Xəbər lenti
Reklam
Şəhidi üçün burnunun ucu göynəyən ata

...Həzinlik duyulan bir payız günündə ibadətdə olarkən telefonum səsləndi. Nədənsə ,bu dəfə həmişəkindən tez açdım və “alo” dedim. Telefonda aram-aram oxunan “Yasin” ibadətimlə uzlaşdığından qeyri-iradi “amin” deməyə başladım. Az sonra telefonuma bir başdaşının fotosu gəldi. Qara mərmərdəki yazını oxuyanda qübarlı qəlbim   doluxsundu. Cavanlar itirmiş dərdi insan kimi içimdə tanımadığım gəncə “ruhun şad olsun” dedim.
Zəng edən  lənkərandan olan tanışım “bu , bizim şəhiddi, ondan da yaza bilərsiz” deyəndə “ya qismət”deyə söylədim.
Həmin gündən aylar illərə qovuşdu.. Astara şəhidləri haqqında yazıb tamamladığım kitab çap olundu. Təqdimatı da keçirildi. ..
Bu ərəfədə bir təsadüfdən haqqında çox eşitdiyim  təvazökar insan, professor Kamran müəllimin oğlunun da, şəhid olması barədə eşitdim və şəhidin şəkilini görəndə düşüncələrlə “bu ki ,məzarı başında oxunan "Yasinə" uzaqdan-uzağa "amin" dediyim gəncdir” deyə ötən illər ani olaraq gözümdə canlandı. O zaman heç düşünməmişdim ki, nə vaxtsa bu şəhidin məzarını  da ziyarət edəcəyəm, və ruhuna dua oxuyacam...,
Deməli, həyatda təsadüf yox, zərurət var...
Tanıtma .Şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımov 1990-cı il dekabrın 17-də Lənkəranın Yuxarı Nüvədi kəndində ziyalı ailəsində işıqlı həyata göz açıb.
O, gəlişi ilə ailəyə bir dünya sevinc bəxş edir. Amma elə körpə 'ikən Allah canı  ilə onu sınağa çəkir. O, cılız olduğuna görə tez-tez ağlayır və xəstələnir. Evdəkilər çox narahat duyğularla körpəni müalicə etdirir. Uşaq yaşa dola-dola canı bərkiyir, möhkəm iradəsi xəstəliyə güc gəlir və tamam sağalır ,ailədən də qəm-qüssə yox olur.
Vüsal bir gün məktəbə ayaq açır. Evdə necə sevilirdisə, məktəbdə də, yaşıdları arasında sevilir və hətta müsbət fərqli cəhədləri ilə seçilir.
Vüsal Kazımov orta məktəbi müvəfəqqiyyətlə bitirəndən sonra öz istəyi ilə LDU-nin “Təbiyyat” fakültəsinə daxil olur. Universitetdə möhkəm xarakteri və səmim rəftarı ilə həm müəllimlərinin, həm də tələbə yoldaşlarının hörmətini qazanır. O, təhsilini  “Fiziki Tərbiyə və Gənclərin Çağırışaqədərki Hazırlığı” ixtisası  üzrə uğurla bitirir.
Vüsal Kazımov öz müsbət xarakteri ilə el-obasında sevilən gənclərdən biri kimi bir gün fərəhlə hərbi xidmətə yollanır. İl yarım ( 6 ay tədris mərkəzində kurs oxuyur ) hərbi xidməti uğurla başa vurandan sonra zabit kimi ailəsinə qovuşur. O ,hərbi xitmətdən təxris olunandan sonra Lənkəran şəhər uşaq poliklinikasının psixi sağlamlıq bölməsində "Müalicə Bədən Tərbiyəsi" üzrə təlimatçı vəzifəsində çalışa-çalışa LDU-nin qiyabi şöbəsində “İqtisadiyyat və İdarəetmə fakültəsinin  mühasibat uçotu və audit” ixtisasını bitirir.
