"Valideynlər övladlarına məni nümunə göstərir ki, narkotiki tərgitmişəm. Amma bu fəxr ediləsi bir şey deyil. Böyük iş görməmişəm ki, tərgidib qürurlanım. Kiməsə yaxşı əməllərimlə təsir edə bilmişəmsə, nə xoş mənim halıma".
Gender.Az Faktmedia.az-a istinadla xəbər verir ki, bu sözləri bir vaxtlar narkotik aludəçisi olan meyxanaçı Rüfət Nasosnu "Bizimləsən" verilişində deyib. Sənətçi bir neçə il əvvəl pis vərdişinə görə ona öləcəyi vaxtın da açıqlandığını bildirib:
"1994-cü ildə təhsilimə görə ailəmdən uzaq düşdüm. Sumqayıtdan Lənkəran gəldim. O dövrdə narkomaniyaya qarşı belə mübarizə yox idi. Cavanlıq, atadan və anadan uzaq qaldım. 90-cı illər çətin dövrlər idi. Qazanmaq, ailə saxlamaq bir az problem idi. Ailəmdən aralı düşdüm və həzz axtarmağa başladım. İnsanlar var ki, həzzi oxumaqda, yardım etməkdə, maşın sürməkdə tapır. Elələri də var ki, səhv istiqamətə yönəlir. 17-18 yaşında mənim kimi bilmədən macəra axtarmağa başlayır.
Narkomanların ən pis cəhəti odur ki, onlar paxıl olurlar. Tərgidən adamın həmişə ətrafında dolanırlar. Çoxunda da iradə zəif olur. Atamın vəfatından sonra evin xərclərini qarşılayan yox idi. Anama deməyəcəkdim ki, pul qazan. İnsanın mənəviyyatı olmalıdır. Nəfsdən başqa vicdan da olmalıdır. Ağıl işləməyəndə vicdan cərəyan kimi onu ayıldır. Qərara gəldim ki, etməyəcəyəm. Bir həkim dostum var, avqustda mənə diaqnoz qoymuşdu ki, martda öləcəksən. Onun diaqnoz qoyduqlarının 99 faizi ölüb. Elə oldu ki, il yarımdan sonra toyda görüşdük. Şok keçirdi ki, necə sağaldım. Bir günün içində hər şeyə nöqtə qoydum".