İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldü
İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.
Bu barədə anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, Fərid Səfərlini İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".
Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır: "İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.\\APA