"Qaynana" rolu ilə sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan aktrisa Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə ildə Bakıda doğulub.
Atası Kərbəlayi Cahangir tanınmış tacir və sevimli aktyor idi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci Dünya müharibəsndə həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin, sonradan bu izdivac baş tutur. Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayıb evə gətirir. Onun qayğısına qalır. Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım”.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Görkəmli aktrisa ömrünün altmış ildən artıq bir dövrünü milli teatr sənətinin inkişafına həsr etmişdir. O, geniş diapazonlu sənətkar kimi bu illər ərzində doğma teatrın səhnəsində, kinofilmlərdə və televiziya tamaşalarında çox sayda obrazlara səhnə həyatı vermişdir. Milli teatr tarixinin yetirdiyi böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qalan Nəsibə xanım bütün səhnə həyatı boyu yüksək peşəkarlıq, müasirlərin mənəvi aləminə dərindən nüfuz edə bilmək və zamanın ruhunu gözəl əks etdirmək bacarığı nümayiş etdirmişdir. Aktrisa teatrda “Qızılaxtaranlar”, “Rəisin arvadı”, “Hacı Kərimin aya səyahəti”, “Həmşəxanım”, “Sevindik qız axtarır”, “Hicran” tamaşalarında uğurlu obrazlar ifa edib. Nəsibə xanım kinoda da bir-birindən maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır.
Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir. Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur. Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənir. Nəsibə Zeynalova sonuncu dəfə aktyor Cahangir Novruzovla "Əmanət" tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.
Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov)
Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),
Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),
Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),
Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Mahmudu ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "Olmadı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),
Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),
Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),
Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),
Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu)
Son olaraq qeyd edək ki, aktyor Cahangir Novruzovun anası, Nəsibə Novruzovanın nənəsidir. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Müəllif: Sevilin Abbasova