Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Kreditləri ucuzlaşdırılmalı və uzun müddətə verilməlidir" - Partiya sədri yol göstərdi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft və qaz sektorunda isə 7,1 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.
Eyni zamanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft və qaz sektorunda isə 8,7 faiz artıb.
Məsələ ilə bağlı  danışan REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun təsnifatında ciddi dəyişikliklərə ehtiyac var:
“Qeyri-neft sektoru ilə heç bir əlaqəsi olmayan sahələr, o cümlədən neft və qaz sektorundan əldə olunan məhsullar bu təsnifata salınıb. Buna görə də qeyri-neft sektorunun rəqəmlərində artım müşahidə olunur.
Digər bir səbəb isə ticarətdə bir çox ödənişlərin kartlar vasitəsilə ödənilməsidir. Bu da ticarət dövriyyəsinin yüksəlməsinə təsirini göstərir. Nağd ödənişlərin də çox olması bu sektorun ÜDM-nun payına təsirini göstərir.
Tikinti sektorunda artıma gəlincə, işğaldan azad olunan ərazilər - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işləri gedir. Hər iki bölgədə yeni kəndlər, qəsəbələr, yollar və tunellər salınır, istehsalı müəssisələri tikilir və şəhərlər bərpa olunur.
Bu da qeyri-neft sektoruna aid tikinti sahəsində rəqəmlərin artmasına gətirib çıxarır. Bu ilin sonunda və gəlin ildə tikinti sektorunda artım müşahidə olunacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yerli istehsalın artması üçün investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var:
“İnvestisiya artdıqca, investorlar çoxaldıqca, yerli istehsalın həcmi daha da artacaq. İkincisi, yerli istehsalın artması üçün biznes kreditləri ucuzlaşdırılmalı və uzunmüddətli olmalıdır.
Yəni işadamlarına verilən kreditlərin müddəti 3, 5 və 7 il olmalıdır. Belə bir sistemə keçid də yerli istehsalın inkişafında mühüm rol oynaya bilər”./“Cebheinfo.az”
Tarix: 16 oktyabr 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş