Redaktor seçimi
    Ramiz Mehdiyev AMEA-dan çıxarılır - İsa Həbibbəyli
Xəbər lenti
Reklam
Estetik əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanacaqmı? Həkimdən açıqlama

Son illərdə estetik prosedurlara maraq xeyli artıb. Sosial şəbəkələrin təsiri, gözəllik standartlarının dəyişməsi və tibbi imkanların genişlənməsi insanların xarici görünüşlərinə daha çox diqqət yetirməsinə səbəb olur. Burun əməliyyatı, üz gərmə və digər estetik müdaxilələrə müraciət edənlərin sayı artdıqca bu prosedurların xərclərinin qarşılanması məsələsi də aktuallaşır. Hazırda tibbi zərurət daşımayan, sırf xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilən əməliyyatlar icbari tibbi sığortanın əhatə dairəsinə daxil deyil. Bu yanaşmanın nə dərəcədə əsaslı olması və estetik əməliyyatların gələcəkdə sığorta hesabına qarşılanmasının mümkünlüyü müzakirə mövzusudur.

Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatların xüsusi zərurət yarandıqda həyata keçirilməsi məqsədəuyğundur:

“Estetik əməliyyatların xüsusi zərurət yarandıqda həyata keçirilməsini məqsədəuyğun hesab edirik. Lakin tibbi zərurət olmadığı halda bu cür müdaxilələrə ehtiyatla yanaşmaq lazımdır. Bəzən keyfiyyətsiz materiallardan istifadə olunması, eləcə də botoks və digər estetik prosedurların qeyri-peşəkar şəxslər tərəfindən həyata keçirilməsi gələcəkdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də estetik prosedurlara müraciət edərkən mütləq mütəxəssisin həkimlik fəaliyyətini təsdiqləyən sənədlərinin və müvafiq sertifikatlarının olub-olmadığını yoxlamaq lazımdır”.

Onkoloq qeyd edib ki, texnologiyanın inkişafı və insanların estetik görünüşə marağının artması bu prosedurların kişilər arasında da yayılmasına təsir göstərib:

“Bu gün estetik prosedurlar, o cümlədən botoks, kişilər arasında da geniş yayılmağa başlayıb. Hətta tanış olduğum bir statistikaya əsasən, ABŞ-də son bir ildə kişilərin estetik müdaxilələrə marağının qadınlarla müqayisədə artdığı bildirilir. Beləliklə, estetik prosedurlar artıq müəyyən mənada dəbə çevrilib”.

F.Museyibov estetik əməliyyatların icbari tibbi sığorta ilə qarşılanması məsələsinə də aydınlıq gətirib: 

“Bu məsələdə əsas meyar müdaxilənin tibbi baxımdan zəruri olub-olmamasıdır. Sırf kosmetik məqsədlə həyata keçirilən prosedurlar, bir qayda olaraq, sığorta təminatına daxil edilmir. Lakin tibbi zərurət və müvafiq göstəriş olduqda vəziyyət fərqli ola bilər. Eyni yanaşma stomatoloji xidmətlərə də aiddir: bəzi bahalı materialların və sırf estetik məqsəd daşıyan prosedurların xərcləri sığorta ilə qarşılanmaya bilər. Əsas meyar müdaxilənin kosmetik məqsəd daşıması deyil, tibbi baxımdan zəruri olub-olmamasıdır”.

Nuray Mehtiyeva

Tarix: 19 oktyabr 2026
Baxış: 955

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş