Onlara ehtiram Allahın əmridir...
Yaşadığımız internet əsrində gəncliyə məsləhətlər vermək kimlərəsə bir qədər qəribə gələ bilər. Günümüzün xarakterik cəhətlərindən biri də budur ki, əli internetə çatan, sosial şəbəkədə (və ya şəbəkələrdə) “söz sahibi” olan hər kəs özünü son dərəcə bilikli, ağıllı hesab edir.
Amma insan nə qədər bilikli, nə qədər ağıllı olursa-olsun, bir atanın, bir ananın övladıdır və onun həyata gəlməyinə səbəb olmuş bu iki şəxsə son nəfəsinə qədər hörmət etməli, ehtiram göstərməlidir.
Yəni, kimlərə və nə qədər qəribə gəlməsindən asılı olmayaraq, biz bu yazımızda bütün dövrlər və bütün xalqlar üçün mühüm olan bir mövzudan, övladın valideyn qarşısındakı borcundan danışacağıq.
Söhbətə ondan başlayaq ki, hər kəs üçün valideyn Allahın seçimidir. Sən nə qədər irəli gedirsən-get, necə böyük sərkərdə, alim, rəhbər olursan-ol ömrün boyu bir ataya, bir anaya borclusan.
Uca dinimiz İslam ata və anaya böyük dəyər verir. Zəif və aciz halda dünyaya göz açan hər bir insan valideynlərinin şəfqət və mərhəmət dolu qoynunda böyüyüb həyata addımlarını atır və valideynlər də uşaqlarını boya-başa çatdırana qədər hər cür fədakarlığa qatlanırlar. Yeməyib yedirir, geyinməyib geyindirirlər. Və onlar üçün hər çətinliyə sinə gərirlər.
Allah (c.c.) Qurani-Kərimdə hər bir övlada valideyn qarşısında borcunu xatırladır: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlarla gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalsa, onlara: “Uf” belə demə, acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisini mərhəmət qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” - de” (İsra, 17/23-24).
Ayədə Allah bəndələrinə valideynləri ilə gözəl davranmağı əmr edir. Burada Allaha ibadətin vacibliyi bildiriləndən sonra valideynlə xoş rəftar əmr edilir.
Ayədə “Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalsa...” deyilir. Burada “Görəsən, belə buyurulmasının səbəbi nədir?” kimi bir sual doğa bilər. Birincisi, ayənin əvvəlində valideynə yaxşılıq etmək əmr olunur. Burada isə qocalıq dövrünə qədəm qoyan valideynlərə edilən yaxşılığın daha artıq savab qazandırdığına işarə edilir. Çünki daha çox hissləri ilə hərəkət edən, həmçinin, diqqət və qayğı uman qocalar Haqq nəzərində daha yüksək məqamda olurlar.
Qoca valideynə münasibət mövzusunda çox maraqlı söhbətlər var və biz bu məqamda o söhbətlərdən birini xatırlatmaq istəyirik:
“Baba o qədər qocalmışdı ki, artıq yeməyini doğru-düzgün yeyə bilmirdi. Qaşığı ağzına aparana qədər yeməyi ya süfrəyə dağıdır, ya da üst-başına tökürdü. Gəlinin söz-söhbətinə davam gətirməyən oğul atasını süfrədən ayırır və evin bir küncünə oturdaraq, yeməyini qarşısına qoyur. Ərinin yavaş-yavaş yumşaldığını görən gəlin təzyiqini daha da artırır və axırda onu məcbur edir ki, atasını bir səbətə qoysun və bir dağın başına aparsın. Oğul da arvadının tələbini yerinə yetirir və qayıdanda oğlunun bir dəstə çubuqla səbət hördüyünü görür. Səbəti nə edəcəyini soruşanda isə aldığı cavab onu sanki yuxudan oyadır. Oğlu deyir: “Babam qocaldığı üçün əvvəlcə onu bir səbətə qoydun və sonra da bir dağın başına apardın. İndi mən də bu səbəti hörürəm ki, qocalıb babam yaşına gələndə səni bu səbətə qoyum və bir dağın başına aparım”. Oğlunun sözlərindən xəcalət çəkən ata çox peşiman olur və atasını evə gətirərək, ona hörmətlə qulluq göstərməyə başlayır”...
