Tanınmış şəxsin keçmiş əri elektron qolbaqla gəzəcək - Külli miqdarda borc + ŞOK TƏFƏRRÜAT
Rusiyanın Belqorod vilayətində iş qurmaq adı ilə tanışından 2007-ci ildə 300 min manat borc götürüb, çox hissəsini qaytarmayan şəxslə bağlı məhkəmə qərar verib.
Hurriyyet.Az xəbər verir ki, 1958-ci il tarixdə Qazax rayonunun Qaymaxlı kəndində anadan olmuş Süleyman Hacıyev tələbə yoldaşı Eldardan (şərti) 2007-ci ildə hər ay 2% ödəmək şərti ilə bir il müddətinə 300.000 manat pul götürüb. Təqsirləndirilən şəxs biznes işlərini görmək üçün götürdüyü pulun müqabilində ona 100.000 manat əlavə ödəniş edəcəyini vəd edib.
Eldar 2013-cü ilə qədər pulun çox hissəsi geri qaytarılmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib. Süleyman Hacıyevin təklifi ilə 19 yanvar 2013-cü il tarixdə tərəflər arasında 1 ilə qaytarmaq şərti ilə notariat kontorunda 232.000 manat borcunun olmasına dair borc müqaviləsi bağlanıb.
Təqsirləndirilən şəxsin həyat yoldaşı Sultanxanım Nəsibova Eldarla danışaraq, 2013-cü ilin avqust ayından 2014-cü ilin fevral ayının 21-nə qədər borcdan 55000 manat pul ödəyib. Sonra isə Sultanxanım Nəsibova ona heç bir ödəniş etməyəcəyini bildirib.
Bundan sonra Süleyman Hacıyev Novxanıda olan bağ evini və Bakı şəhəri, Puşkin küçəsindəki 2 mənzili, "Lexus RX 350” markalı avtomobili Sultanxanım Nəsibovanın adına keçirib və ondan məhkəməyə yolu ilə boşanıb.
Şikayətçi tərəf isə iddia edir ki, Süleyman Hacıyev Sultanxanım Nəsibova ilə sonuncunun adına olan Bakı şəhəri, M.Rəfili küçəsindəki mənzildə birgə yaşayırlar, yəni onların boşanmaları formal xarakter daşıyır və borcu ödəməkdən yayınmaq məqsədi ilə baş tutub. O, qeyd edib ki, təqsirləndirilən şəxsin bu borcu ödəməyə maddi imkanı var, çox zəngin adamdır, lakin özünü yoxsul kimi göstərir və qəsdən borcu ödəmir.
Əvvəlki inistansiya məhkəmələri Süleyman Hacıyevin borcu qaytarması ilə bağlı qərar versə də, o, bunu icra etməkdən yayınıb.
Nizami Rayon Məhkəməsinin 10 avqust tarixində qəbul etdiyi qərarla Süleyman Hacıyev Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək öhdəliyi də qoyulub.
Apardığımız araşdırmaya görə, Sultanxanım Nəsibova və onun təqsirləndirilən keçmiş həyat yoldaşı Qazax rayonunda tanınmış şəxslərdir. Sultanxanım Nəsibova uzun illər "Kapital Bank”ın İnsan resursları departamentinin direktoru olub və hazırda İlham Pirməmmədovun rəhbərlik etdiyi "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. İlham Pirməmmədovun rəhbərlik etdiyi təşkilat onun haqqında sənədli filim də çəkib.
Məsələ ilə bağlı danışmaq istəməyən Sultanxanım Nəsibova deyib ki, o bu barədə məlumat verə bilməz:
"Siz nəyə görə məni narahat edirsiz? Mən kim, onlar kim? Siz bu işlə niyə maraqlanırsız? Burda dövlət əmlakı mənimsənilməyib, adam öldürülməyib, oğurluq olmayıb... Kişilər arasında nə iş olub, özləri bilər. Tələbə yoldaşıdırlar, nə istəyirlər etsinlər...”.\\Qaynarinfo