“İslam dinində yas məclisi deyə bir anlam yoxdur. Sadəcə dəfndən sonra 3 gün yas saxlamaq ənənəsi var. Yemək süfrəsi kimi işlər sonradan istismarçı ruhani təbəqəsinin uydurub əlavə etdiyi məsələlərdir. Hələ bəziləri ölünün qılmadığı namazların da pulunu alır ki, guya ölünün əvəzindən qılacaq. Yaxud Quran xətmi oxumaq üçün pul alırlar”.
Gender.Az bildirir ki, bunu Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan yas mərasimlərindəki israfçılıq haqda danışarkən dedi.
Onun sözlərinə görə, bütün bunlar saxta və riyakar din xadimlərinin dinə əlavələridir:
“Vəfat edən müsəlmanın dəfni üçün vacibdir ki, həm maddi, həm də mənəvi yardım edilsin. Qətiyyən orada yas sahibinin hesabına oturub yemək gözləmək olmaz. Hətta vəfat edənin övladları qalıbsa, onun mirası yetim malıdır. Yetim malı yeyən də cəhənnəm əhlidir. Camaatın çoxu yasda yemək yeyərkən əslində cəhənnəmi qazanırlar. Ruhani də başda oturub aşı gözünə təpir. Demək bu nə dindir, nə də dinin əmrinə itaət”.
İlahiyyatçı bu "çirkin və dinsiz" adəti kökündən ləğv etməyin vacibliyini vurğulayıb:
“Yaxınlar, qohumlar, dostlar yas sahibinə aparıb ərzaq, yemək, pul verməlidirlər ki, ailəsinin başı qarışıq olduğu üçün qidalansınlar. Və uzaqdan gələn, xəstə olanlar üçün həmin camaatın gətirdiyi yeməkdən vermək olar. Yoxsa kütləvi şəkildə süfrə açmaq, dəm-dəzgah qurmaq olmaz, israfdır. Sonra da dəftərə pul yazdırırlar. Bəs bunun harası ehsan oldu? Ehsan pulla verilir? Sanki kafedə bir qab yemək yeyib sonra da pulunu ödəyirsən. Pul yazdıran da yemək yeyir ki, pul verirəm qoy yeyim. Bu, alverdir, ehsan deyil. Nə yemək ver, nə yemək ye, nə də pul yazdır. Pulu yas sahibinə yazdırmadan vermək lazımdır. Bu, kommunist adətidir. Ölü sahibini borclu saxlamaq üçün dəftərə yazılan pul ona yardım, kömək deyil, bir bəladır. Peyğəmbər zamanında yas evində edilən köməyi, yardımı qeyd etmirdilər. Müsəlman müsəlmana yasında yeməyi borc verməz, pulu borc yazdırmaz. Kömək edər, yardım əlini uzadar. Əgər kimsə ölüsünə ehsan vermək istəsə, onu edə bilər. Amma yas günü, dəfn günü olması vacib deyil. Əgər maddi imkanı olarsa, bir dəfə ehsan süfrəsi təşkil edə bilər. Amma bunu həmin ərəfədə etməsi lazım deyil. İslamda yas 3 gündür. Sonra xristianlardan 7-ni, yəhudilərdən 40-ı, ermənilərdən 52-ni götürüblər, adını da qoyublar yas, ehsan məclisi. Bütün bunlar hamısı yanlışdır”.
T.İrfan dəbdəbəli məzar daşları məsələsinə də toxunub və ölüyə qara daş qoymağın düzgün olmadığını bildirib: “Şəkilli, hündür qara mərmərdən qəbir daşlarını da ermənilər dəb salıb. Qara qəbir daşı erməni adətidir. Əsla ölüyə qara daş qoymaq olmaz. Onu qeyd etmək istəyirəm ki, dinimizin çox əmrləri yad adətlərlə əvəzlənib. Bunu da fars yönlü mollalar, saxta din xadimləri edib. Uzun zamandır təbliğat aparırıq, yazırıq, ancaq istismarçı ruhanilər imkan vermir ki, camaat dinin adətlərinə qayıtsın. Çünki özləri üçün yas məclislərini biznes vasitəsinə çeviriblər”.