Redaktor seçimi
    “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub
Xəbər lenti
Reklam
Qızların 9 yaşında ərə getməsini qanuniləşdirmək İslamı hörmətdən salmağa yönəlib -AÇIQLAMA
İraq parlamenti uşaq evliliyini faktiki olaraq qanuniləşdirib.
Bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə, qanun dəyişiklikləri İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmalarda daha çox səlahiyyət verir.
İraqda əksər hallarda 18 yaş evlilik üçün minimum yaş olaraq qəbul edilir. Lakin yeni dəyişikliklər din xadimlərinə "öz İslam qanunlarına uyğun" qərarlar vermək imkanı tanıyır. Bəzi din xadimləri isə hesab edirlər ki, qızlar "erkən yaşlarda", hətta 9 yaşında ərə gedə bilərlər.
Fəallar iddia edirlər ki, bu dəyişikliklər İraqın 1959-cu ildə qəbul edilmiş və qadınların hüquqlarını qoruyan ailə qanununu pozur. Qanun dəyişikliklərini dəstəkləyən mühafizəkar şiə qanunvericilərinə görə isə, qanun "İslam prinsiplərinə uyğunlaşdırılıb" və bu, İraq mədəniyyətini "Qərb təsirindən" qoruyacaq.
Qeyd edək ki, BMT-nin 2024-cü il üçün açıqladığı statistikaya görə, İraqda qadınların təxminən 28%-i hələ yetkinlik yaşına çatmadan ailə qurur. Qanun qəbul olunmazdan əvvəl dini liderlər, azyaşlı qızlarla evliliyi onların atalarının icazəsi ilə qeydə alırdılar. Lakin belə evliliklər rəsmi sayılmırdı və bəzən qızları doğum evinə qəbul etməkdən imtina edilirdi.
Dəyişikliklər təsdiqlənməzdən əvvəl hüquq müdafiəçiləri xəbərdarlıq edirdilər ki, uşaq nikahlarının qanuniləşdirilməsi qızlar üçün fiziki və cinsi zorakılıq riskini artıracaq.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan Şərq.Az-a açıqlamasında deyib ki, İslam dinində istər qızlar, istər oğlanlar üçün evliliyin yaş həddi rəqəmlə göstərilməyib:


“Çünki hər coğrafiyada iqlimə görə fiziki həddi -buluğ çağı fərqli yaşlarda baş verir. Ərəbistan da bir qədər isti olduğu üçün qızların ərə verilməsi müəyyən qədər erkən baş tutur. Fəqət Quranda qızların ərə verilməsi yaşı "rüşd" sözü ilə ifadə olunub ki, bu da həm fiziki, həm əqli, həm də sosial cəhətdən tam müstəqil şəkildə özünü idarə edə bilən yaş həddi deməkdir. Yəni mirasını özü idarə edə biləcək yaş həddinə "rüşd" həddi deyirlər. Buradan anlaşılan da odur ki, İslama görə qızların ərə verilmə çağı mühitdən, coğrafiyadan asılı olmayaraq ən azı 17-18 yaşdır. Çünki İslam tarixi də bunu sübut edir. Peyğəmbər öz qızlarını bu yaşda ərə verib. Səhabələr bu yaşdan kiçik qızlarla evlənməyiblər. Peyğəmbərin guya Aişə xanımla 9 yaşında evlənməsi isə fakt yox, fars əfsanəsidir. Bu rəvayət Peyğəmbərin vəfatından sonra fars müəlliflər tərəfindən Peyğəmbəri nüfuzdan salmaq üçün uydurulub. Lakin orijinal İslam tarixi sübut edir ki, Aişə xanımın ərə getdiyi vaxtda ən azı 20-ə yaxın yaşı vardı. Eyni zamanda Peyğəmbər Qurana müxalif addım atmazdı. Əgər elə olsaydı inkarçılar onun özünü Quranın hökmlərini pozmaqda ittiham edərdilər”.
Ekspertin sözlərinə görə bununla yanaşı tarixdə azyaşlı qızlarla evlənənlər də nadir hallarda olub:
 “Böyük türk sərkərdəsi Atillanın da azyaşlı qızla evlənməsi haqda yazırlar. Lakin bir və ya bir neçə şəxsin bu işi icra etməsi ümum üçün dəlil, əsas sayıla bilməz. İslam dinində qızların ailə qurması üçün yaş həddi ata-babadan qalan yaxud özünün mirasını, əmlakını tam müstəqil şəkildə idarə biləcəyi yaş həddidir ki, bu da ən azı 20 yaşdan yuxarıdır. Yəni savadı, dünya görüşü, təhsili o səviyyədə olsun ki, özünü, əmlakını, ailəsini idarə edə bilsin. İraqda qızların 9 yaşında ərə getməsini qanuna salmaq İslamı hörmətdən salmağa yönəlib. ABŞ və İranın işğalından sonra İraqda bu və daha əcaib qanunların çıxması gözləniləndir. Səddam Hüseyn zamanında bu qadağan olunmuşdu və qızlar üçün evlilik yaşı 17 nəzərdə tutulmuşdu. İraq hazırda xurafatçı molla şəbəkəsinin əlində İran üsulunda dövlət qurmağa yaxınlaşır. Bu halın İslam adı ilə, sanki dinin tələbi ilə həyata keçirilməsi İslamı dünyada nüfuzdan salmağa yönəlib. Eyni zamanda müsəlmanları təhqir etməyə, pedofiliyada ittiham etməyə hesablanıb. Hər şeydən öncə də Qurana tam ziddir”.
Psixoloq Sevinc Baxışova isə bildirib ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır:


“Erkən nikah, yaxud uşaq nikahları, 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə, həmçinin uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Dünyada və ölkəmizdə erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər intensiv aparılsa da, çox  bunun əksinə gedənlərdə var. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsadüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. Erkən nikah gələcəkdə qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud olan övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri müməyyən gələcək deməkdir. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz. Ümumiyyətlə bu birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi dəyərləndirilməlidir”.

Tarix: 23 yanvar 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş