Latın Amerikasında fəaliyyət göstərən və ispandilli auditoriyaya yönəlmiş “SoyArmenio” platformasında azərbaycanlı alim Zaur Əliyevin əleyhinə məqalə dərc olunub.
Dərc olunan məqalədə onun elmi fəaliyyəti və beynəlxalq akademik mühitdə apardığı araşdırmalar erməni diasporu tərəfindən hədəfə alınıb.
Məqalədə iddia olunur ki, Zaur Əliyev müxtəlif elmi jurnallarda dərc etdirdiyi yazılarda "Ermənistan ərazisi"ni Qərbi Azərbaycan kimi təqdim edir və regionun tarixi irsinə alternativ baxış ortaya qoyur. Platforma müəllifin fəaliyyətini “akademik pərdə altında siyasi təbliğat” kimi qiymətləndirir.
Bununla yanaşı, yazıda qeyd edilir ki, azərbaycanlı tədqiqatçı Latın Amerikası ölkələrində elmi müstəvidə aktiv fəaliyyət göstərərək Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa nail olub. Xüsusilə onun məqalələrinin müxtəlif dillərə tərcümə olunaraq yayılması erməni diasporunun informasiya təsirinə alternativ yaratdığı kimi təqdim edilir.
Materialda həmçinin vurğulanır ki, Zaur Əliyev arxiv sənədlərinə əsaslanan araşdırmaları ilə regionun tarixi ilə bağlı mübahisəli məqamları gündəmə gətirir. Bu fəaliyyətin erməni diasporu tərəfindən narahatlıqla qarşılandığı və bəzi qurumların onun yazılarının yayımlandığı platformalara təsir göstərməyə çalışdığı iddia olunur.
Məqalədə qeyd edilir ki, müəllifin əsas fəaliyyət istiqamətlərindən biri də Cənubi Qafqazın tarixi, mədəni irsi və demoqrafik dəyişiklikləri ilə bağlı araşdırmalardır. Onun xüsusilə beynəlxalq akademik jurnallarda çıxış etməsi və konfranslarda iştirak etməsi diqqət çəkir.
Zaur Əliyev isə sosial şəbəkə hesabında paylaşdığı fikirdə bildirib ki, regionun tarixi siyasi şüarlarla deyil, obyektiv elmi yanaşma ilə araşdırılmalıdır:
“Cənubi Qafqazın tarixi tək bir millətə məxsus deyil. Biz onu obyektiv şəkildə öyrənməliyik. Elmi faktları şikayətlərlə rədd etmək olmaz”. \\Hit.az