Bu yaxınlarda sosial şəbəkələrdə Quran kitabının yandırılması ilə bağlı yayımlanan görüntülər geniş müzakirələrə səbəb oldu.
Baş verən hadisəni aktual edən əsas səbəb isə bu addımın azərbaycanlı tərəfindən atılması idi. İlk dəfə idi ki, əhalisinin böyük kəsimi müsəlman olan Azərbaycanda belə xoşagəlməz hal ilə qarşılaşırdıq. Zaman-zaman dünyanın qeyri-müsəlman ölkələrində, xüsusən "demokratiyanın beşiyi" hesab olunan Avropada Quranın yandırılmasının, Məhəmməd peyğəmbərin bu və digər formada təhqir olunmasının şahidi olurduq. Bu onun göstəricisidir ki, din artıq siyasi mərkəzlərin əlində istifadə alətinə çevrilib. Azərbaycan isə dünyada dinlərə münasibətdə ən tolerant ölkə kimi xarakterizə olunur. Bu səbəbdən bir azərbaycanlının bu addımı atması müxtəlif versiyaların ortaya çıxmasına səbəb oldu və ciddi müzakirələr yaratdı. Baş verənlərə cəmiyyətin müxtəlif təbəqələrinin münasibəti də fərqli oldu. Bəziləri Quranı yandıran şəxsin psixoloji problemləri olduğunu, digərləri onun ateist və cahil olduğunu, digər qrup insanlar isə baş verənlərin təxribat olduğu versiyasını irəli sürürlər.
Baş verənləri dərindən təhlil edərkən məhz təxribat versiyasının ağlabatan olduğu ortaya çıxır. Niyə məhz təxribat?. Quranı yandıran şəxsin Elxan Nəbiyev adlı birisi olduğu və Azərbaycandan kənarda yaşadığı aşkara çıxıb.
Baş verənlərin xaricdən idarə olunan siyasi mərkəzlər tərəfindən təşkil olunması şübhə doğurmur. Ssenari üzrə qısa zaman kəsiyində bütün sosial platformalarda yayılması təşkil olunub. Elxan Nəbiyev adlı şəxsin hadisədən sonra yoxa çıxması və ölkəyə qayıtmaması da bir çox mətləblərdən xəbər verir. E. Nəbiyev ona verilən tapşırığı yerinə yetirib.
Amma bunun ardınca bəzi dairələrin gözləntiləri özünü doğrultmadı. Azərbaycan ictimaiyyətinin siyasi ayıq-sayıqlığı özünü bir daha göstərdi. \\Musavat.com