Xəbər lenti
Reklam
İnformasiya müharibəsi başlayıb: Ölkəmizi kibertəhlükələrdən necə qoruyaq?

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.



Bu barədə siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu bəyanat əslində Azərbaycanın üzləşdiyi yeni tip təhlükələrin göstəricisidir:


“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bəyanat yayaraq bildirib ki, Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verilib. Müasir dövrdə müharibələr və qarşıdurmalar təkcə silahlarla aparılmır. Dövlətlər bir-birinə təzyiq göstərmək üçün informasiya məkanından, sosial şəbəkələrdən və media vasitələrindən də istifadə edirlər. Bu üsula hibrid müharibə və ya informasiya müharibəsi deyilir. Məqsəd ölkənin daxili sabitliyini sarsıtmaq, ictimai rəyə təsir göstərmək, insanların dövlətə inamını azaltmaq və ölkənin beynəlxalq imicinə xələl gətirməkdir. Azərbaycan son illərdə bölgədə mövqeyini xeyli gücləndirib. Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, müstəqil siyasət yürütməyimiz və regional layihələrdə artan rolumuz bəzilərini narahat edir. Ona görə də ölkəmizə qarşı informasiya hücumlarının təşkili təsadüfi deyil. Belə kampaniyaların təhlükəsi ondadır ki, onlar təkcə xaricdən idarə olunmur. Çox vaxt ölkə daxilində də müəyyən qruplar bu prosesə qoşulur, sosial şəbəkələrdə saxta məlumatlar yayılır, dezinformasiya artır. Bu isə ictimai rəyi çaşdırır və insanlar arasında gərginlik yaradır”. 
Siyasi şərhçi əlavə edib ki, ona görə də Azərbaycanın qarşısında mühüm vəzifələr var:
“Birincisi, informasiya təhlükəsizliyini gücləndirmək. Yəni saxta xəbərlərə qarşı çevik reaksiya vermək, rəsmi məlumatı operativ yaymaq və həqiqətləri ictimaiyyətə çatdırmaq. İkincisi, vətəndaşların maarifləndirilməsi. İnsanlar anlamalıdırlar ki, yayılan hər bir informasiyaya inanmaq olmaz, onun mənbəyini yoxlamaq lazımdır. Milli Məclisin komissiyasının bəyanatı həm ictimaiyyət üçün xəbərdarlıqdır, həm də beynəlxalq tərəfdaşlara mesajdır ki, Azərbaycan bu cür hücumları ciddi qəbul edir və buna qarşı öz mövqeyini ortaya qoyur. İnformasiya təhlükəsizliyi artıq hərbi təhlükəsizlik qədər vacibdir. Dövlət, media və cəmiyyət birlikdə bu təhdidlərə qarşı dayanmalıdır. Ancaq belə olduqda xaricdən aparılan kampaniyalar istənilən nəticəni verməyəcək”.
İT mütəxəssisi Həsən Qurbanov bildirib ki, Azərbaycan artıq yalnız hərbi və siyasi deyil, həm də kiber təhlükəsizlik meydanında hədəf alınıb:
“İnformasiya hücumları və kiber təhdidlər bu gün müasir müharibənin əsas üsullarından biridir. Burada məqsəd dövlət sistemlərini sıradan çıxarmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Belə hücumların qarşısını almaq üçün bir neçə vacib addım var. İlk növbədə, kritik infrastrukturun qorunması təmin olunmalıdır. Enerji, bank və rabitə sistemlərində mütəmadi sınaqlar aparılmalı, zəifliklər vaxtında aradan qaldırılmalıdır. Bu sahələrə kiberhücum olarsa, ölkə iqtisadiyyatı və gündəlik həyat ciddi zərbə ala bilər. İkinci məsələ 24/7 monitorinq və erkən xəbərdarlıq sistemləridir. Hücumların çoxu bot şəbəkələri və avtomatlaşdırılmış proqramlarla edilir. Süni intellekt əsaslı alətlər şübhəli trafik və hücumları tez aşkarlaya bilər. Bu, zərərin böyüməsinə imkan vermir. Digər istiqamət milli təhlükəsizlik filtrləridir. Xaricdən kütləvi şəkildə yönələn saxta hesablar, spam və “DDoS” hücumları ancaq milli səviyyədə qurulmuş texniki sistemlərlə dayandırıla bilər”.
İT mütəxəssisi vurğulayıb ki, ən vacib məqam maarifləndirmədir:
“Çünki informasiya kampaniyalarının böyük hissəsi insanların psixologiyasına hesablanır. Vətəndaşlar bilməlidir ki, yayılan hər məlumat doğru deyil. Mənbə yoxlanılmadan paylaşılan saxta xəbər əslində kiberhücumun bir parçasıdır. Azərbaycan beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığını gücləndirməlidir. Hücumlar sərhəd tanımır. Digər ölkələrin təcrübəsi, texniki dəstəyi və operativ məlumat mübadiləsi müdafiəni daha güclü edəcək. Kiberhücumların tam qarşısını almaq mümkün deyil. Amma güclü texniki müdafiə, müasir texnologiyalar və ictimaiyyətin maarifləndirilməsi ilə onların təsirini minimuma endirmək olar”.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb. 

Leyla Turan 
Tarix: 06 sentyabr 2025
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş