Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?.. - ARAŞDIRMA
“Bu yaxşı düşünülmüş sədəqə sistemi alanı utanc və rüsvayçılıqdan, verəni isə təkəbbür və ikiüzlülükdən xilas edirdi...”
Bu gün yoxsulluq, dilənçilik, nəinki Azərbaycanın, bütövlükdə dünyanın böyük probleminə şevrilib. Bəs bu problemi necə həll etməli? Görünən odur ki, istər planetdəki iqtisadi-sosial, siyasi, hərbi prosesləri yönləndirən transmilli qlobal güclər, istərsə də aparıcı dövlət rəhbərlikləri yüz milyonlarla insanın yoxsulluqdan əziyyət çəkməsi, dilənçiliyə möhtac olması maraqlandırmır. Maraqlansaydılar, çoxdan həll etmişdilər. Necə ki, bu problemin həllinə “müasir”, “demokratik” dünyanın bəyənmədiiyi Osmanlı dövləti nail olmuşdu...
Bəs nəyə görə, Osmanlının XIX əsrin ortalarınadək olan güclü dövrlərində ifrat yoxsullar çox az, dilənçilər isə, demək olar ki, yox idi? Bunun əsas iki səbəbi var idi...
Birincisi, ölkə iqtisadiyyatında indi bütün dünyanı çənginə almış sələm-kredit, faiz sistemi yox idi. İkincisi, vergi ödənişində Allahın Qurani-Kərimdə buyurduğu qaydalara uyğun olaraq zəkat forması tətbiq edilirdi. Bu iki amil cəmiyyətdə sosial ədalətsizliyin qarşısını xeyli dərəcədə alırdı...
Osmanlıda xüsusən dilənçilik probleminin həllini daha aydın şəkildə göstərmək üçün dəyərli oxuculara tatar yazarı Damir Qaynutdinovun Tatarıstan mediasında dərc etdirdiyi “Sədəqə daşı: Osmanlıda nəyə görə dilənçi yox idi?” başlıqlı məqaləsinin tərcüməsini kiçik ixtisarla təqdim edirik:
“Sədəqə sözü insanın pula, yeməyə və ya başqa bir nəsnəyə ehtiyacı olanlara könüllü olaraq verdiyi şeylərə aid edilir. Çox vaxt sədəqə zəkat sözünün (sədəqənin bir növü) yerində və ya sinonimi kimi işlənsə də, sədəqə anlayışı daha genişdir. Zəkat İslamın beş sütunundan biridir və müsəlmanlar üçün fərzdir (vacib ibadətdir). Fitr bədən zəkatıdır ki, mübarək Ramazan ayının sonunda verilməlidir. Buna görə də, digər yardım növlərini zəkat və fitrədən ayırmaq üçün müxtəlif terminlər, o cümlədən sədəqə-i tətəva (könüllü sədəqə) ifadəsi istifadə olunur...
Yardımın necə və hansı şəkildə edilməsi Qurani-Kərim ayələrində və Məhəmməd Peyğəmbərin(ə.s.) hədislərində açıqlanır.
Aşağıdakı Quran ayələri bilavasitə sədəqəyə işarə edir:
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”(Bəqərə, 264).
Həmin surənin 271-ci ayəsində buyurulur:
“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır”.
Və nəhayət:
“Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (Bəqərə, 273).
İslamda ianə və sədəqə xüsusi əhəmiyyət kəsb edir. Bunu anonim etmək daha yaxşıdır. Bu, möhtacın şərəf və ləyaqətini qorumaq, utanmaması və özünü aşağılanmış hiss etməməsi, həmçinin hər cür qeybətin qarşısını almaq üçün lazımdır. Həzrət Məhəmməd (s) də vurğulamışdır ki, “sağ əlin verdiyini sol əl bilməməlidir”.
Yardım etdiyiniz insanları görməmək, özünüzü ehtiyacı olanlardan üstün tutmamaq, həmçinin ianələrinizlə başqaları qarşısında öyünməmək - bütün bunlar qədim tarixə malik türk adət-ənənələrinin mühüm tərkib hissələrindən biridir.