Üstəlik, onu da unutmayaq ki, qırx-əlli il birgə yaşadığı ömür-gün yoldaşını itirən hər kəs, istər qadın olsun, istər kişi böyük sarsıntı yaşayır, boğucu bir boşluğa düşür. Belə bir vaxtda ən yaxın himayədar ailənin meyvəsi olan övladlar olmalıdır. Belə bir vaxtda valideyni aparıb qocalar evinə atmaq onun içindəki boşluğu doldurmaq deyil, əksinə, ona ən böyük zülmü rəva görməkdir. Ona görə də, Qurani-Kərimdə “Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalsa...” deyilir və onlara ehsan (yaxşılıq) etmək əmr olunur.
Bu ayədə “ehsan”, yəni “yaxşılıq” sözünün seçilməsi təsadüfi deyil. “Ehsan” kəlməsi “Allaha Onu görürmüş kimi ibadət etmək” mənasını da verir. Dolayısı ilə, övladlar Allahı görürmüş kimi, ibadət şüuru ilə valideynlərinə hörmət etməli, onların can-başla qayğısına qalmalıdırlar.
Qurani-Kərim ayənin davamında pərdəni daha da yüksəldərək, “Onlara “Uf” belə demə!” buyurur. Bu ayə valideynlərə edilən pis rəftarın ən kiçiyini göstərməklə daha çirkin davranışların qarşısına sədd çəkir. Məsələn, ata və ya ananın müsbət bir təklifi qarşısında övlad heç bir şey söyləməsə belə, təkcə “Uf” desə belə, bu sözlə dünyasını alt-üst etmiş olar.
Qurani-Kərim ayənin davamında pərdəni bir az da yüksəldır və, “Onlara acı söz söyləmə!” – buyurur. Yəni “Valideynləri məzəmmət etmə, onlarla və onların yanında sərt danışma” deyir.
Qurani-Kərim bu ifadələrin ardınca “Onlarla xoş danış!” deyir və övladlara ata-ana ilə davranış ədəbini öyrədir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) “Cənnət anaların ayaqları altındadır”, - buyurur. Əgər siz bu hədisi hörmət, ehtiram mənasında qəbul etsəniz, yenə xəta etmiş olmazsınız. İslam dini bizə Allah və Rəsulundan sonra ən çox ehtiram göstərməli olduğumuz şəxslərin valideynlərimiz olduğunu təkidlə təlqin edir. Əgər sizin valideynləriniz haqq dində deyilsə, yaxud da dinsizdirsə, siz yenə də onlara qarşı ədəbə uyğun olmayan davranış göstərə bilməzsiniz. Hətta bəzən siz haqqınız olan bir şeyi etmək məsələsində belə onlara tabe olmalı (hətta nə qədər ağır olsa belə) və onların istəklərini yerinə yetirməlisiniz. Bu, həm də sizin üçün bir növ bir fədakarlıq və valideynlərinizin istəklərini öz istəklərinizdən üstün tutmaq olar.
Əgər valideyn övladı haqq yoldan, yəni, İslamdan döndərmək istəsə, onda övlad onun dediklərinə etiraz edə bilər. Ancaq burada da övlad ədəb çərçivəsindən kənara çıxmamalıdır.
Unutmayaq ki, ata-ana bizim dünyaya gəlməyimizə səbəb olsa da, bizi yaradan da, yaşadan da hər şeyimizi borclu olduğumuz Allahdır (c.c.). Buna görə də, Allahın (c.c.) haqqı hər kəsin haqqından üstündür.
Əslində, bir insanın valideyn sözü ilə haqq yoldan dönməsi onun özünə də, onu bu yola təhrik edən valideynə də zülm etmək deməkdir. Allah (c.c.) bir ayədə isə belə buyurur: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) əziyyətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik çağına yetişib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı əməllər işləmək üçün ilham ver, nəslimi də mənim üçün əməli-saleh et. Mən Sənə tövbə etdim və həqiqətən, mən Sənə təslim olanlardanam!” (Əhqaf, 46/15).
Valideyn haqqı çox həssas və mühüm məsələdir. Heç kim bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər bu, sadə bir şey olsa idi, Cənabi-Haqq bu mövzu üzərində belə təkidlə durmaz və onlara hörmət etməyi əmr buyurmazdı. Ata-ananın duası övlada çox şey qazandırar, təbii ki, qarğışı da arzuolunmaz nəticələr doğurar.
Onların duasını alaq. Çünkı o dua yolumuza işıq salacaq...
Murad Məmmədov