Müəllifi Çin olan plastik düyülərin bazar qiyməti normal düyüdən bahadır – Mütəxəssislər danışdı
Düyülərin tərkibi, mənşəyi haqqında əhalini yenidən təşvişə salan xəbərlər yayılıb. İddialara görə, müxtəlif ölkələrdən gətirilən bu məhsulun GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanır. Bir neçə il öncə də mətbuatda plastik düyü satışı ilə bağlı məlumatlar yayılmışdı. İndi də insanları narahat edən sintetikadan hazırlanmış Çin istehsalı olan düyülərin ölkəmizdə satışda olub olmamasıdır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, Azərbaycanda süni düyü yoxdur və bununla bağlı birliyə müraciət daxil olmayıb:
Dünyada belə bir texnologiya var, lakin süni düyü nə ölkəmizdə istehsal edilir, nə də gətirilir. Ölkədə bununla bağlı təzadlı informasiyalar var. Bəzi ailələr müəyyən düyü növünə öyrəşir, onun dəmləmə vaxtını dəqiq bilir, digər növə keçəndə isə düzgün dəmlənmir. Elə bilirlər ki, həmin düyü sünidir. Ümumiyyətlə, sintetik düyü anlayışı yoxdur. Düyünün qırıntılarından və unundan yenidən düyü hazırlanır. Bizim ofisimizə dəfələrlə süni düyü adı ilə düyülər gətirilib. Amma araşdıranda görmüşük ki, Azərbaycan bazarında süni düyü yoxdur. Əgər olsa belə, bu, mütləq onun etiketində yazılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi də bunlara nəzarət edir”.
AİB sədri birliyə süni düyü gətirənlərə mükafat da vəd edib: “Əgər mənim ofisimə kimsə süni düyü və yaxud süni yumurta gətirərsə, ona yüz manat hədiyyə verəcəm”.
Maraqlıdır, yayılan şayiələrə əsasən narahatlıq keçirən əhali düyü alarkən nələrə diqqət etməlidir?
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, artıq süni məhsullar böyük bazarlara çıxış edib və güman ki, ölkəmizdə də sintetik düyülər satılsın:
“Demək olar ki, bütün süni məhsullar Çində istehsal olunur. Kartof nişastasının və müəyyən plastiklərin sintezindən əldə edilmiş düyü hazırlanıb. Düyü tələbatlı məhsul olduğu üçün qiyməti də hər keçən gün artır və normal düyüdən iki dəfə baha satılır. Bu düyülər plastik olduğu üçün insan orqanizminə fəsadları var. Hazırda biz çağırış edirik ki, plastik qablarda su içməyin, ümumiyyətlə, plastik qablardan uzaq durun və s. Çünki “Bisfenol A” kimyəvi maddəsi plastik qablardan qidalara, oradan da insan orqanizminə keçir. Bu isə gələcəkdə sonsuzluğa səbəb olur. Uşaqlarda isə əqli inkişafdan qalma, immun sisteminin pozuntularına rast gəlinir. Xüsusilə Sinqapur, Vyetnam, Hindistan və Çindən idxal olunan düyülərdən ehtiyatlı olmaq lazımdır”.
Ekspert süni düyü istehsalını qida terroru adlandırıb.