Qayınatamın gözləri görmürdü - Eşitdim ki, qayınanam... - Rayonda ŞOK OLAY
Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gender.Az Teleqraf.com-un xəbərinə görə bildirir ki, Kürdoğlu Hüseynovun qayınanası Ləman Nəsibova (cinayət işində adı keçən zərərçəkmişin və onun ailə üzvlərinin ad və soyadları şərti verilib - red.) əri ilə 2015-ci ildə boşandıqdan sonra Goranboy şəhər sakini ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb və yüngül həyat tərzi keçirməsi ilə əlaqədar aralarında münaqişə yaranıb.
Bu səbəbdən Kürdoğlu Hüseynov 2020-ci il tarixdə Ləman Nəsibovanın yaşadığı ünvana gedərək, evin qapısı qarşısında ona pozğun əməllərindən əl çəkməsini bildirib. Ləman onu nalayiq sözlərlə təhqir edib, oradan qovub.
Bundan hiddətlənən Kürdoğlu Hüseynov qayınanasını öldürmək qərarına gəlib. 21 mart 2020-ci il tarixdə, səhər saatlarında valideyinləri ilə bayramlaşmaq məqsədi ilə getdiyi Tərtər rayonunun Düyərli kənd qəbirstanlığında torpağa basdıraraq gizlətdiyi, babası Oruc Hüseynovdan qalan bıçağı götürüb.
Bayram günü qətlKürdoğlu Hüseynov günorta saatlarında arvadı və qayınatası ilə birlikdə Goranboy şəhərində olan evinə qayıdıb. Evdə arvadı ilə qayınanasına görə mübahisə edib. Saat 17 radələrində Ləman Nəsibovanı öldürmək məqsədi ilə onun yaşadığı ünvana yollanıb. Həyət darvazasını döyüb, qapını açan olmasa da, evdən Leylanın səsini eşitdiyindən həyətə düşüb.
Evin giriş qapısından dəhlizə, oradan da evin qonaq otağına daxil olub, Ləman Nəsibovanın mətbəxdə telefonla danışdığını görüb. Evin mətbəxinə keçib, telefonla danışan qaynanasının üzərinə gedərək, ona nəyə görə pozğun həyat tərzindən əl çəkmədiyini soruşub. Qayınanasına bu hərəkətlərlə onun da həyatını məhv etdiyini deyib. Ləman Nəsibova ona kobud cavab verib.
Kürdoğlu Hüseynov cibindən bıçağı çıxararaq Ləman Nəsibovaya 4 dəfə zərbə endirib. Qadın aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.
Kürdoğölu Hüseynov onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb. Ləman Nəsibova rayon mərkəzi xəstəxanasına çatdırılıb və həyatı xilas edilib.
“Əcəb edirəm, adınızı batıracam"
İstintaq orqanı tərəfindən Kürdoğlu Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kürdoğlu Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun ifadəsinə görə, 2019-cu ilin iyun ayında Goranboy şəhər sakini Fəridə ilə ailə həyatı qurub, birlikdə 2 ay müddətinə, yəni 2019-cu ilin avqust ayına qədər Tərtər rayonunun Düyərli kəndində valideyinləri ilə birlikdə yaşayıb:
“Daha sonra qayınatam Vaqif birinci qrup Qarabağ əlili olduğu üçün gözləri görmədiyindən arvadım Fəridə ilə məcbur olaraq onun yaşadığı evə köçdük. Qayınatam hadisədən təxminən 4 ay öncə Goranboy rayon sakini Məmməd adlı şəxsin onun ailəsini dağıdıb, Ləmanı saxladığını, həmin səbəbdən boşandığını dedi. Qayınanamı tez-tez Goranboy rayon sakini Məmməd adlı şəxsin “Mersedes E” markalı avtomobilində gördüm.Dörd ay əvvəl qayınanam Ləmanın evinə getdim, “bilirəm, səni Məmməd saxlayır, bizim adımızı batırma, utandığımdan çölə çıxa bilmirəm”, deyə bildirdim. Ləman mənə cavabında “əcəb edirəm, hələ bundan artıq sizin adınızı batıracam” dedi”.
“Pozğunluqdan əl çəkməsini istədim”
Təqsirləndirilən şəxs bildirib ki, qayınatası Vaqifgilə köçəndən sonra Ləmana səhvlərini deyib: “Bu səbəbdən Ləmanın mənimlə münasibəti pis olub. Ləmana Məmmədlə gəzməyi barədə bir neçə dəfə xəbərdarlıq etmişəm. Hər dəfə Ləman sözlərimə məhəl qoymayıb, hər dəfə “əcəb edirəm, sənə dəxli yoxdur” deyib.
Daha sonra eşitdim ki, Ləman evində başqa pozğun qadın saxlayır, həmçinin başqa yerlərdə pozğunluq edir. Bunu edə-edə danışır ki, mən Vaqif arvadıyam, qızım Fəridədir, onun əri də Kürdoğludur. Bir daha qayınanam Ləmangilə getdim. Məqsədim ona pozğun əməllərindən əl çəkməsini, evinə pozğun qadınlar salmamasını, Ceyhunla biabırçı münasibətlərini kəsməsini, həmçinin adımızı orda-burda çəkib, bizi biabır etməməsini demək olub.
Ləmanın yaşadığı evin çöl qapısı qarşısında dayanaraq onu çağırdım. Evdə tək olduğunu biləndə içəri girdim. Ləmana bir daha Məmmədlə münasibətlərini kəsməsini, evinə başqa pozğun qadın salmamasını və pozğunluğundan əl çəkməsini dedim. Ləman kobud və nalayiq sözlərlə cavab verərək məni evdən qovdu. Oradan uzaqlaşdım, evə gəldim, yeməyimi yeydim, heç kimə heç bir söz demədən yatdım”.
“Mənə “biz ayrılaq, evimizdən çıx” dedi”
Kürdoğlu Hüseynovun ifadəsinə görə, səhər qayınatası ona “bu gün bayramdı, get Tərtərə, valideyinlərinlə bayramlaş” deyib: “Bayramlaşmaq məqsədi ilə atamgilə getdim. Atam-anam evdə olmadığından onları gözləməyib evdən çıxdım. Qəbirsanlıqda basdırdığım babamdan qalma bıçağı götürdüm, Goranboy şəhərindəki evə qayıtdım.
Evdə arvadım Fəridəyə dedim ki, sənin anan düzəlmir. Bu səbəbdən arvadım ilə mübahisə etdim. Fəridə i mənə “biz ayrılaq, evimizdən çıx” dedi. Ondan səbəbi soruşdum, bildirdi ki, sən mənim anama hədə-qorxu gəlirsən, onun öz həyatıdır, qarışma, gəzir, yaxşı edir. Mən cavabda “çıx deyirsən, çıxım, amma məsələ belə qalmayacaq” dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, gödəkçəsini geyinib, evdən çıxıb: “Saat 17 radələrində Ləmanı əməllərindən çəkindirmək məqsədi ilə bir daha onun evinə gəldim. Çöl qapını döydün, açan olmadı. Ləmanın kiminləsə telefonda danışdığını eşitdim və evdə olduğunu anladım. Hasardan tullanaraq həyətə daxil oldum. Evin qapısını açıb dəhlizə, dəhlizdən də qonaq otağına keçdim.Ləmanın mətbəxdə kiminləsə telefonla danışdığını eşidım. Evdə başqa heç kim yox idi. Ləman məni görən kimi telefonu söndürdü, məndən burada nə işimin olduğunu soruşdu. Cavab verdim ki, sənə dedim axı pozğunluğunu, fahişəliyini yığışdır, mənim həyatımı niyə məhv eliyirsən?.. Dedi ki, yaxşı edirəm, sən kimsən həyatıma qarışırsan.
Sağ arxa cibimə qoyduğum qatlanan bıçağını çıxardım, öncə Ləmanın sinə nahiyəsindən vurdum. Ləman əl-qol atmağa başladı. Ona yaxınlaşaraq bir daha bıçaqla Ləmanın yadımda qalmayan nahiyəsindən vurdum, qırağa çəkildim. Ləman yerə yıxıldı. Yıxılarkən kürək nahiyəsindən də 2 bıçaq vurdum.
