir çox yeniyetmə qəzəbini necə idarə edəcəyini, hisslərini sözlərlə necə ifadə edəcəyini bilmədiyi üçün fiziki aqressiyaya meyil edir. Bu isə cəmiyyətdə faciəvi hadisələrlə nəticələnir. Uşaqların nümayiş etdirdiyi şiddət sonradan qazanılmış bir davranışdır. Əgər uşaq evdə, məktəbdə və ya ətraf mühitdə aqressiya görürsə, bunu mənimsəyir. Xüsusilə sosial mediada, videolarda və ya oynadığı oyunlarda davamlı olaraq zorakılıq səhnələri ilə qarşılaşan yeniyetmə, hansısa problem zamanı məhz bu cür reaksiya verməli olduğunu düşünür. Bir müddət sonra şiddət onun üçün adi bir davranış normasına çevrilir".
Pedaqoqun fikrincə, valideynlər və böyüklər uşaqlarda empatiya hissini çox aşağı səviyyədə formalaşdırır:
"Onlarla vaxt keçirib qarşısındakı insanın yerinə özünü qoymağın önəmini izah etmirik. Bir uşaq başqasına zərər verərkən onun çəkdiyi ağrını və hərəkətinin nəticəsini dərk etməlidir. Bunun üçün yüksək empatiya hissi tələb olunur. Bu gün gənclərin çoxu hərəkətlərinin sonunu düşünmür, çünki bu onlara nə ailədə, nə də məktəbdə dərindən izah edilmir. Faciəvi hadisələrdən sonra həmin yeniyetmələrlə danışdıqda görürük ki, hamısı peşmançılıq keçirir. Sadəcə, nəticəni öncədən proqnozlaşdıra bilməyiblər".
Həmsöhbətimiz əlavə etdi ki, valideynlərin yol verdiyi digər bir xəta isə övladlarına sevgini verib, davranış sərhədlərini müəyyən etməmələridir:
"Biz böyüklər, valideynlər, pedaqoqlar və psixoloqlar uşaqlarla bu cür riskli davranışların fəsadlarını nə dərəcədə müzakirə edirik? Çox vaxt bu xəbərləri sadəcə oxuyub keçirik və ya laqeydlik göstəririk. Laqeyd tərbiyə və sərhədsiz sevgi ilə böyüyən gənclər isə özlərini sübut etmək və diqqət çəkmək üçün bu cür riskli yollara əl atırlar. Bu, təkcə uşağın problemi deyil, bu, ailənin, məktəbin və cəmiyyətin birgə həll etməli olduğu məsələdir. Valideyn-şagird-müəllim üçbucağı sağlam qurulmalıdır".
O, qeyd etdi ki, valideynlər bu nüanslara diqqət etməlidir.
"Təhsildən öncə tərbiyə: Valideyn və müəllim uşağın daxili dünyasını tanımasına, emosiyalarını ifadə etməsinə yol göstərməlidir.
Hadisələrə erkən müdaxilə: Kiçik bir aqressiya halı belə görüldükdə vaxtında məktəb psixoloquna və ya mütəxəssisə müraciət edilməlidir.
Psixoloji profilaktika: Məktəblərdə profilaktik işlər gücləndirilməli, şagirdlər üçün güvənli ünsiyyət mühiti yaradılmalıdır.
Hazırda evlərdə ünsiyyət minimuma enib, hamı vaxtını ailə üzvləri ilə danışmaq yerinə telefonla keçirir. Məktəbdə isə uşağın daxili aləmindən çox, yalnız tədris göstəriciləri diqqət mərkəzindədir. Bu boşluqlar yeniyetmələri aqressiyaya sürükləyir ki, bu da sonda bütün cəmiyyətin faciəsinə çevrilir", - deyə Aysel Rəsulzadə vurğuladı.
Xədicə BAXIŞLI