Şəhidin ocağında... Həyət qapısında üç rəngli bayrağımız xəfif-xəfif dalğalanırdı. Sanki şəhidimizə lay-lay çalırdı. Bir zamanlar şəhidimiz  həyətin ortasında  çox sevdiyi bayraqla şəkil çəkdirib paylaşıb. Şəkilaltı söz isə onun zərif  ruhunun duası kimi səslənir: “Gələcək nəsilə müqəddəs bayrağımızı göz bəbəyi kimi qorumağı indidən aşılamaq lazımdır. Bayrağımızın etibarlı əllərdə olacağına əminik”.
Asta-asta və bir qədər pərişan halda həyətdən evə qalxırıq. Hiss olunur ki, Vüsalsız ev səssiz- səmirsizdir. Hansı ki, bir zaman şəhidimizin bu evdə  şirin söhbəti, şən zarafatları yaşanıbdır. ..
Şəhid anası Gülər müəllimə, ömür gün dostu Aysel xanım və şirin-şəkər qızları Nuray ,Aynurla necə deyərlər söhbətə körpü qoyduq... Ciyərparasının yanğısıyla yaşayan ana öncə duruxdu, sonra sıxıla-sıxıla söhbətə başladı:
-Vüsalımın həsrətini onun yadigarları unutdurmasa da, təsəllimi onlarda tapıram. Balam övladları ilə ürək dolusu deyib gülmədi, öpüb oxşamadı, nazını çəkmədi və qəfil də əlimizdən getdi, bizi hicrana möhtac etdi. Oğlum bir gün belə yadımdan çıxmır, onun danışığı, hərəkətləri  həmişə gözümdə canlanır. Sevdiyi yeməyi  yenə  həvəslə bişirirəm, sanki Vüsalım işdən gələr “ana, nə yaxşı sevdiyim yeməyi bişirmisən” deyəcək.
Şəhid anası kövrək duyğularla danışarkən birdən susub durdu və dərindən ah çəkdi. Gözləri məchul nöqtəyə dikildi...
Şəhidimizin ömür-gün dostu Aysel xanım (LDU-də müəllimə işləyir) Vüsalla bağlı xatirələri dilə gətirəndə cütlüyün çox mənalı ailə həyatı yaşadığını duydum. Onların tale ulduzları bir an içində barışıb.
Aysel xanım  Vüsalla ilk dəfə tanış olanda onun qəlbi təmiz, mərd, dürüst, saf bir gənc olduğunu anlayır və öz içində “bu oğlan elə qismətimdir” deyə düşünür. Ona görə çox da fikirləşmədən razılığını bildirir və xoşbəxt bir ailənin təməli qoyulur. Amma nə yazıq ki, sevərək, sevilərək ailə qursalar da, Vüsal onu iki körpəsi ilə baş-başa buraxır, vüsal şərbəti bitməmiş, hicran acısı yaşadır ona...
Aysel xanımın yaşanmış xatirələrindən.. “Vüsalla yaşadığım ailə sevinci uzun sürmədi. Çox sarsıldım bu itkidən, qəm-kədər məni tez yaxaladı amma şükürlər olsun ki, onun yadigarları ,ay parçası kimi – qızlarım dünyaya sığmayan hədiyyəmdir mənim. Vüsalın  əziz ruhu ilə həyatımı yaşayıram. Sanki həyatımı işıqlandırır. Vüsaldan sonra magistratura təhsilimi uğurla başa vurdum. Sizə bir söz deyim, inanın ki, yenidən dünyaya gəlsəm ,yenə də Vüsalı özümə ömür-gün həmdəmi seçərdim”.
Şəhidin əmanətləri Nuray ,Aynurla (Nuray 5-ci sinifdə, Aynur isə hazırlıq qrupunda oxuyur) söhbətimiz şirin not üzərində kökləndi. Bacılar həkim olmaq diləyindədir. Həkim ömrü insanlara ikinci həyatı yaşatmaqdır. Gözəl diləkdir, inşallah nəsibləri olsun.
