"Nişan və toy məclislərində ər-arvada ayrıca hədiyyə edilən əmlaklar da ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qərarda öz əksini tapıb".
Gender.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, əgər hədiyyə ər-arvada ayrı-ayrılıqda hədiyyə edilirsə, onların ayrıca əmlakı sayılır:
"Bu zaman həmin əşyalar onların şəxsi əmlakı hesab edilir və ümumi əmlak bölgüsündə nəzərə alınmır. Birlikdə, yəni ailəyə hədiyyə edilən, bağışlanan əşyalar istisnadır. Məsələn, nişan dövründə gəlinə, bəyə verilən hədiyyələr onların ayrıca əmlakı sayılır".
"Nikah dövründə ailənin ümumi əmlakının bölünməsi də çox vacib məsələlərdən biridir. Tərəflər bunu nikaha daxil olan zaman nikah müqaviləsi ilə tənzimləyə bilərlər. Qanunvericilik buna şərait yaradır. Ər-arvad nikah müqaviləsi ilə əmlak rejimini müəyyən edə bilirlər. Qanun buna ər-arvadın əmlakının müqavilə rejimi deyir. Müqavilə rejimində tərəflər birgə nikah dövründə əldə ediləcək əmlakların taleyini həll edə bilərlər.
Məsələn, tərəflər nəzərdə tuta bilərlər ki, nikah dövründə əldə edilən əmlak kimin adına qeydiyyata alınırsa, o, artıq onun özünün sayılsın. Qanunla bu, mümkündür. Yox, əgər tərəflər nikah müqaviləsi bağlamayıbsa, ər-arvadın mülkiyyəti qanuni rejimdə hesab edilir. Qanuni rejimə görə birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində ər-arvadın bərabər payları tanınır. Mübahisə halında tərəflər məhkəməyə müraciət edirlər. Daha çox məhkəməyə daşınmaz əmlaklar, qeyri-yaşayış sahəsi, avtomobillər üzərində payların müəyyən edilməsi ilə bağlıdır. Bu gün mövcud təcrübəyə görə həmin əmlaklar üzərində ər-arvadın 1/2 payı təmin edilir.
Daha bir məsələ tərəflərin birgə nikah dövründə birdən artıq ümumi əmlakının olmasıdır. Bu gün məhkəmə təcrübəsində əmlak bölgüsündə iki mülk varsa, hər iksində 1/2 pay müəyyən edir. Lakin plenum qərarda məhkəməyə tövsiyə edilir ki, ər-arvadla danışıqlar aparıb əsl istəklərini dəqiqləşdirsinlər. Daha sonra tərəflər əmlakın tam ayrılmasını istəyirsə, bütün əmlakların dairəsi müəyyən edilsin. Buraya həm aktiv, həm passiv həm hüquqlar, öhdəliklər, həm də əşyalar daxildir. Yekun olaraq tərəflərin payları müəyyən edildikdən sonra həmin paya müvafiq olaraq bütün əşyaların tərəflər arasında bölünməsi təmin edilməlidir. Bu tərələr arasındakı mübahisənin tez həllinə, məhkəmənin yükünün azalmasına səbəb olmaqla yanaşı, bir prosesin içərisindən fərqli digər proseslərin yaranmasının da qarşısını alacaq".