Bakının ən bahalı əraziləri açıqlandı — Kvadratmetri 19 min...
Bakının Nəsimi rayonunda, Neftçilər prospektində mənzillərin 1 kvadratmetrinin maksimal qiyməti 19 min manata çatıb. Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsində isə bu göstərici 15 900 manat təşkil edir.
Bəs Bakının premium ərazilərində mənzil qiymətlərinin bu həddə yüksəlməsinin əsas səbəbləri nələrdir və belə bahalaşma digər ərazilərin daşınmaz əmlak bazarına da təsir göstərə bilərmi?
Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, bu küçə və prospektlər şəhərin ən mərkəzi əraziləri sırasındadır.
Onun sözlərinə görə, burada Dənizkənarı Bulvara, Bayraq Meydanına, "Tarqovu"ya, yəni indiki Nizami küçəsinə yaxın ərazilər yerləşir:
"Həm də bu yerlər dəniz kənarına yaxın olduğu üçün burada gözəl dəniz havası var. Yaşayış məntəqəsi kimi də çox gözəl, təmiz və xoş ərazi olduğuna görə Bakıya gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Bu səbəbdən həmin ərazilərdə istər satış, istərsə də kirayə bazarında hər zaman yüksək maraq olub. Bakıya gələn turistlərin 80-85 faizindən çoxu məhz bu ərazilərdə yaşamağa, həm kirayə, həm də daimi yaşamaq üçün mənzil tutmağa daha çox maraq göstərir. Məhz bu nöqteyi-nəzərdən həmin yerlərdə istər kirayə evlərin qiymətləri yüksəkdir, istərsə də tələbat daha çoxdur. Bu ərazilərdən ev və obyekt alanların sayı da kifayət qədər çoxdur. Bu, həm turistlər, həm də yerli əhali üçün keçərlidir. Hər kəs həmin küçələrdə evinin olmasını istəyər. Orada yaşamaq və ya bu evi ticarət məqsədilə, yəni kirayə verərək əlavə qazanc əldə etmək mümkündür. Bu baxımdan istər turistlər, istərsə də yerli əhali arasında bu ərazilərdə ev sahibi olmaq marağı yüksəkdir. Həm burada yaşamaq istəyənlərin sayı çoxdur, həm də əmlakı kirayə verərək əlavə gəlir əldə etmək istəyənlər kifayət qədərdir.
Bakıda keçirilən müxtəlif tədbirlər zamanı şəhərə gələn qonaqların böyük hissəsi məhz bu küçə və prospektlərdə, Dənizkənarı Bulvara yaxın ərazilərdə kirayə mənzil tutmağa üstünlük verirlər və burada yaşamaq istəyirlər.
Bu baxımdan həmin ərazilərdə tələbat daha yüksəkdir. Burada ev alanların sayı şəhərin kənar əraziləri ilə müqayisədə daha çoxdur. Bunu da xüsusi vurğulamaq istəyirəm ki, şəhərin ən mərkəzi və premium yaşayış ərazilərindən biri olduğuna görə burada yerli iş adamları, dövlət qulluqçuları və xüsusilə imkanlı şəxslər yaşamağa üstünlük verirlər.
Çünki qeyd etdiyim kimi, Dənizkənarı Bulvara, Bayraq Meydanına, xüsusilə Nizami və Xaqani küçələrinə yaxın olması bu əraziləri şəhərin ən mərkəzi hissələrindən birinə çevirir. Ona görə də burada istər daimi, istərsə də kirayə yaşamaq hər kəs üçün cəlbedicidir.
Məhz bu səbəbdən həmin ərazilərdə tələb təklifi üstələdiyinə görə qiymətlər şəhərin digər yerləri ilə müqayisədə daha sürətlə artır. Bu, həm satış, həm də kirayə bazarına aiddir. Bu ərazilərə tələbat həmişə olub və yenə də olacaq.
Kirayə qiymətləri də kifayət qədər yüksəkdir. Satış bazarında isə həmin ərazilərdə mənzil satanların sayı az, alıcıların sayı isə çox olduğu üçün qiymətlər daha sürətlə artır. Burada mənzil almaq istəyənlərin sayı satanların sayından bir neçə dəfə çoxdur".
Ekspert əlavə edib ki, çox nadir hallarda həmin ərazilərdə mənzillər satışa çıxarılır:
"Mənzillər satışa çıxarıldıqda isə kifayət qədər yüksək qiymətlərlə təklif edilir. Buna baxmayaraq, həmin mənzilləri alanlar da var. İstər xarici investorlar, istər xarici iş adamları, istər yerli iş adamları, istərsə də Bakıya gələn qonaqlar və turistlər üçün bu ərazilərdə yaşamaq, istər kirayə, istərsə də daimi olaraq məskunlaşmaq cəlbedicidir. Çünki şəhərin bu hissəsi sanki başqa bir nağıllar dünyasını əks etdirir. Bulvara və mərkəzi ticarət küçələrinə yaxınlığı, həmçinin Bakıda keçirilən Formula 1 və digər tədbirlərin bu ərazilərə yaxın olması xarici və yerli investorların diqqətini cəlb edir.
Burada başqa bir nüans da var. Bu ərazilərdə xüsusilə tarixi binaların yerləşməsi, şəhərin daha gözəl görünməsi və bir növ keçmişlə gələcəyin birləşdiyi məkan olması xarici turistlərin də marağına səbəb olur. Məhz bu baxımdan istər satış, istərsə də kirayə bazarında yerli və xarici investorların, o cümlədən xaricdən gələn qonaqların diqqətini daha çox cəlb edir. Burada evi olan şəxs həm yüksək gəlir əldə edə bilər, həm də həmin ərazidə yaşaya bilər.
Məhz bu səbəbdən də həmin ərazilərdə qiymətlərin hər il artdığı müşahidə olunur. Bu yerlərlə şəhərin digər ərazilərini müqayisə etsək, görərik ki, burada mənzillər şəhərin digər mərkəzi küçələri ilə müqayisədə daha yüksək qiymətə təklif olunur".