Könüllü şəhid. Vətənimizin üstünə qara buludlar çökəndə Vüsal Kazımov evdə bildirmədən hərbi komissarlığa gedir, özünü könüllü orduya yazdırır və qürurverici sevinc hissi ilə məqsədini evdə atasına bildirir. Atası təəcüblə oğluna baxır və təbəssüm edir, çünki ata  da ,həmin gün  könüllü orduya yazılıbmış. ..
2020-ci ilin sentyabr ayının 21-də Vüsal ailəsi ilə görüşür, körpələrini bağrına basır, sanki onları bir daha görməyəcəkmiş kimi öpüb oxşayır. Altı aylıq Aynuru əzizləyə-əzizləyə öpəndə heç kimin eşidə bilməyəcəyi tərzdə “Sən ,necə də şirinsən körpəm mənim” deyir.
Təlim adı ilə evdən ayrılan Vüsal Kazımov döyüş nöqtəsində olarkən belə ailəsinə “ narahat olmayın, hələ ki, təlim keçirik” deyir. Əslində ,vətənpərvər igid odun-alovun içində, güllə yağışı altında döyüşür və qorxmadan yaralı silahdaşlarını döyüş meydanından çıxarır, onları nikbin ruhla təsəlli edir. Çünki,müharibənin ilk günlərində silahdaşları onu   "xilaskar " deyə çağırırlar,o,cəsurluğu, qayğısı  və xoş rəftarı ilə sevilir onların  qəlbində..
İgid eloğlumuzun zabit, səriştəli hərbçi olduğu nəzərə alınaraq onu  müharibədə bölük komandirinin tərbiyyə işləri üzrə müavini təyin edirlər. O, üzərində məsuliyyət hiss edərək daha da cəsurluq nümayiş etdirir və qələbə əzmi ilə döyüşür.
Lakin düşmən üzərində qələbə çalmağı arzulayan Vüsal Kazımov oktyabrın 27-də döyüş yoldaşları ilə Fizulinin Qacar kəndi və Şuşanın Daşaltı kəndi uğrunda   gedən döyüşlərdə düşmənə ağır itkilər yaşatsalar da, həmin tarixdə növbəti döyüşdə igid həmyerlimiz düşmənin ağır artilleriya hücumuna məruz qalmış qəlpə yarası almış, qəhrəmancasına şəhid olmuşdur.
Dostunu itirən ata.
“Övladımla yanaşı dostumu, can sirdaşımı itirmişəm” söyləyən hörmət bəslədiyim Kamran müəllimlə söhbətimiz heç də asan olmadı.
Şəhid ataları nə qədər məğrur dursa da ,içindəki yanğı hər zaman alovludur.
Ata gördüm hönkürtü ilə ağladı, “oğlum qəddimi əydi” dedi. Ata gördüm lal baxışla sanki “Vətən sağ olsun” dedi.
Professor təmkinlə, amma qəlbinin odu ilə danışanda istər-istəməz ikimiz də kövrəldik. ..
-Həyatımda yaşadığım acılar, sonsuz qayğılar ,çətin ruzigarla yanaşı övlad itkisi də ,lap betər etdi məni...
Bacım qızı çox erkən yaşlarında qəfil dünyasını dəyişəndə yaxın əzizi kimi çox sarsıldım. Xeyli zaman özümə gələ bilmədim, elə pərişan halda bacımın dərdinə yanır, “yazıq bacı nələr çəkir" deyə düşünürdüm..
Bax, bu gün elə vəziyyətdəyəm. Övlad itkisi çox ağır,qəlb yandırandı Yaralar köz bağlasa da , amma göynərtisi bir himə bənd imiş kimi zaman-zaman səninlə yaşayır...
Atamla aramızda dostluq telləri var idi. Çox təəssüf ki, müharibə veteranı atam 55 yaşında dünyasını dəyişdi və məni həyatda yalnız buraxdı .. 
