Ölkəmizdə işə və ya istirahətə gedərkən evdə hazırlanan qidaların aparılması təcrübəsi geniş yayılıb. Lakin bir çox hallarda qidalar plastik qablarda daşınır və bəzən saatlarla soyuducudan kənarda qalır.
Belə olan halda isə insan sağlamlığı üçün təhlükənin olması qaçılmazdır. Xüsusən də, havaların isti keçdiyi yay aylarında bu, daha təhlükəli ola bilər.Sanitar gigiyena qaydalarından bixəbər olan insanların doğru bildiyi yalnışlar insan sağlamlığını riskə ata bilər:
“Çünki onlar bir sıra riskli qidaları otaq temperaturunda saxlayacaqlar, bu da mikrobioloji çirklənməyə səbəb olacaq. Hansı ki, ət və ət məhsulları, tərkibində mayonez olan qidalar, yumurtalı salatlar saatlarla otaq temperaturunda saxlandıqda çirklənməyə məruz qalır. Nəticədə zəhərlənmənin baş verməsi qaçılmazdır”.
“Evlərdən iş yerlərinə, müəssisələrə qidaların daşınmasında da bir çox hallarda plastik qablardan istifadə olunur. Bu cür qablarda qidalar yüksək temperaturda qaldıqda kimyəvi reaksiya baş verir. Bu da həmin yeməklə qidalanan şəxsdə mikro zəhərlənmələrə səbəb olur. Bu da ruh düşkünlüyü, baş ağrıları, ishal kimi simptomlarla özünü göstərir. Eyni zamanda daşınan məhsulun qablaşdırmasıyla yanaşı hansı şəraitdə daşınması da önəmlidir. Məhsul bişən kimi dərhal servisə hazır vəziyyətə gətirilib, mənzil başına çatdırılmalıdır. Qidanın gec çatdırılması xüsusən isti yay aylarında daha çox həssas istehlakçıların zəhərlənməsinə səbəb olur”.
İnsanların fərdi olaraq qidaların saxlamasında və daşınmasında hansı məqamlara diqqətli olmalıdırlar?
“Çox vaxt satış üçün yox, fərdi istifadə zamanı da vətəndaşlar tərəfindən yalnışlıqlara yol verilir. Xüsusən də, salatların daşınmasında. Məsələn, bizim camaat adətən zeytun yağı, limon suyu və sirkədən istifadə etməklə hazırlanan salatlardan uzaq qaçırlar. Ən populyar salatlar olan Paytaxt və Mimoza isə mayonezlə hazırlanır. Üstəlik, bu salatların hazırlanmasında xiyar turşusundan da istifadə edirlər.
Onu da isti havalarda, plastik qabda qoyurlar maşının baqajına. O da mənzil başına çatana qədər kimyəvi reaksiyaya girərək artıq potensial zəhərə çevirilir. Xüsusilə də, çimərliyə gedəndə həmin qidanı qarpızla birlikdə istehlak edirlər. Qarpızın tərkibindəki nitratlar isə təhlükəni qaçılmaz edir.
Eyni zamanda toyuq qızartması da bu cür vəziyyətdə real təhlükə mənbəyidir. Xüsusilə də, qızardılmış toyuq tərkibindəki salmonella bakteriyaları səbəbindən isti şəraitdə saxlandıqda mikrobioloji zəhərlənmə mənbəyinə çevrilir”.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Mənbə: Qidaelmi.az