Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb etməkdə ittiham olunan Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Gender.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin icraatındadır.
Xatırladaq ki, hadisə bu il martın 25-də saat 22 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində baş verib. İki nəfər kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, azyaşlı oğlunu zirzəmiyə aparıblar. Burada onu stula bağlayaraq bıçaqla hədələyib atasından 200 min manat pul tələb ediblər. Sonradan isə 20 min manat müqabilində razılaşıblar. Bu barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.