Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib.
Elmarın qohumu Elşən özünə məxsus olan “YouTube” sosial şəbəkə kanalında canlı efirdə “Sahib Dost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib.
Mübahisəni aydınlaşdırmaq üçün onlar Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında görüş təyin ediblər. Həmin gün saat 23:50-də Elşən qohumu Elmarla birlikdə təyin olunan yerə gəliblər. Orada Sahiblə, həmçinin onun yanında olan şəxslərlə görüşüblər.
Görüş zamanı Elmar Sahibə sosial şəbəkə hesabında nalayiq ifadələr işlətməsini irad tutub. Sahib Elmarın haqlı iradına məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir edib. Mübahisə zamanı Elmar Sahibin sifət nahiyəsinə yumruq zərbəsi vurub.
Sahib 29 avqust 2021-ci ildə stasionar müalicədə olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında vəfat edib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
“Mübahisəsi olduğunu dedi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Elmar bildirib ki, Elşən və qardaşı Mirruhin onun doğma xalası nəvələridir:
“Avqustun 26-da saat 23 radələrində Elşən taksi ilə Samux rayonu Bağmanlar kəndindəki yaşadığımız evin qarşısından keçirdilər. Bu zaman dayanıb mənimlə söhbət etdilər.
Söhbət əsnasında Elşən internet sosial şəbəkəsində Sahib adlı şəxslə mübahisəsi olduğunu dedi. Sahibin söyüş söydüyünü, söhbətə dəvət etdiyini, həmin şəxslə görüşmək üçün Natavan qəsəbəsindəki “Şans” marketinin yanına gedəcəyini söylədi. Mən də birlikdə getməyi təklif etdim.
Qohum olduğumuz üçün Elşəngillə birlikdə qeyd edilən ərzaq mağazasının yanına getdik. Avtomobildə bizdən və sürücüdən başqa heç kim olmayıb”.
“Səhv danışdığını bildirdim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar təxminən 2-3 dəqiqəyə “Şans” ərzaq mağazasının yanına çatıblar:
“Taksi sürücüsü bizi düşürdükdən sonra mağazanın yanından uzaqlaşdı. Qısa müddət sonra Elşənlə Mirruhinin tanışları Məhəmməd də gəldi. Məhəmmədi əvvəllər Elşəngilin yanında görsəm də, onunla münasibətim olmayıb.
Az sonra mərhum Sahibgil boz rəngli taksidə yanımıza gəldilər. Avtomobildə adlarını sonradan bildiyim Sahib, Füzuli və taksi sürücüsü ilə birlikdə 3 nəfər idilər. Füzuli özünü 33 nömrəli xəttin avtobus sürücüsü kimi təqdim etdi.
Bir-birimizlə salamlaşdıqdan sonra mən, Elşən, Mirruhin və Sahib kənara çəkilib, söhbət etməyə başladıq. Biz sakit söhbətə başlamağımıza baxmayaraq Sahib içkili idi, özünü haqlı hesab edirdi. Elşənin ünvanına “bu peysərdir, buna demişəm, sən kimsən ki, bura gəlmisən, bunun söhbətinə gələn elə bunun tayıdır” kimi ifadələr işlətdi.
Mən səhv danışdığı üçün Sahiblə birlikdə gəlmiş Füzuliyə yaxınlaşdım və Sahibin özünü idarə edə bilmədiyini, buna görə onu özü ilə birlikdə oradan uzaqlaşdırmasını istədim. Füzuli də – “nə edim, öhdəsindən gələ bilmirəm”, – dedi”.
“Bir zərbə vurdum”
Elmar qeyd edib ki, həmin zaman Elşənlə Sahib mağazanın qarşısında yolun kənarında dayanıb və söhbət ediblər: “Füzuli ilə söhbət etdikdən sonra təkrar Sahibin yanına qayıtdım. Elşən mənə səbirli davranmağı, Sahibin içkili olduğunu və ona əl qaldırmamağı dedi. \\Teleqraf.com