“Ümumən onkoloji xəstəliyin sonuncu mərhələlərində dözülməz şiddətli ağrılar olur. Bu, doğrudan da şəxsin çətinliklə tab gətirəcəyi ağrı və çətinlik mərhələsidir. Belə hallarda hətta həkim resepti ilə narkotik tərkibli ağrıkəsicilərin istifadəsi ölkəmizdə də leqal sayılır. Əlbəttə, Ağadadaş Ağayevin həkimi ilə də danışmaq lazımdır ki, o, xəstəliyin hansı mərhələsindədir. Ən yumşaq ifadə ilə belə deyək, bu tip xəstələr ölümün gəlmə sürətini bəyənmirlər deyə özülərinə birbaşa xətər yetirməyi, bəlkə də, dini anlamda doğru hesab etmirlər, ya da buna gücləri çatmır. Doğrudan da, deyildiyi kimi əvvəlcə tibb bacısı çağırılıbsa, o da gəlməyibsə, Ağadadaş Ağayev əlinə balta alıb mühafizəçinin üstünə gəlibsə, ehtimal olunan situasiyalardan biri də budur ki, şəxsin istəyi “kaş kimsə hirslənib mənə baltanı vura, məni öldürə, bu ağrılardan canım qurtara” olub. Bu rəyi vermək üçün mütləq onkoloji xəstəliyin hansı mərhələdə olduğunu həkimdən dəqiqləşdirməliyik. Həqiqətən sonuncu mərhələlərdirsə, şəxsin şiddətli ağrılarının olması, hadisəni də məhz bu motivdə törətməsi ehtimalı yüksəkdir”.
Bu sözləri Pravda.az-a tanınmış psixoloq Əfsanə Rüstəmova Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ın qarşısında balta ilə törətdiyi insidentə rəy verərkən deyib.
Psixoloq bildirib ki, bu tip görüntülərin mediada aşkar şəkildə paylaşılmasını doğru hesab etmir: “Videodan görünən qədəri ilə mühafizə əməkdaşı insident törədən şəxsi zərərsizləşdirmək üçün ona ağır xəsarət də yetirə bilərmiş. Hüquqi tərəfdən baxsaq, Ağadadaş Ağayevə qarşı zorakılıq olduğunu yox, mühafizəçinin özünü qorumaq məqsədilə onu zərərsizləşdirdiyini görürük. Belə məqamlarda qarşı tərəfin bizə və ya ətrafa zərər yetirəcəyini ehtimal ediriksə, polisə müraciət edirik. Bu cür məqamlarda hətta polis əməkdaşlarının belə şəxsləri öldürmələri də mümkün olur. Bu kimi hadisələrə rəy verərkən bütün detalları bilmək lazımdır. Bəzi detallardan təktərəfli xəbəri olub hadisəyə rəy verməyi qeyri-peşəkar hesab edirəm. Mənim üçün hələ də bir sıra nüanslar aydın deyil. Hadisənin bizə göstərilən tərəfi budur ki, bir nəfər ayaqyalın, müvazinətini saxlaya bilmədiyi halda əlində soyuq silahla başqa birinə tərəf qaçmağa başlayır. Buradakı əsas məqam qarşı tərəfin fiziki anlamda müqavimətini saxlaya bilməməsidir və bu detal gözdən qaçmamalıdır. Təkcə bu belə başa düşməyimizə əsas verir ki, videodakı hadisədən öncə də nəsə yaşanıb. Nəzərə almaq lazımdır ki, əsasən də medianın tanıdığı, xalqın sevigisi ilə bir yerlərə gəlmiş insanlar qazandıqları reputasiyanı itirməmək üçün əllərindən gələni edirlər. Yəni bunu itirmək üçün heç nə etməzlər. Videoda diqqət etdinizsə, Ağadadaş Ağayev müvazinətini saxlaya bilmir, bir dönəm sonra yıxılır, qalxanda da yenə səndələyir. Bu kiçik kadr bizə onun sağlamlıq və ya psixoloji, ümumən fizioloji vəziyyətinin yerində olmadığına dair rəy verməyə əsasdır. Digər önəmli məqam budur ki, mühafizəçi Ağadadaş Ağayevin belə bir xəstəliyi olduğunu bilirsə... Biz detalların hamısını hamıya görə yadımızda saxlaya bilmərik. Bizim mühafizəçidən gözlədiyimiz anlayışlı olmaq dərəcəsi, düşünürəm, böyük bir dərəcədir. Nəzərə alaq ki, mühafizədə işləyən şəxslərin də kimlikləri, dünyagörüşləri, təhsilləri və s. aşağı-yuxarı bizə bəllidir. Cəmiyyət arasında Ağadadaş Ağayevin xəstəliyi, yaşı barədə rəy verilirsə, mühafizəçinin öz yaşı da kifayət qədərdir. Ən azından videodan görünən budur. O özünü qorumaq məqsədilə aktı yerinə yetirmiş də ola bilər. Bəli, sonra dayanıb hüquq-mühafizə orqanlarına xəbər verə bilərdi, amma biz hələ tam bilmirik ki, Ağadadaş Ağayev yıxılandan sonra durub yenidən soyuq silahı əlinə götürəcəkdi, ya yox. Bu, işi şansa buraxmaq olardı. Belə məqamlar bizə insan həyatının nə qədər ani dəyişə biləcəyini və kimliyindən asılı olmayaraq insanlarla ehtiyatlı davranmaq lazım olduğunu bir daha sübut edir”.
