Son dövrlər mediada tez-tez yer alan məsələlərdən biri də 2025-ci ildə pensiyaların nə qədər artacağıdır. Xüsusilə də qiymətlərlə bağlı baş verənlər bu mövzunu daha da aktuallaşdırır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir.
Gələn il pensiyalar nə qədər arta bilər?
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pensiyaların artırılması dedikdə, əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərdə tutulur. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Sadə dildə desək, əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. Proses ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə həyata keçirilir.
2024-cü il isə hələ yekunlaşmadığından ortaaylıq əməkhaqqının illik artım göstəricisi məlum deyil. Lakin əvvəlki illərin təcrübəsi onu göstərir ki, işçilərin əməkhaqlarındakı artımlar əsasən ilin əvvəlində olduğundan statistik göstəricilər də bu dövrdə formalaşır. Sonrakı müddət illik nəticəyə ciddi təsir etmir.
Məsələn, 2023-cü ilin yanvar-may aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz, yanvar-dekabr aylarında isə ötən ilin eyni göstəricisinə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ilin 5 ayının göstərici ilə 12 ayının göstəricisi arasında cəmi 0,1 faiz bəndi fərq olub.
2024-cü yanvar-may aylarında isə ortaaylıq əməkhaqqı artımı 9,4 faiz təşkil edib. Bu baxımdan yanvar-dekabr ayları üzrə artımın da bu göstəriciyə yaxın olacağını demək mümkündür. Nəticə etibarilə gələn il əmək pensiyalarının 9-10 faiz aralığında indeksləşdiriləcəyini təxmin etmək olar.
Beləliklə, cari ildə ortaaylıq əməkhaqqı 10 faiz artarsa, hazırda 300 manat pensiya alan şəxsin pensiya məbləği 2025-ci ildə 30 manat artaraq 330 manata yüksələcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğləri də eyni qaydada artmış olacaq.
2024-cü ildə inflyasiyanın 2,7 faiz olacağı proqnozlaşdırılır. Bu da gələn il üzrə əmək pensiyalarının artımının inflyasiyanı bir neçə dəfə üstələyəcəyi deməkdir.
Pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması təsir edir. Belə ki, minimum pensiya məbləği əmək pensiyalarının bu göstəricidən az olmamasını nəzərdə tutur.
Pensiyaların minimum məbləği sonuncu dəfə 2023-cü ilin fevralın 1-də artıb və 280 manata çatdırılıb. Minimum məbləğ "Əmək pensiyaları haqqında" Qanuna dəyişiliklik edilməklə artırılır. Lakin yaxın müddətdə minimum pensiya məbləğinin artırılcağı barədə hər hansı məlumat yoxdur.