Ukrayna Ali Radasının keçmiş deputatı, milyarder Rinat Axmetov Monakoda rekord məbləğə - 554 milyon dollar ödəyərək elit mənzilin sahibi olub.
"Gender.az" bildirir ki, bu barədə "Bloomberg" agentliyi yerli daşınmaz əmlak reyestrindən çıxarışlar da daxil olmaqla, əməliyyatı təsdiqləyən sənədlərə istinadən məlumat verib.
Agentlik qeyd edir ki, Rinat Axmetovun bu alışı tarixin ən iri daşınmaz əmlak əməliyyatları sırasına daxil olub. Sənədlərə əsasən, elit obyekt 2024-cü ildə ukraynalı iş adamının əmlakına daxil edilib.
Mənzil prestijli "Le Renzo" yaşayış kompleksində yerləşir. Ümumi sahəsi 2 500 kvadratmetr olan mənzil beş mərtəbəni əhatə edir və 21 otaqdan ibarətdir. Mənzildə şəxsi hovuz, jakuzi, bir neçə eyvan və Aralıq dənizinə baxan terras mövcuddur. Alış qiymətinə, həmçinin səkkiz avtomobil dayanacağı da daxildir.
Rinat Axmetov Ukraynanın ən varlı vətəndaşı hesab olunur. Mart ayında o, 7,8 milyard dollarlıq sərvəti ilə "Forbes"in dollar milyarderləri siyahısına daxil edilib.(oxu.az)