Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“İran-Azərbaycan münasibətlərinin bir “sehrli çubuq”la dəyişəcəyi real deyil” - QULU MƏHƏRRƏMLİ

İki ölkə arasında soyuq münasibətlərin qaldırılmasında yeni prezidentin müəyyən təsəlliverici, ümidverici rolu ola bilər”
İranda keçirilən prezident seçkiləri Azərbaycanda da böyük maraqla izlənildi. Çünki seçkinin favorit namizədləri arasında hər zaman özünü Azərbaycan türki kimi təqdim edən və türk olması ilə fəxr etdiyini açıq şəkildə dilə gətirən Məsud Pezeşkiyan da var idi. Hansı ki, gözlənildiyi kimi, o, İranın yeni prezidenti seçildi. Maraqlıdır ki, Məsud Pezeşkiyanın prezident seçilməsi İran-Azərbaycan münasibətlərində nə kimi dəyişikliklərə səbəb olacaq?
Bu və digər suallara tanınmış jurnalist, siyasi icmalçı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Qulu müəllim, uzun illərdir ki, İranla Azərbaycan arasında “soyuq yellər” əsir. Necə düşünürsünüz, Məsud Pezeşkiyanın prezident seçilməsi bu “soyuq yellər”i Azərbaycana qarşı isti münasibətlə əvəz edə bilər?
- Bəli, indiki şəraitdə İranla Azərbaycan arasında münasibətlər bütün qarşılıqlı yaxşı jestlərə baxmayaraq, hələlik müəyyən dərəcədə gərgindir. Və bu gərginlik təbii ki, birinci növbədə Qafqazda gedən geopolitik proseslərlə bağlıdır. Çünki burda artıq oyunçuların rolu dəyişir. Vəziyyət dəyişir. 10 il əvvəl, 20 il əvvəlki situasiya tamamilə yeni dinamik xarakter alır.  Dəyişmələr baş verir. Yəni burda Rusiyanın mövqeyi zəifləyir. Təbii ki, buna adekvat olaraq İranın da bölgəyə təsir imkanları məhdudlaşır. Belə olduğu halda İran doxsanıncı illərin əvvəllərindəki situasiyanı Azərbaycanda bərpa etməyə çalışır. Çünki o vaxt Azərbaycan müstəqilliyinə qovuşanda çətin seçimləri var idi. Bölgədə islam amili parlaq şəkildə özünü göstərirdi. Və Azərbaycanın düşdüyü ağır vəziyyətdən istifadə edən İran bölgədə söz sahibi olmağa çalışırdı, təbii ki, Rusiya ilə eyni platformada çıxış edərək.
Digər tərəfdən, bəllidir ki, İran İslam Respublikası tarixən Azərbaycanın müstəqilliyinə, onun istiqlalına çox böyük təhlükə kimi baxır. Yəni, təəssüf ki, Azərbaycanın bölgədə güclü dövlət olmasına çox qısqanclıqla yanaşır. Ona görə, bax, indiki halda proseslər, oyunçuların durumu, bölgədə söz sahibləri tədricən dəyişir, ağırlıq mərkəzi artıq Rusiyadan Qərbə keçməyə başlayır. Düzdür, bu keçid hələlik bir proses kimidir. Amma hər halda görünən odur ki, Gürcüstana olan təsir, Ermənistanla Amerika arasındakı münasibətlər, Avropa itiffaqı ilə Ermənistan arasındakı isti münasibətlər, eləcə də Türkiyə ilə Ermənistan arasında başlanmaqda olan dialoq rüşeymləri - hamısı yeni "əsən küləklərdən" xəbər verir. Bu küləklərin heç biri İranın xeyrinə deyil.
- Niyə?
- Çünki İran uzun illərdir ki, Rusiya ilə birgə Qərbin maraqlarına qarşı olan ölkələri qalxan kimi istifadə edir. Ona görə də, 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazilərini işğaldan xilas etməsi özünə tamamilə parlaq müttəfiqlər tapması, Qarabağ məsələsində İranın tutduğu əməli mövqe - bunların hamısı, əlbəttə ki, xarici siyasətin yaddaşında parlaq şəkildə qalır. Bu səbəbdən də qarşılıqlı iddialar, qarşılıqlı iradlar var. Birinci növbədə, Azərbaycanla İsrail arasında yaxşı münasibət İranın qəbul etmədiyi bir faktordur. Azərbaycanın Qərblə, Birləşmiş Ştatlarla münasibətləri İran, eləcə də Ermənistan üçün arzu olunmayan bir situasiyadır. Bax, bunların hamısı toplu halında İranı narahat edir. Bu narazılıqlar fonuda İranın Ermənistana etdiyi köməklik də real faktlardır.