Bıçağın tiyəsində olan qanı Ləmanın üstünə sildim, sonra cibimə qoydum və çölə çıxaraq hasardan asdığım gödəkçəmi geyindim. Könüllü şəkildə Goranboy rayon polis şöbəsinə gəldim. Qayınanam Ləmanı bıçaqladığımı bildirdim”.
Kürdoğlu Hüseynov ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını, ona yüngül cəza təyin olunmasını xahiş edib.
“Mənim elə bir qızım yoxdur”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Nəsibova bildirib ki, qızı Fəridə ilk ərindən boşandıqdan sonra Tərtər rayon sakini Kürdoğlu Hüseynovla ailə həyatı qurub: “Həmin ərəfədə qızım Fəridə ilə danışmırdım. Bir dəfə mobil telefonuma tanımadığım nömrədən zəng gəldi. Bir nəfər oğlan salam verdi, qızım Fəridənin əri olduğunu, yeni evləndiklərini, halallıq istədiyini dedi. Mən isə “elə bir qızım yoxdur, amma yenə də Allah sizi xoşbəxt etsin” dedim.
Daha sonra qızımla barışdım. Qızım əri Kürdoğlu ilə bəzən evimə gəlib. Mən də qızımı və əri Kürdoğlunu yaxşı qarşılamışam.
Daha sonra qızımdan Kürdoğlunun evdə tez-tez dava saldığını eşitdim. Bu səbəbdən Fəridəni Kürdoğludan boşanmaq istədi. Kürdoğlu da Fəridənin boşanma səbəbini məndən görürdü”.
“İtlə məşq edib ki, məni öldürməyə gələndə hürməsin”
Ləman Nəsibova qeyd edib ki, hadisədən bir gün əvvəl Kürdoğlu qızı Fəridə ilə birlikdə onun evinə gəlib: “Fəridə Kürdoğluna “anamın evinə girmə” deyərək evə buraxmadı. Kürdoğlu çöldə qaldı. Fəridədən Kürdoğlunu evə niyə buraxmadığını soruşdum. Cavabda bildirdi ki, bütün günü evdə atamla oturub sənin qeybətini qırırlar. Həyətə çıxanda Kürdoğlunun itlərə yaxınlaşaraq, daha sonra kənara çəkildiyini gördüm.
Hadisədən sonra başa düşdüm ki, Kürdoğlu itlə məşq edib, məni öldürməyə gələndə itlər hürməsin.
Həyətdə Kürdoğludan işdən çıxma səbəbini soruşdum. Dedi, maaş az idi, ona görə çıxdım, bir də sənə bir söz deyim, Vaqif mənə deyir ki, sən necə oğlansan, Ləmanı öldürmürsən.Ona bildirdim ki, a bala, mən ondan boşanmışam, məndən nə istəyir? Daha sonra Kürdoğlu Fəridəni də götürərək getdi. Mənim və Kürdoğlunun arasında həmin vaxt mübahisə olmayıb”.
“Gözümü qırpmadım ki, güya ölmüşəm”
Lıman Nəsibova ifadəsində Kürdoğlu Hüseynovun onun evinə gəlməsindən, mübahisə etməsindən, sonra onu bıçaqlayaraq getməsindən danışıb: “Kürdoğlu məni bıçaqla vuranda üzü üstə yerə yıxıldım. Kürdoğlu əyilərək gözlərimə baxdı. Məndən əl çəkməsi üçün gözümü qırpmadım ki, güya ölmüşəm.
Kürdoğlu bir az mənə baxdıqdan sonra getdi. Bir-iki dəqiqə gözlədikdən sonra sürünə-sürünə çölə çıxdım. Həyətin darvazasından tutaraq ayağa qalxdım və evimin yanında moykada işləyən Elmir adlı oğlana səsləndim. Elmir qaçaraq yanıma gəldi. Ona “mənə kömək edin” dedim. Elmir təcili tibbi yardıma zəng etdi və məni Goranboy rayon mərkəzi xəstəxanasına apardılar”.
Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, Kürdoğlu onun pozğun həyat tərzi keçirdiyini zənn edib və onu bıçaqla öldürmək istəyib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kürdoğlu Hüseynov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.