Enerji içkiləri ilə bağlı monitorinqin səbəbi: “AQTA “Coca-Cola”nın gizli sifarişini…”
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində apardığı ı monitorinqlərin nəticələrini avqustun 17-də açıqladı. Həmin məlumata görə, istehlakçılar enerji içkiləri kimi təqdim olunan məhsullar enerji içkiləri deyil (“Pit bull”, “Mohito Fresh”, “Fresco”, “Boom” (cherry), “Jaguar”, “Jara” (moxito), “Berg glukose”, “Jara”, “Bizon”, “Hell”, “Full orijinal yeni nəsil”, “Gorilla”). Amma hələ də bazarda bu məhsullar enerji içkisi kimi satışa çıxarılır.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu işləri görəndən, istehsalçılara olunan iradlardan sonra, onda olan məlumatlara görə, tərkib düzəldilib: “Mən həmişə demişəm, istəyərdim ki, istehsalçılar enerji içkisi əvəzinə su içsinlər.
Lakin AQTA ölkənin qida sektorunda bu qədər çox problem olduğu bir şəraitdə daim enerji içkilərinə dönür. Əlbəttə, dönmək zəruridir, lakin kafi deyil. Çünki enerji içkilərindən də təhlükəli olan “Coca-Cola”, “Fanta”, “Pepsi” var. Bunlar da təhlükəli içkilərdir. Tez-tez bu içkilərə dönmənin səbəbini qısaca araşdırdıq, yaxın ölkələrdəki kolleqalarımızdan məlumat gəldi ki, burda, əsasən, “Coca-Cola” rol oynayır. “Coca-Cola” öz bazarında tələbat yaradan içkilərin olmasını istəmir. Hansı ölkədə “Coca-cola” varsa, oranın böyük vergi ödəyicisinə çevrilir və özünün böyük bazarında monopoliya saxlamaq istəyir. Təsadüfi deyil ki, enerji içkiləri bazara daxil olana, yerli istehsal başlayana kimi “Coca-cola”nın içki payı 95% idi. İndi isə 65%-ə düşüb”.
E.Hüseynov vurğulayıb ki, əgər AQTA “Coca-Cola”nın gizli sifarişini yerinə yetirirsə, Azad İstehlakçılar Birliyi bunu pisləyir: “Əgər bu belədirsə, biz arzu etməzdik ki, dövlət orqanı hansısa böyük firmanın təsiri altında olsun. Ona görə də, AQTA-nı “Coca-Cola”, “Pepsi”, “Fanta” və digər rəngli, qazlı içkilərin ciddi monitorinqini aparmağa çağırıram, birtərəfli iş getməsin. Əlbəttə, insanları birmənalı şəkildə enerji içkilərindən uzaq durmağa çağırıram. Bazarda çoxlu təhlükəli içkilər və digər mallar var.
AQTA-nin içərisində çatışmayan ciddi işlərdən biri mediada gedən məlumatları izləməməsidir. Mən ictimai şuranın üzvü olaraq daim AQTA-də bu məsələni qaldırmışam AQTA-nin rəsmiləri deyirlər ki, biz izləyirik, əslində isə, belə deyil. Təsadüfi deyil ki, cənab prezident KİV-lərlə görüşdə demişdi ki, mən bir çox məlumatları KİV-lərdən alıram. Jurnalistlərin qarışqa kimi ağır əməklərini gərək AQTA arxa planda qoymasın”.
Ekspert marketdə qarşılaşdığı bir faktı da bizimlə paylaşıb: “Ötən gün mənə sosiska, kolbasa şəkilləri göndəriblər. Söhbət kiloqramı 4 manata olan sosiskadan gedir. AQTA mütləq belə şeyləri izləməlidir. Bunlar bazarda haqsız rəqabət mühiti yaradır, tərkibinin nədən əmələ gəldiyini heç kəs bilmir. Şübhəsiz ki, tam tullantılardan, ya da murdar ətlərdən əmələ gəlir.
Təəssüf ki, bazarda fəaliyyət göstərən və təmiz ət məhsulları hazırlayan müəssisələr də seyirci mövqeyi tutur. Əllərini üzlərinə qoyub fikrə gediblər ki, bu nə olan şeydir. Öz bazarlarını təmizləmək üçün heç bir iş aparmırlar, bu da çox ciddi çatışmayan cəhətlərdən biridir. Gərək AQTA hamı üçün bərabər, yetərli olan rəqabət şəraiti yaratmalıdır, təəssüf ki, bunu görə bilmirik”.