- Bəs bunları necə aradan qaldırmaq olar?
- Yeni prezident seçilib. Düzdür, o, İran xarici siyasətində radikal dəyişikliklər etməyə qadir olmasa da, amma ümidlər var. Nəyə görə ümidlər var? Çünki bölgədə vəziyyətin dəyişməsində İranın özü də maraqlıdır. Onun apardığı yanlış xarici siyasət İranı qonşuların hamısıyla demək olar ki, düşmən edib, Ermənistan istisna olaraq. İndi isə bölgədə vəziyyətin dəyişməsi, o cümlədən Azərbaycanla münasibətin dəyişməsi xarici siyasətin diqtəsi və məntiqi baxımından İranın da özünün xeyrinədir. Ona görə də burda yeni seçilmiş prezident Məsud Pezeşkiyan bir katalizator rolunu oynaya bilər. Və bu, real görünür. İki ölkə arasında soyuq münasibətlərin qaldırılmasında yeni prezidentin müəyyən təsəlliverici, ümidverici rolu ola bilər. Və mən buna müəyyən dərəcədə inanıram.
- Sevindirici hal odur ki, İranın yeni prezidentinin əslən azərbaycanlı olduğu deyirlər. Sizcə, bu amil də ölkələrimiz arasında münasibətlərin düzəlməsinə təkan verə bilərmi?
- Elə suallar var ki, onlara dəqiq cavab vermək üçün İranı mütləq içəridən tanımaq lazımdır. Nəzərə almalıyıq ki, siyasi sisteminə, cəmiyyətin sosial qatlarının düzümünə və idarəçilik ənənəsinə görə İran xeyli mürəkkəb ölkədir. Yəni burada hansısa ənənəvi-daşlaşmış siyasi parametrin dərhal dəyişməsi inandırıcı deyil. O cümlədən, sabahdan İran-Azərbaycan münasibətlərinin bir “sehrli çubuq”la dəyişəcəyi real deyil. Amma, əvvəl də dediyim kimi, buna ümidlər var və həmin ümidlərin gerçəkləşməsi daha çox zamana və bölgədə gedən proseslərə bağlıdır.
Bilirsiniz, İranın yeni prezidentinin etnik baxımından Azərbaycandan olması, Türk olması - bu seçkiqabağı əhəmiyyət daşıyan faktordur. Seçici istəyini coşdurmaq, kütləni ayağa qaldırmaq, milyonlarla insana ümidverici mesajlar vermək - bunlar seçkiqabağı kampaniyanın ab-havasından irəli gələn bir şeydir. Amma tutaq ki, İran prezidentinin fars, kürd, qaşqay türkü olmasının heç bir əhəmiyyəti yoxdur. O, klassik İran siyasətinin daşıyıcısı, onun reallaşdırıcısıdır. Bu baxımdan, hesab etmirəm ki, hansısa radikal bir dəyişikliklər ola bilər. Amma yenə də deyirəm, yeni giosiyasi reallıqlar müstəsna hal kimi İranın xarici siyasətinə, o cümlədən Azərbaycanla İran arasında, İranla Türkiyə arasında, İranla Pakistan arasında, İranla Orta Asiya respublikaları arasında müəyyən dərəcədə yumuşaldıcı bir faktor ola bilər. Bu da, Qərb üçün islahatçı kimi görünə bilər. Necə ki, vaxtında Hatəmini Amerika islahatçı kimi qəbul edirdi. Hatəminin Amerika xalqına müraciətində o vaxt bir çox ümidverici tezislər verilirdi. Bu iki ölkə arasında münasibətlərin düzəldilməsinin mümkünlüyünə işarələr vurulurdu. Amma təəssüf ki, onlar sonrakı proseslərdə özünü doğrultmadı. Niyə? Çünki İran bir başqa dövlətdir. İran qədim bir imperiyanın yerində qurulmuş, ondan geopolitik varisliyi qəbul etmiş bir dövlətdi. Üstəlik, indi islam faktorunun, dini faktorun siyasətə aktiv şəkildə müdaxilə etməsi bir çox ölkələrlə, o cümlədən Qərblə İran arasında böyük uçurum yaradır. Bu, necə həll olunacaq? Mənə elə gəlir ki, bununla bağlı yaxın gələcəkdə ümidverici nəsə demək çətindir.
