Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir
Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir. Ekspertlərin fikrincə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bununla bağlı yeni elektron portal hazırlanır. Portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Hesablamalara əsasən, hazırda sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin sayının təqribən 450-500 min arasında olduğu bildirilir. Vətəndaşların belə tikililərə çıxarış ala bilməməsinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərdir. Xüsusilə fərdi yaşayış evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv vulkanik ərazilərdə yerləşir. Maraqlıdır, görəsən, “əmlak amnistiyası”na düşməyən tikililərin taleyi hansı formada həll ediləcək? Bu tikililərin sayı nə qədərdir? Ümumiyyətlə, amnistiya daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
Vətəndaşlar narazı qalmayacaqlar
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, təxminən 30 minə yaxın tikilinin “əmlak amnistiyası”nda yer almayacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu cür evlərə çıxarışların verilməsi mümkünsüzdür: "Ümumiyyətlə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Amma qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər, eləcə də aktiv mədən və vulkanik ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Düşünürəm ki, proqram icra olunarkən həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi aktual olacaq. Lakin bu o demək deyil ki, hökumət dərhal 30 minə yaxın ailəni bir gecədə çölə tökəcək”.
Ekspert deyib ki, ölkə rəhbərliyi bu istiqamətdə qərarlar qəbul edərkən sosialyönümlü hökumət platformasının yaradılmasını əsas götürür. Burada da əsas məsələlərdən biri vətəndaş məmnunluğudur: “Bu mənada düşünmürəm ki, Azərbaycan hökuməti təxminən bir milyon evi sənədləşdirərkən 3-5 faizlik kütləni nəzərə almasın. Çox güman ki, bu məsələ ya vətəndaşa kompensasiya ödənilməsi, ya da başqa ərazilərə köçürülməsi yolu ilə öz həllini tapacaq”.
Bələdiyyələrə torpaq sahələrinin xəritəsi verilməyib
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, uzun illər tikinti sahəsində mövcud olan pərakəndəlik qanunsuz tikililər problemini daha da dərinləşdirib. Onun sözlərinə görə, zamanında bu sahə ilə bağlı bir çox qurum sərəncam vermək hüququna malik idi: “Məsələn, 2000-ci ildən bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Həmin dövrdən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr vətəndaşlara torpaq satırdı. Amma bələdiyyələrə satmaq üçün torpaq sahələri ayrılsa da, onların xəritəsi verilməmişdi. Bu torpaqlar hansısa bir dövlət təşkilatının və ya qurumun balansında idi. Əslində bələdiyyələr həmin torpaqları satarkən kadastr planı, yerləşdiyi koordinatları göstərməli idilər. Bu koordinatları isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmin etməli idi. Zamanında proses düzgün aparılsaydı, sənədsiz tikililər problemi bu qədər dərinləşməzdi".
Ekspert vurğulayıb ki, vaxtilə müxtəlif qurumların sərəncamları əsasında vətəndaşlara ayrılan torpaq sahələri artıq böyük yaşayış massivlərinə çevrilib. Amma bəzi qurumlar qadağan olunmuş ərazilərdə də torpaq satışları həyata keçiriblər: “Təbii ki, amnistiya nəzərdə tutulsa belə, həmin əmlaklara çıxarış verilməyəcək”.
Bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq
E.Fərzəliyevin fikrincə, “əmlak amnistiyası” daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq: “Məlumdur ki, Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə əmlakların satış qiymətlərində ciddi artımlar var. Fərdi həyət evlərinin qiyməti bina evləri ilə müqayisədə daha ucuzdur. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. Əvvəllər bazarda nağd alıcıların sayı kifayət qədər idi. İndi isə vətəndaşların çoxu, xüsusilə gənc ailələr kreditlə mənzil almağa üstünlük verirlər. Statistikaya görə, son illər əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. İpoteka və Zəmanət Fondunun ayırdığı kreditlərin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərini əhatə edib. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi olmalıdır. Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışı olmadığından vətəndaşların daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə əldə etmək imkanını məhdudlaşdırır. Məsələn, hazırda Bakı şəhərinin istənilən metro stansiyasına yaxın yeni tikili binalarda birotaqlı təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70-90 min manat arasındadır. Hərçənd ki, 90-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar. Amma vətəndaşlar belə evləri kreditlə ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan, əgər sözügedən amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Bu da öz növbəsində əmlak bazarında ciddi canlanmaya səbəb olacaq”. (“Kaspi” qəzeti)