Bu gün azyaşlı uşağın çipsdən zəhərlənib ölməsi ilə bağlı məlumat yayılıb.
Gender.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi TƏBİB birgə məlumat yayılıb.
Məlumatda bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.
“İlkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub. İyunun 9-u saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, iyunun 9-da saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb”, - məlumatda bildirilib.