Gündəlik alış-veriş zamanı tez-tez müraciət etdiyimiz ət və ət məhsullarından biri də kolbasa və sosislərdir. Lakin bazardakı mövcud vəziyyətə nəzər yetirdikdə bəh-bəhlə yediyimiz bu məhsulların ətdən hazırlanıb-hazırlanmaması şübhə yaratmaya bilmir. Ətin kiloqramının 11-12 manata olduğu halda “ət”dən hazırlandığı iddia edilən kolbasa və sosislərin qiymətinin 4-5 manat olması artıq xeyli vaxtdır ki, əhalidə şübhə yaradır.
Lakin problem tək bu deyil. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, mənşəyi bilinməyən “ət” məhsulları artıq bazarda öz sözünü demiş, bütün standartlara cavab verən ət məhsulları ilə rəqabət aparırlar, bəzi hallarda yanaşı satışa təqdim edilirlər. Bunun da əsas səbəbi ucuz və keyfiyyətsiz məhsulların intensiv şəkildə reklam olunmasıdır.
Ölkəmizdə biznes üçün əlverişli şərait yaradılıb, lakin…
“Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan rahat şərait yaradıb. Ən inkişaf etmiş ölkələrdə belə biznesmenlərin qazancına şərik olan reket qüvvələr var. Ölkəmizdə isə belə hallar yoxdur. Lakin düşünürəm ki, biznes qurumlar hökumətin bu əhəmiyyətli siyasətini düzgün dəyərləndirə bilmirlər”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, qida eksperti Eyyub Hüseynov səsləndirib. Mütəxəssisin sözlərinə görə, ölkəmizdə 20-dən çox ət məhsulları istehsal edən müəssisə var: “Bazarda elə bir vəziyyət yaranıb ki, ekoloji təmiz, təzə ətlərdən kolbasa istehsal edən müəssisə az qalır ki, müflis olsun. Naməlum maddələrdən hazırlanan kolbasa və sosis məhsullarını bazara çıxaran və qiymət yolu ilə bazarda haqsız bir rəqabət mühiti yaradan qurumlar var. AİB olaraq əlbəttə ki, insanların ucuz və keyfiyyətli mallar almalarının tərəfdarıyıq. Lakin bazara elə məhsullar çıxarılır ki, bütün gigiyenik qaydalara riayət edərək sağlamlıq üçün ziyanlı olmayan məhsullar istehsal edən müəssisə müflis olur. Bu, yolverilməzdir”.
Ən peşəkar texnoloqlar belə çətinlik çəkirlər
Birlik sədri ucuz qiymətə satılan bu məhsulların bu qədər geniş yayılmasının səbəblərinə də aydınlıq gətirib. E.Hüseynov reklam şirkətlərini bu cür şirkətlərlə əməkdaşlıq etməməyə çağırıb: “Ölkənin antiinhisar qurumu çox ciddi iş aparmalıdır. Onu da qeyd etməliyəm ki, hazırda istər televiziyalarda, istərsə də sosial şəbəkələrdə kiloqramı 4-5 manat dəyərində olan kolbasa və sosislər çox reklam olunur. Əhalinin böyük hissəsi də televiziyalara inanır, düşünür ki, televiziya vasitəsilə reklam olunan məhsul ekoloji cəhətdən sağlamdır, xeyirlidir. Lakin sual yaranır: hansı texnoloq kiloqramı 4 manata olan ət məhsulu hazırlaya bilər? Hətta ən peşəkar texnoloqlar belə həmin məhsulların nədən hazırlandığını ayırd etməkdə çətinlik çəkirlər. Heyvan dərisindən hazırlasalar, yenə də o qiymətə olmazdı”.
Xaricdən gələn məhsulların tərkibi ciddi şəkildə araşdırılmalıdır
AİB sədri yerli ərzaq bazarında satışda olan xarici məhsullar barədə də məlumat verib. O, həmin məhsulların tərkibini, nədən hazırlandığını ciddi şəkildə araşdırmağı təklif edib: “Dəfələrlə səsləndirdiyim digər bir məsələ xaricdən idxal olunan ət məhsullarının araşdırılması ilə bağlıdır. Həmin mallar çox cəlbedici şəkildə paketlənirlər və bu da insanlarda daha keyfiyyətli məhsul fikrini formalaşdırır. Müşahidələr onu göstərir ki, həmin xarici məhsulların qablaşdırılması ilə daxili eyni olmur, uyğunsuzluq olur”.
AQTA-nın əsasnaməsində yoxdur
“Təəssüf edirəm ki, AQTA qida təhlükəsizliyini təmin edən orqan kimi bu məsələlərə əhəmiyyət vermir. Bunun da səbəbi odur ki, onların əsasnaməsində qidanın təhlükəsizliyi məsələsi dayanır”, – deyən E.Hüseynovun sözlərinə görə, əsasnamədə keyfiyyət məsələsi yoxdur: “Ona görə də düşünürəm ki, əsasnamədə düzəliş olunmalıdır, keyfiyyət məsələsi önə çəkilməlidir. Yeni, daha sərt mexanizm tətbiq olunmalıdır. Ciddi şəkildə yoxlamalar aparılmalıdır”.
“Bütün dövlət qurumları, ictimai birliklər – hər birimiz gələcək nəslin sağlam yetişməsi, əhalinin sağlamlığının qorunması üçün bu istiqamətdə birgə fəaliyyət göstərməliyik. Deyilən hallar nəzərə alınarsa, biz müsbət nəticə görə bilərik”, – deyə AİB sədri vurğulayıb.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Mənbə: Qidaelmi.az