Mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gender.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində baş vermiş hadisə ilə əlaqədar müəssisənin texnoloqu, Türkiyə vətəndaşı Atıf S. təqsirləndirilib.
Məhkəmədə mərhum Nurlan Cəbrayılovun ailə üzvləri bildiriblər ki, o, müəssisədə mühafizəçi kimi işə götürülsə də, heç bir təhlükəsizlik tədbirləri görülmədən təhlükəli istehsalat prosesinə qanunsuz olaraq cəlb edilib. Həmçinin Nurlan orada üç aydan artıq müddətdə çalışsa da, onun əmək müqaviləsi hadisədən sonra elektron sistemə daxil edilib və bununla da o xeyli müddət qanunsuz olaraq işləməyə məcbur edilib. Zərərçəkən tərəf texnoloqla yanaşı, MMC-nin təsisçisi və rəhbəri olan Etibar Baloğlanovun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
O da bildirilib ki, N.Cəbrayılov hadisə vaxtı, saat 23 radələrində gübrə istehsalı məntəqəsində tək olub və Atıf telefon vasitəsilə onu yönləndirib. Bu zaman gübrə məhlulu Nurlanın üzərinə tökülüb və onun bədəninin 80 faizindən çoxu yanıb. Ağır xəsarət alan gənc Bakıdakı ixtisaslaşmış xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.
Türkiyəli mütəxəssis Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun bir il müddətə texnoloq qablaşdırıcı vəzifəsi tutması da qadağan edilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.