Psixoloq hadisə zamanı ətrafdakı şahidlərin soyuqqanlı davranmasını isə belə qiymətləndirib: “Ətrafdakıların heç bir müdaxilə etməmələri və ya soyuqqanlı yanaşmaları əslində insanların ani təhlükə halında nə etmələri barədə məlumatsız olmalarından qaynaqlanır. Yəqin ki, bizdə hüquq sisteminin iş prinsipi insanların düşündüyü kimi deyil. Yəni insanlar bilmirlər ki, belə məqamlarda müdaxilə etsələr, hər hansı hadisəyə ortaq olmuş olarlar, yoxsa yox. Buna görə də insanları maarifləndirmək, məlumat vermək lazımdır ki, belə məqamda müdaxilə etsəniz, iştirakçı, şahid olsanız sizi hansı situasiyalar gözləyir. Videoya baxanda kənardan bilgisizliyin, bir az da hüquq-mühafizə orqanlarından qorxunun gətirdiyi soyuqqanlılıq, müdaxilə etməmək müşahidə olunur. Bu da çox təbiidir. Yaşadığımız coğrafiyanı nəzərə alsaq, düşünürəm, böyük əksəriyyət belə edərdi. Və ya doğru olan da məhz belə etməkdir. Əgər məşhur olan tərəfin hekayəsinə fokslansaq ki, adam xərçəngdir, qulağından yeni əməliyyat olunub, yaşlıdır, ağsaqqaldır, ölkənin məşhur etdiyi səs sənətçisidir... Yəni hekayəyə fokslanıb qalsaq, hadisəyə real rəy verə bilmərik, əlbəttə ki, ürək ağrısı ilə məşhur olan tərəfi dəstəkləyərik. Haqq-ədalətin də ondan yana olmasını istəyərik. Lakin haqq-ədalət neytral qalanda bərpa oluna bilir”.
Ə.Rüstəmova hadisə ilə bağlı yayılan videonun yarımçıq olduğunu düşünür: “Ağdadaş Ağayevin birinci həmlədən ayaqyalın, əlində soyuq silah gətirə bilmə ehtimalı var. Eyni zamanda videondan görünür ki, hələ onun özünü idarətetməsi tam yerində deyil. Bu halda olan birinin belə addım atmasına mənim təcrübəmdə hələ rast gəlinməyib. Deməli, yayılan videonun əvvəlində daha fərqli insident var və sonrasında bu hadisə yaşanıb. Yəqin ki, hüququn rəyi də əslində bu ehtimalı dəstəkləyir. Buna görə də tərəflərdən biri nəzarətxanada, biri isə evində sorğusunu davam etdirir. İstənilən halda hadisəyə real rəy vermək üçün bütün mərhələləri bilməliyik. Amma nəzərə alaq ki, media bizə ancaq görməyimizi istədiyi, yaxud bildiyi tərəfi göstərir. Bu mövzuda kütlənin rəy verməsini ümumən doğru hesab etmirəm. Kütlə mövzunu müzakirə belə etməməlidir. Kütlə müzakirə etməlidir ki, biri bizə soyuq silahla yaxınlaşarsa, özünümüdafiə məqsədilə qarşı tərəfə zərər vermək, yaxud müdaxilə etmək hüquqi anlamda cəza gətirə bilərmi? Bu tip xəstə, əməliyyatlı, özünü tam idarə edə bilməyən şəxslərin çöldə ailə üzvləri və ya nəzarətçiləri olmadan gəzmələri nə qədər doğrudur? Kütlə bu mövzular haqqında fikir bildirsə, cəmiyyətin daha doğru formalaşmasına kömək edər, nəinki “el ağsaqqalıdır, xalq sənətçisidir” kimi emosional rəylər bildirərək. Düşünürəm, bu cür ifadələr həqiqətin yolunu dəyişməyə xidmət edir. Mühafizəçi cəza alacaqsa, hadisənin tərcüməsi bu olacaq ki, sabah kimsə bizə də əlində silahla hücum etsə, biz də özümüzü qorumaq məqsədilə ona hər hansı zərər yetirsək, onda çox sayda belə hadisələr ola bilər. Çünki Azərbaycanın yarısı eyni psixoloji simptomlardan əziyyət çəkir. Əslində tanınmış şəxsin birinin bu addımı atması gündəm yaradan hadisədir. Həssas və diqqətli rəy vermək lazımdır, çünki nümunə məqsədli hekayəyə çevrilə bilər...”