- Adətən belə fikirlər səslənir ki, İranda siyasi hakimiyyətdə kim olmasından asılı olmayaraq, ölkəni molla rejimi, yəni Xamenei və onun komandası idarə edir. Yeni prezidentin dönəmində də bunun belə olacağını düşünürsünüzmü?
- Bəli, İran konistutsiyasına görə İranın ali idarəetmə orqanı Ali Dini Şuradır. SEPAH generallarıdır, hərbçilərdir. İran dövlətinin əsasını qoruyan bunlardır. İsrailə qarşı vuruşan bu qüvvədir. “Hizbullah”a kömək edən bu rejimdir. Suriyada Əsədi taxtda saxlayan bu qüvvədir. İraqda, Suriyada İranyönlü qüvvələrin saxlanılmasına dəstək verən bu qüvvədir. Milyon dollarlarla vəsaiti həmin qüvvələrə ayıran məhz bu qurumdur. Ona görə, dövlətin həm xarici, həm daxili siyasətinin əsasında qərarları Ali Dini Şura verir ki, ona da Xamenei rəhbərlik edir. Onların da siyasəti "əsən küləklərə" görə dəyişmir. Yəni burda hər şey yeni prezident Məsud Pezeşkiyanın nə dərəcədə çevik, nə dərəcədə manevr gücü olmasından asılıdır. O, Ali Dini Şuranı inandıra bilsə ki, indiyə qədər aparılan siyasət qonşuları, aparıcı qüvvələri İran dövlətinə qarşı düşmənə çevirib, tədricən bu siyasəti dəyişmək lazımdır, o zaman yeni dəyişikliklərə ümid etmək olar. Amma hesab edirəm ki, əgər çox kəskin dəyişikliklər olacaqsa, bu, İrandakı indiki molla rejimi ilə yeni prezident arasında müəyyən çatların əmələ gəlməsinə, mahiyyət etibarilə yeni helikopter qəzalarının baş verməsinə səbəb ola bilər. Bu, İran siyasətinin görünən tərəfləridir.
- Əhalisinin 40 milyon nəfərindən çox türk olan İran İslam Respublikasının gələcəkdə Türk Dövlətləri Təşkilatında təmsil olunmaq ehtimalını görürsünüzmü?
- Əlbəttə, İrandakı türklərin sayının hər halda 30 milyondan aşağı olmaması fakdır. Amma mən inanmıram ki, İran İslam Respublikası gələcəkdə Türk Dövlətləri Təşkilatında təmsil oluna bilər. Belə bir ehtimal, ümumiyyətlə, ağlasığan deyil. Çünki bir tərəfdən İranla müqayisədə demokraktik Türkiyə, o biri tərəfdən demokratiya ilə bağlı problemlərinə baxmayaraq, tamamilə Qərbyönlü siyasət seçmiş Azərbaycan - bunlar İran üçün müəyyən dərəcədə qorxu yaradır. Ona görə də İranın türk amili üzərində siyasət qurması, bunla bağlı strateji nöqtələri yaxınlaşdırması ağlabatan görünmür. Əlbəttə, İran istər İslam Konfransı Təşkilatında, İslam Əməkdaşlıq Şurası kimi beynəlxalq qurumlarda Azərbaycanla, digər İslam ölkələri ilə, o cümlədən də Türkiyə ilə bir masa arxasında əyləşir. Bəzi kiçik humanitar məsələlərdə, dini təəssübkeşlik məsələlərində İranla Azərbaycanın, Türkiyənin siyasətinin ortaq nöqtələri var. Amma geniş mənada, geopolitik proseslərdə İranın Türkiyədən də, Azərbaycandan da narazı qaldığı bir çox məqamlar var. Bu narazılıq da İranın özünün xarici siyasətindən, onun yanılış qurulmuş dövlət siyasətindən qaynaqlanır. Ona görə də, hesab edirəm ki,burda İranı Türkiyə ocağının başına çəkmək, Türkiyə ocaqlarının yaxınına gətirmək heç də sadə məsələ deyil.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI


Tarix: 11 iyul 2024
Baxış: 116

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş