Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dərman kimi qida – Balqabaq Müalicəvi və farmakoloji xüsusiyyətləri

Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Təbiətin insanlara bəxş etdiyi bu qiymətli bitki haqqında belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir. Yazda əkilən balqabaq payız fəslində yetişir. Müxtəlif növ vitaminlərlə zəngin olan bu tərəvəzdən təamlarda, xüsusilə də tibdə müalicə məqsədilə istifadə olunur.
 
Tibbdə geniş istifadə olunan balqabağın vitamin tərkibi, müalicəvi xüsusiyyətləri və faydaları haqqında yazını təqdim edirik.

Bəzi mənbələrə görə, bu bitki 5-8 min il əvvəl becərilib. Balqabaq ilk dəfə Avropaya Cənubi Amerikadan gətirilib. Tez bir zamanda sadəcə ləzzətli təam kimi yeməklərdə tətbiq edilib. Sonralar insanlar bunun dərman üçün xammal ola biləcəyini düşünür və məlhəmlər hazırlamağa başlayırlar.

Balqabaq vitamin və minerallarla zəngindir. Tərəvəzin tərkibində yüksək miqdarda A, B, E vitaminləri, dəmir, natrium, kalium, kalsium, maqnezium, sink, fosfor  kimi minerallar var.

Bol vitaminlə zəngin olan balqabağın həm ləti, həm də toxumları immun sistemini möhkəmləndirir. Tərkibindəki mikroelementlər sağlamlıq üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək dərəcəli faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır.

Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, həmçinin püre halına gətirilib darçınla birlikdə istifadə edildikdə maddələr mübadiləsinin funksionallığını artırır. 

Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir. Tərkibində elementlərə görə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır. Tərkibində olan antioksidant maddələr bədəni virus, bakteriya və mikroblardan təmizləyir. 

Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O həmçinin qan təzyiqini aşağı salır.

 

Bundan başqa, əsəbilikdən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsiz içkidir. Yuxusuzluq hallarına yaxşı təsir göstərir.

Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də balqabaq şirəsindən istifadə etsələr xeyrini görəcəklər. O həm də piylənməyə qarşıdır.

Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Balqabaq qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir. Bişmiş halda qızdırma və öskürəyə yaxşı təsir göstərir. Balqabaqdan həm də prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün istifadə olunur.

Hamilə qadınlar üçün balqabaq çox faydalıdır. Bu tərəvəz toksinlərin və xolesterolun təmizlənməsinə, qəbzlik və bağırsaq kolikasına kömək edir ki, bu da anaların metabolizmasını çox yaxşılaşdırır. Bundan əlavə, bu məhsul sağlam dölü formalaşması üçün lazım olan folik turşusu ilə zənginləşdirir.

Hamilə qadınların ümumi vəziyyətinə balqabaq şirəsi müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür.

Xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunan bu tərəvəzi seçərkən çalışmaq lazımdır ki, üzərində heç bir zədəsi olmasın. Bundan başqa, kəsilmiş balqabağı üç gündən çox saxlamaq olmaz. Çox qaldıqda tərkibindəki şəkər və qidalı maddələr azalır.

Araşdırmalara görə, yarım stəkan balqabaq suyu bədənin günlük A vitamininə olan ehtiyacını ödəyir. Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

A vitamini baxımından zəngin olan balqabaq gözlərin zəifləmə riskini də azaldır. Gözündə olan vitaminləri artıraraq katarakt xəstəliyi ilə mübarizə aparır.

Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və oniki-barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşmək mütləqdir.

Balqabaq tumları ən faydalı toxumlardır. Gündə 30 qr balqabaq tumu yeməklə tərkibindəki faydalı  elementlərin norması alınmış olur.

Balqabaq tumu bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir. Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır. Yorğunluq, əsəb və gərginliyi azaldır, yuxunu tənzimləyir. Depressiyaya qarşı effektiv olan tum əhvalı yüksəldir, emosional psixoloji durumu yaxşılaşdırır.

Həmçinin yaddaşı aktivləşdirir, baş beyin funksiyalarını yaxşılaşdırır. Mədə-bağırsaq köpü, spazm, qəbizliyi aradan qaldırır. Ürək, böyrək, qaraciyər xəstəliklərində təbii mayeqovucudur.

 

İmmuniteti möhkəmləndirən balqabaq tumu təbii immun modulyatordur. Tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur. Süd vəzi və prostat xərçəngi riskini azaldır. Qanda şəkəri tənzimləyir. Bağırsaq qurdu və parazitlərini tökür. Bədəndə iltihabı azaldır.

Alimlər balqabaq toxumlarının xərçəng üzərində də müsbət təsirini sübut ediblər. Yüksək miqdarda sink konsentrasiyası xərçəngin inkişafının qarşısını alır. Sink bədənin hüceyrələrinə zərər vermədən xərçəng hüceyrələrinə təsir göstərir. Alimlər bunu sink və kalsium arasındakı əlaqə ilə əlaqələndirirlər. Sink xərçəng hüceyrələrindən “göndərilən” kalsium siqnallarına “cavab verir”.

Alimlər eksperimental olaraq kiçik dozada provitamin A-nın siqaret içərisində olan bir nikotin mənşəli kanserogeni təsirsiz hala gətirdiyini təsbit ediblər. Odur ki, balqabağın tərkibindəki provitamin A ağciyər xərçəngi inkişafının qarşısını alır.

Balqabaq ət və yumurtalardakı qida maddələrini əvəz etdiyinə görə vegetarianlar və pəhrizdə olanlar  üçün məsləhət görülür.

Vitaminlər və faydalı elementlərin yüksək tərkibinə görə  balqabaq kosmetologiyada da geniş istifadə olunur. Kosmetik məqsədlə balqabaq yağı həm saf halda həm də maska kimi faydalıdır. Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq əhəmiyyətli rol oynayır.

Hazırda dünya təsərrüfatlarında 700-ə qədər növü yetişdirilən balqabağın Azərbaycanda da çox növü yetişdirilir. \\Aztibb.az 

Tarix: 19 avqust 2021
Baxış: 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş