Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yeni tikilmiş binalarla bağlı KƏSKİN NARAZILIQ – MTK-lar sakinləri aldadır?

Yeni tikilmiş binalarda liftlərin, blokun qapılarının üzərində kommunal xərcləri ödəmədikləri halda liftin işləməyəcəyi, binaya verilən işığın dayandırılacağı ilə bağlı sakinlərə tez-tez xəbərdarlıqlar edilir. Demək olar ki, əksər çoxmənzilli binalarda belə elanlara rast gəlmək mümkündür. Lakin bu məsələdə qarşılıqlı şikayət və etirazlar mövcuddur. Bina sakinləri ödənilən kommunal xərclərin çoxluğundan, MTK-lar isə sakinlərin ödənişləri vaxtı-vaxtında etməməsindən şikayətlənir.
Bəs bu problem hansı qaydada tənzimlənməlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu məsələ ilə bağlı vətəndaşlar dəfələrlə öz şikayətlərini səsləndirib:
“Vətəndaşlar bu məsələ ilə bağlı müxtəlif instansiyalara dəfələrlə şikayə ünvanlayıb. Şəhərin mərkəzinə yaxın, prestijli MTK-lar hesab olunan binalarda kommunal xidmətlərin məbləğləri olduqca yüksəkdir. Bu isə sakinlərdə ciddi narazılıq yaradır. Həmin məbləğin hansı kriteriyalarla müəyyənləşməsi ilə bağlı konkret əsasnamə və ya sənəd mövcud deyil. Hər bir MTK öz hesablamalarını uyğun olaraq tənzimləyir. Onlar hesab edirlər ki, sakinlərə göstərilən xidmətlərin qarşılığında müəyyən xərclər meydana gəlir ki, həmin xərclər MTK tərəfindən təyin olunmuş işçilərin əməkhaqqısı və digər xidmətlərin təşkili üçün sərf olunur. Təbii ki, həmin məbləği bir binadakı sakinlərin sayına hasil etsək görərik ki, çox böyük məbləğlərdən söhbət gedir. Bu da həmin xidmətin qarşılığından daha böyük məbləğdir. Bu baxımdan hesab edirəm ki, vahid tariflərin müəyyən olunması və zonalar üzrə konkret əmsalların təyin olunması daha məqsədəuyğun olar”.
Vüqar Oruc bu mövzuda qonşu ölkələrin təcrübəsindən istifadə etməyin daha yaxşı olacağını qeyd edib: SEO Xidməti
“Yaxşı olar ki, bu məsələ hər hansı bir qərar və yaxud qanunla tənzimlənsin. Məsələn, Hövsan və ya Zığda hər hansı bir yeni binaya qulluq göstərən MTK-nın müəyyən etdiyi kommunal xidmət haqqı ilə şəhərin mərkəzində olan binalardakı məbləğ təbii ki, eyni olmayacaq. Amma bu məsələ müəyyən kriteriya və əmsallarla tənzimlənməlidir. Qonşu Rusiya və Türkiyədə bina sakinləri daxili idarəetmə üçün qurumlar yaradır. Bunlar həm rəsmi, həm də qeyri-rəsmi formada ola bilir. Bina sakinlərinin özləri bu xidmətləri tənzimləyir və aidiyyəti məbləğləri də məhz onlar müəyyənləşdirir. Həmin məbləğ sakinlər arasında bölünür və hər sakinə nə qədər məbləğin düşəcəyi müəyyənləşdirilir. Ölkəmizdə də bu sahəni belə tənzimləmək olar. Təbii ki, qanunvericilik bunun üçün müəyyən imkanlar yaradır. Hal-hazırda bina sakinlərinin bu imkanı və ya həvəsi yoxdursa, məbləğlər tənzimlənməli və xidmətə uyğunlaşdırılmalıdır”.

Tarix: 27 iyun 2024
Baxış: 110

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş