"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.
Bunu mətbuata açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bəs görəsən nəzərdə tutulan dəyişikliyin əsas səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu, əslində, yenilik deyil və praktikada uzun müddətdir tətbiq olunur:
“Əslində, bu yenilik deyil və bizdə artıq 10 ildən çoxdur ki, belə bir praktika mövcuddur. Hökumət ilin əvvəllində daha konservativ büdcə qəbul edir və neftin qiymətini daha aşağı həddə götürür. Çünki ehtimal edilir ki, il ərzində hansısa nəzərdə tutulmayan hadisələr baş verə bilər. Bu zaman büdcədə problem yaranmasın deyə daha konservativ yanaşma ilə büdcə qəbul olunur. 5-6 ay sonra neftin qiymətindəki dinamikanı nəzərə alaraq, büdcəyə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi göndərilir. Bu ilk deyil və bundan öncə dəfələrlə belə yanaşma olub. İndi də çox güman ki, neftin büdcədə götürülmüş qiymətinin artırılması ilə bağlı ilkin qərar olacaq”.
Ekspert büdcəyə ediləcək dəyişikiyin sosial istiqamətdə müəyyən artımlara təsir edə biləcəyini də istisna etməyib:
“Düşünürəm ki, 70-75 dollara qədər qiymətin artırılması ilə bağlı qərar veriləcək. Qiymət artımından sonra, Neft Fondunda yığılmış vəsaitin büdcəyə köçürülməsi ilə bağlı qərar olacaq. Xərc istiqamətlərini indidən söyləmək çətindir, amma hər bir halda sosial istiqamətdə də müəyyən artımların olması nəzərdə tutulur. Məsələn, bu il təqaüdlər artırılsa da, minimum əməkhaqqı artırılmadı. Ola bilər ki, minimum əməkhaqqının artırılması ilə bağlı qərar olsun”.