ABŞ-ın əczaçılıq şirkəti Alzheimer xəstəliyinin erkən mərhələsini ləngidən dərmanın 3-cü faza klinik sınaqlarının nəticələrini açıqlayıb. Antikor terapiyasının bir forması olan dərman ilkin nəticələrə görə, xəstəliyi yavaşladır və Alzheimer xəstələrinin gündəlik həyatına kömək edir.
Şirkətdən verilən açıqlamada, bir növ antikor terapiyası olan dərmanın beyində Alzheimer xəstəliyinə səbəb olan 'amiloid zülalının' konsentrasiyasını azaltdığı vurğulanıb.
Clarity AD adlı klinik sınaq, Alzheimer xəstəliyi səbəbiylə yüngül koqnitiv pozğunluğu və ya yüngül demensiyası olan 50-90 yaş arası 1795 insanı əhatə edib. Sınaqlar zamanı 898 nəfərə dərman, 897 nəfərə isə plasebo (aktiv maddə olmayan) dərman verilib.
Nəticələrə görə, dərmanı aktiv maddə ilə qəbul edən insanlarda yaddaş və təfəkkür funksiyalarının azalmasının ləngidiyi, onun 18 ay fəaliyyət göstərə bildiyi, həmçinin insanların gündəlik həyatına kömək etdiyi bildirilib.
Amiloid zülalı, Alzheimer xəstələrinin beynindəki neyronların ətrafında toplanır və bu, xəstələrin yaddaş və düşüncə funksiyalarını ləngidir. Lakin tərkibində anticisimlər olan preparatın istifadəsində neyronların ətrafında toplanan amiloid zülal yığınları dağılır və xəstəlik ləngiyir.
Böyük Bınritaniyanın Alzheimer Araşdırmaları Mərkəzinin direktoru Susan Kohlhaas bildirib ki, bu tədqiqat Alzheimer xəstəliyi olan insanlar üçün yeni bir dövrün müjdəçisi ola bilər: “İlk dəfədir bir dərmanın klinik sınaqları zamanı sübut edildi ki, bu, həm beyin xəstəliklərini azalda bilər, həm də yaddaşın zəifləməsini ləngidə bilər”.