"Sadaka taşı" (kömək daşı) - Osmanlı İmperiyasında dilənçiliyin qarşısını almaq və yoxsulluqla mübarizə aparmaq üçün mövcud olan bir xeyriyyə sistemidir. Sədəqə daşı zakat taşi (zəkat daşı), həccət taşi (ehtiyac daşı), fukara taşi (kasıb daşı), hayrat deliyi (kömək çuxuru), hacet yeri (ehtiyac yeri), ixtiyaçgah yeri(ehtiyac yeri) kimi də tanınır. Sədəqə daşları məscidlərin, fəvvarələrin, körpülərin, bəzi türbələrin, dərviş monastırlarının, mehmanxanaların, xəstəxanaların, həmçinin bəzi əsas küçələrin yanında qoyulan kiçik daş sütunlardan hazırlanırdı. Bu daşların səthində dayaz çüxur var idi. Kömək etmək istəyənlər pullarını ora qoyurdular. Ehtiyacı olanlar isə küçələrdə dilənmir, sədəqə daşının yanına gəlib ehtiyacları olan qədər götürürdülər. Xeyriyyəçi də, ehtiyacı olan da bütün bunları gecə vaxtı etməyə üstünlük verirdi. Bu yaxşı düşünülmüş sədəqə sistemi alanı utanc və rüsvayçılıqdan, verəni isə təkəbbür və ikiüzlülükdən xilas edirdi. Sədəkə daşı Osmanlı cəmiyyətində həmrəyliyin formalarından biri idi...
Sədəqə daşı adətən qranit və ya mərmərdən hazırlanırdı və müxtəlif ölçülərdə, formalarda və növlərdə olurdu.
Hazırda salamat qalan sədəqə daşlarının hündürlüyü müxtəlifdir, çünki ətrafdakı yer doldurulmuş və onlar ilkin hündürlüyünü itirmişlər. Ehtimal olunur ki, onların ilkin hündürlüyü 0,80-1,40 m olub. Sədəqə daşının çox hissəsi keçmiş antik sütunlardan hazırlandığı üçün onların diametrləri müxtəlifdir. Sağ qalmış daşların diametri 26,5-60 sm arasında dəyişir. Daşların səthinin ortasında çanağa bənzər, diametri 4-9 sm arasında olan kiçik çökəklik var.
O dövrlərdə kağız pul yox idi və sədəqə daşları yeganə pul növünə - metal sikkələrə uyğunlaşdırılırdı. Osmanlı dövlətində əsrlər boyu kiçik gümüş sikkələr (1329-cu ildən 1834-cü ilə qədər) ən mühüm pul vahidi olmuşdur. Osmanlıda ilk kağız əskinas olan kayme 1840-cı ildə Sultan Əbdülməcidin dövründə buraxılıb. Bundan əlavə, kvadrat, düzbucaqlı və ya altıbucaqlı sədəqə daşları var idi. Sədəqə daşının Səlcuqlar dövründən istifadə olunduğu güman edilir. Minarəsi olmayan kiçik məscidlərdə müəzzin belə daşların üzərinə qalxaraq azan oxuyurdu. Buna görə də bu daşlar azan taşlari - azan daşları kimi də tanınmağa başladı...
Sədəqə daşının qeyri-adi nümunələrini də tapa bilərsiniz. Məsələn, İstanbulda Süleymaniyyə məscidinin həyətində divarda taxça kimi işlənmiş sədəqə daşı var. Fəvvarənin yanında, Memar Sinan türbəsi ilə üzbəüz yerləşir. Belə sədəqə daşları xalq arasında yardım dəliyi kimi tanınırdı.
Heç bir şübhə yoxdur ki, sədəqə daşı maddi kömək istəməkdən utananlara yardım etmək üçün çox incə bir yoldur. Onlar həm də Osmanlı cəmiyyətinin qorunmağa ehtiyacı olan xüsusi mədəni irsini təmsil edirlər...”
Mənbə: Moderator.az