Son vaxtlar Bakıətrafı ərazilərdə həyət evləri kütləvi satışa çıxarılır.
Həmin ərazilərə Xocasən, Masazır, Buzovna, Saray, Maştağa, Xırdalan, Biləcəri, Müşfiqabad kimi qəsəbələr daxildir. Satışa çıxarılan həmin həyət evlərinin qiyməti isə əsasən 45-46 min manat təşkil edir.
Hətta 12-15 min manat ilkin ödəniş etməklə, digər hissəsi aylara bölünərək satılan evlər də var. Həmin evlərin bir qismi heç “makler evləri” də deyil və 10-15 il öncə tikilib.
Maraqlıdır, niyə həmin evlər kütləvi satışa çıxarılır və onları almaq nə dərəcədə doğrudur?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvaq olaraq yalnız çıxarışla təmin olunmuş daşınmaz əmlakın alqı-satqısına icazə verilir:
“Bu kimi əmlakların 99 faizinin buna uyğun sənədləri olmur. Yəni onlar çıxarışla təmin olunmurlar. Bəzi hallarda həmin evlərin torpaqlarının çıxarışları olur. Bir çox hallarda bələdiyyə sənədləri olur. Onun isə alqı-satqının həyata keçirilməsinə qanun yol vermir.
O ki qaldı qanunsuz yolla tikilmiş evlərə, məhz bu, şəhərdə daşınmaz əmlakın bahalaşmasına səbəb olur. Bildirim ki, hazırda bəzi “işbazlar” bu yolla həm özləri üçün qanundan kənar biznes yaradırlar, həm də qanunsuz əmlakı kiməsə satmaqla qanun pozuntusuna yol verirlər. Nəticədə daşınmaz əmlakı alan şəxs orada qeydiyyata düşə bilmir, öz mülkiyyət hüquqlarından məhrum olur.
Vaxtilə Bakıətrafı ərazidən vətəndaş gəlib torpaq alıb, bələdiyyə torpağıdır, şəhərin kənarında bir ərazidir. Məhz 2000-ci illərin əvvəllərində bu kimi torpaqların kütləvi satışına başlanıldı. Bələdiyyələr bu torpaqları ucuz satdılar. Hətta böyük massivlər saldılar. Hazırda onların sayı 100 minlərlədir. Vətəndaşlar düşündülər ki, “mən bu torpağı almışamsa, onun içində əmlak tikə bilərəm”.
Əmlak tikdilər, lakin sonradan onu qanuniləşdirə bilmədilər. Vətəndaşların çoxu bu kimi ərazilərdə yaranan bir sıra problemlərdən, məsələn, kommunikasiyaların çatışmazlığından əziyyət çəkirlər. Bu kimi ərazilərin 70-80 faizində, xüsusilə kanalizasiya xətti, eləcə də yol infrastrukturu yoxdur.
Yaxında hər hansı ictimai nəqliyyat, dayanacaq olmur. Amma ən azından elektrik olur. Bəzi ərazilərin yaxınlığında isə ictimai yerlər, yəni uşaq bağçası, məktəb azdır. Vətəndaş həmin ərazidən əmlak alarkən ona söz verilib ki, kanalizasiya, dayanacaq olacaq, məktəb, bağça da tikiləcək. Vətəndaş da oradan ev alıb yaşayır, sonra da illər ötdükcə bunun əziyyətini çəkir.
Bəzən qış vaxtı qaz olmur, elektrik problemi olur, sonra yerdən qurunt suları çıxır. Hazırda belə ərazilər çoxdur və vətəndaş bezir ki, “mən buranı satım, başqa yerə çıxıb gedim”. Daha çox bu kimi əmlaklar müxtəlif “işbazlar” tərəfindən ərsəyə gəlir”.
Ekspertin sözlərinə görə, bəzi ərazilər var ki, orada rəqabət yüksəkdir, çox sayda ev tikib satırlar:
“Onların arasında rəqabət çox olduğuna, evləri sata bilmədiklərinə görə kredit şərtləri də təqdim edirlər. Bunların da alıcısı daha çox bölgələrdən urbanizasiyaya uğramış şəxslərdir.
Kənd və rayonlarda olan əmlakını ucuz satırlar, gələcək həyatlarını burada qurmaq üçün məcburdurlar. Ona görə də şəhərin ətraflarında bu kimi əmlakların sayı getdikcə çoxalır. Buna daha çox daşınmaz əmlakların bahalaşması səbəb olur. Ancaq heç kəs bu bahalaşmanın qarşısını almaq üçün ciddi tədbir görmür.
Ölkədə 17 ilə yaxındır ki, ipoteka verilir. Bütün mütəxəssislər deyir ki, “ipoteka 8 faizdir, 7, yaxud 6-ya düşsün”. Bu haqda danışan həddindən artıq çoxdur. Ancaq daşınmaz əmlakın bahalaşmasının qarşısının almaqla bağlı heç kəs düşünmür, bu barədə danışmır.
Daşınmaz əmlakın son illər ərzində 40 faizə yaxın bahalaşması dövlət büdcəsinə birbaşa zərərdir. Bu nə vətəndaşa, nə hökumətə, nə də biznes sahibkarına sərf edir. Daşınmaz əmlakın bahalaşması bu kimi qanunsuz evlərin son vaxtlar ərsəyə gəlməsinə daha çox səbəb olur”.