Ona görə oğlum dünyaya gələndə "onunla dost olacağam" deyə düşünmüşdüm "
Bəli, biz ata-bala çox mehriban dost idik. Bu gün isə sanki  qanadı qırılmış quşam. Amma qürurum da, hədsizdir. Xoş halıma ki, oğlumun vətənpərvər igid kimi tarixdə izi qaldı.
Vüsal hərbi xidmətə getməyə bilərdi. Qulaq pərdəsində qüsur var idi. Lakin o, həkimə məcburən sağlam olduğunu yazdırmışdı. Eyni zamanda 44 günlük Vətən müharibəsində də, könüllü orduya yazılmışdı. Belə xoşməramlı hərəkət yalnız Vətənə qəlbən bağlı olan igidlərdə olur.
Vüsalın taleyində qəzalar çox olub, körpə ikən tez-tez xəstələnirdi. Sonra bir dəfə ağır maşın qəzasında ölümdən döndü. Müharibədə sağ qolundan ağır yaralanıbdı. Amma fərqinə varmadan düşmənə qarşı nifrət hissi ilə döyüşüb. Müharibə zamanı hər gün ona “İgidim, qələbə müjdəsini mənə yetir "yazırdım  Bu yazışma oktyabrın 26-na qədər davam etdi. Sonra əlaqə kəsildi.
Bu elə bir dövr idi ki, qəfil yatağa düşmüşdüm. Sağalmağıma ümid az idi. Vüsalımın acı xəbəri kəndə yayılanda məndən başqa bütün el-oba duyur, yanır ,yaxılır...
Yaradan mənə son olaraq, oğlumla yanıqlı halda vidalaşmağı da nəsib etmədi.
Heç zaman unudulmayan həmin ağır ,dözülməz mənzərə indi danışdıqca gözümdə canlanır. Mən yataqda idim. Bayırda  isə vay-şivən qopurdu. Nəfəs almaq üçün süni oksigen aparatı ağzımda olduğundan səs çıxara bilmirdim. Pəncərə açıq idi, zorla yastığa dirsəkləndim. Oğlumun cənazəsi çox sevdiyi üçrəngli bayrağa bükülmüş idi. Cənazəni qaldıranda cəmi üç saniyəlik baxışla övladımla vidalaşdım. Ondan sonra halım pisləşib...
Bilmirəm, bu ağır sınağı nədən yaşadım, hər halda Allah ən doğru olanı sevimli bəndəsinə yaşadır.
Son olaraq onu demək istərdim ki, övladlarımız vətənpərvərcəsinə ən uca zirvəni fəth ediblər, biz də, igidlərimizin müqəddəs adını xoş əməlllərimizlə yaşadaq ki, ruhları hər zaman şad olsun.
Son .Günlərlə yol gözləyən  dərdli ailə qələbə sevincini göz yaşları ilə yaşayırlar. Nəhayət,  uzun həsrətdən  sonra şəhidimizin nəşi neytral zonadan götürülüb ailəsinə təhvil verilir.
29 noyabr 2020-ci ildə Lənkəranın Yuxarı Nüvədi kəndində qəbristanlıqda böyük iztiham və göz yaşları ilə qəhrəman eloğlumuz Vüsal Kazımov müqəddəs torpağa tapşırılır. Hansı ki, igidimiz torpaqlarımızın bölünməzliyi uğrunda şirin canından olmuş şəhidlik zirvəsinə ucalmışdı.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Kamran oğlu Kazımov  döyüşdə göstərdiyi qəhrəmanlığına görə"Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
P.S. Sükuta qərq olmuş məzarlıq.  Beş il əvvəl  telefonda fotosunu gördüyüm başdaşının indi  önündəyəm.
Sanki baxışlar danışır. “Axır ki, gəlib çıxdız”
“Gəldim şəhidim, qəhrəman igidimiz, qismət bu günə imiş, ruhun şad olsun,məkanın onsuz da cənnətdir!"


Dualarla jurnalist Gülnar Əsədli 
Astara Lənkəran
Tarix: 22 oktyabr 2025
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş