Azərbaycanda 12 məhsulun enerji içkisi olmadığı aşkarlandı: Almayın, saxta imiş...
Satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən Gender.az-a bildirilib ki, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:
1. "A+ Co" ASC tərəfindən istehsal edilən "Pit bull" - enerji içkisi deyil;
2. АО МПБК "Очаково" tərəfindən istehsal edilən "Mohito Fresh" - enerji içkisi deyil;
3. "OOO Megapak" tərəfindən istehsal edilən "Fresco" (mojito çiyələk) - enerji içkisi deyil;
4. "Boom Group" Ltd tərəfindən istehsal edilən "Boom" (cherry) - enerji içkisi deyil;
5. "Yunayted Botlinq Qrup" tərəfindən istehsal edilən "Jaquar" - enerji içkisi deyil;
6. "Berg Food" Gmbh tərəfindən istehsal edilən "Jara" (moxito) - enerji içkisi deyil;
7. "Berg Food" Gmbh tərəfindən istehsal edilən "Berg glukose" - enerji içkisi deyil;
8. "Berg Food" Gmbh tərəfindən istehsal edilən "Jara" - enerji içkisi deyil;
9. "Avrora" MMC və "Berg Energy" MMC tərəfindən istehsal edilən "Bizon" - enerji içkisi deyil;
10. "Hell Energy" Ltd müəssisəsinə məxsus, "Aztrade" MMC tərəfindən idxal edilən "Hell" - "Hell classic night" istisna olmaqla, enerji içkisi deyil;
11. "A+ Co" ASC tərəfindən istehsal edilən "Full orijinal yeni nəsil" - "Full energy" istisna olmaqla, enerji içkisi deyil;
12. "Moskva Brewing Company" tərəfindən istehsal edilən "Gorilla" - enerji içkisi deyil.
Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.
Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara "enerji içkisi" kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
AQTA istehlakçılara bildirir ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.