BİZƏ DÜŞMƏN LAZIM DEYİL. ÖZÜMÜZ ÖZÜMÜZƏ DÜŞMƏNİK…
Biz onsuz da dörd bir tərəfdən düşmənlərlə əhatə olunmuşuq. Hər biri fürsət gözləyir ki, bizə hansısa tərəfdən zərbə vursun, milli ideyalarımıza, tariximizə, mədəniyyətimizə toxunsun, bizi köksüz, soysuz bir toplum kimi təqdim etsin.
Amma biz nə edirik? Özümüz öz tariximizi baltalayırıq.
Babəkə dil uzadırıq, Nəsimiyə dil uzadırıq, Şah İsmayıl Xətaiyə, Nadir şaha, Koroğluya, Qaçaq Nəbiyə, Həcərə, Xurşidbanu Natəvana qədər hər kəsin həyatında bir qüsur axtarıb onu qabardırıq. Sərkərdələrimizin, hökmdarlarımızın, dahilərimizin xidmətlərini deyil, şəxsi həyatlarında hansısa qüsuru müzakirəyə çıxarmağa daha çox həvəs göstəririk.
Sanki məqsədimiz tariximizi tanıtmaq yox, öz tariximizdən özümüzü utandırmaqdır.
Ən qəribəsi də budur ki, bunu çox vaxt Azərbaycan tarixində, mədəniyyətində, elmində, ədəbiyyatında, sənətində heç bir ciddi izi olmayan adamlar edir. Özləri ortada bir əsər, bir xidmət, bir əməklə görünməyənlər tarixə qiymət verməyə, dahilərə hökm çıxarmağa başlayırlar.
Sən tarixə dil uzatmaqla nə qazanırsan? Gündəmə gəlmək? Özünü tanıtmaq? Bunun üçün milli yaddaşını qurban verməyə dəyərmi?
Başqa xalqlar öz tarixinə belə münasibət göstərmir. Onlar tarixlərindəki şəxsiyyətləri böyüdür, dünyaya təqdim edir, milli yaddaşlarının dayağına çevirirlər. Biz isə öz əlimizlə öz dayaqlarımızı sökürük.
Amma məsələ yalnız tarixlə bitmir.
Əvvəllər “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyirdik. Qonşunun xəstəsi olanda baş çəkirdik, dərdi olanda yanında dayanırdıq, bir-birimizin qapısını tanıyırdıq. İndi eyni binada yaşayan insanlar bir-birinə salam verməyi belə artıq hesab edir. Bloka zibil atan, yuxarıdan aşağı paltarın üstünə su axıdan, ümumi məkanı öz həyətindən də betər vəziyyətə salan adamlar var.
Metroda, avtobusda bir insanın halı pisləşir, hamı baxır, amma heç kim yaxınlaşmır. Halbuki insanlıq bəzən çox sadə bir şeydir: “Sizə nə olub?” demək, su gətirmək, kömək çağırmaq…
Əgər biz öz blokumuzda bir-birimizə insan kimi münasibət göstərə bilmiriksə, böyük birlikdən necə danışa bilərik?
Bir tərəfdən beyin axınından danışırıq. Gənclər gedir, oxuyur, işləyir və bir çoxu geri qayıtmır. Ölkənin ən böyük sərvəti olan insanlar gedirlər. Bəs sabah burada kim qalacaq? Kim işləyəcək, kim elm yaradacaq, kim mədəniyyət quracaq?
Digər tərəfdən isə burada qalanların bir hissəsi bütün enerjisini bir-birini aşağılamağa, müzakirə etməyə, gözdən salmağa sərf edir.
Pul, maşın, ev, brend… Hər şey yarışa çevrilib. Filankəsin maşını 50 minlikdirsə, mənimki 70 minlik olsun. Onun evi böyükdürsə, mənimki daha böyük olsun. Amma insan özünü nə ilə böyüdür?
İnsan öz şəxsiyyəti ilə böyüyür.
Bu dünyada topladığımız maddi sərvətlərin heç birini özümüzlə aparmayacağıq. Amma arxamızca deyilən bir “Allah rəhmət eləsin” bəzən insanın bütün var-dövlətindən daha qiymətlidir.
Dindarlıq da yalnız zahiri görünüşlə, ibadətin forması ilə ölçülmür. İnsanlığın yoxdursa, mərhəmətin yoxdursa, vicdanın yoxdursa, yıxılanı qaldırmırsansa, ehtiyacı olana əl uzatmırsansa, içindəki eqoizmə qalib gələ bilmirsənsə, onda bütün bunların mahiyyəti nədir?
Şiə-sünni, dindar-deist, ateist-bütpərəst… XXI əsrdə hələ də insanı ilk növbədə bunlarla ölçmək nə qədər doğrudur? Sənin qarşındakı insan öz millətinin, öz xalqının nümayəndəsidirsə, ilk növbədə insan kimi ona münasibət göstər.
Bizim ən böyük problemimiz bəlkə də budur: daxili azadlığımız yoxdur. Başqasının geyimini, həyatını, şəxsi münasibətini, seçimlərini müzakirə etməyə saatlarla vaxt tapırıq, amma özümüzə baxmağa bir dəqiqə belə vaxt ayırmırıq.
Mən bu ölkəni çox sevirəm. Həmişə sevmişəm. Bu vətənin hər daşını, hər kəsəyini, tarixini, mədəniyyətini özümə doğma bilmişəm. Heç vaxt başqa ölkədə yaşamağı arzulamamışam.
Ona görə də bütün bunları görmək mənə ağrıdır.
Məni ən çox incidən isə böyük, qlobal problemlərdən əvvəl bir-birimizə münasibətimizdir. İnsanların getdikcə bir-birinə yadlaşması, biganələşməsi, mərhəməti itirməsi, yaxşılığı belə şübhə ilə qarşılamasıdır.
Bizə həqiqətən də əlavə düşmən lazım deyil.
Çünki ən təhlükəli düşmən bəzən qarşı tərəfdə dayanmır. İnsan öz tarixini, öz dəyərini, öz insanlığını dağıtmağa başlayanda düşmən artıq içəridədir.
Allah axırımızı xeyir eləsin.
Amma xeyirli bir son istəyiriksə, əvvəlcə ağlımızı başımıza yığmalı, bir-birimizə insan kimi davranmalı və ən əsası, özümüzə sual verməliyik:
Biz bu ölkəyə, bu xalqa, bu tarixə nə qoyub gedəcəyik?
Çünki uçuruma yuvarlandığımızı görməmək mümkün deyil.
Bəlkə də ən qorxulusu budur ki, artıq uçurumun dibinə çatmışıq, sadəcə xəbərimiz yoxdur.
Rübabə Səməndər \ Gender.az