Ukraynalı teleaparıcının Bakıdakı evindən 120 min dollarlıq qızıl necə oğurlanıb? (TƏFƏRRÜAT)
Bakıda ukraynalı teleaparıcı, siyasi elmlər namizədi Anastasiya Ragimovanın evindən 120 min dollarlıq qızıl oğurlanıb.
Gender.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, hadisənin 1996-cı il təvəllüdlü Elvin və 2001-ci il təvəllüdlü Süsən tərəfindən törədilməsi məlum olub.
Belə ki, Süsənin anası Minarə adlı qadın aylıq 1000 manat əmək haqqı almaq şərti ilə Anastasiya Ragimovanın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilində övladlarının baxıcısı işləyib.
Süsən münasibətdə olduğu Elvin adlı şəxslə plan quraraq, Anastasiya Ragimovanın qızıllarını oğurlamaq qərarına gəlib. Süsən anasına zəng vuraraq, Anastasiyanın evində olan eynəyini və pişiyini götürmək üçün gəlmək istədiyini deyib. Anasından razılıq aldıqdan sonra evə gedib. Daha sonra dolabdan qızılları götürərək, evi tərk edib. Süsən və Elvin qızılları sataraq pulunu xərcləyiblər.
Anastasiya Ragimova məhkəmədə bildirib ki, 2016-cı ildə alınmış 8,78 qram çəkili, 585 əyarlı "Cartier” markalı sarı qızıldan brilliant qaşlı 1 cüt qızıl sırğası, 2004-cü il istehsallı, birlikdə çəkiləri 15,3 qram təşkil edən 750 əyarlı, 0.3 karatlı 8 ədəd brilliantı olan 1 cüt qızıl sırğası və 1 ədəd qızıl üzüyü, həmçinin ümumi çəkiləri 400 qram təşkil edən və 750 əyarlı olan, 2016-cı ildə alınmış "Pasguai Burini” markalı 1 cüt qızıl sırğası, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl kolyesi, 2017-ci ildə alınmış "Tiffany” markalı qızıl kolyesi, 2000-ci ildə alınmış "Pişik” formalı klonu olan qızıl uzun boyunbağısı, 2017-ci ildə alınmış "Cartier” marakalı birilliant qaşlı ağ qızıldan 1 cüt sırğası, 2000-ci ildə alınmış "Rubin” daşlı 1 cüt qızıl uşaq sırğası, 2004-cü ildə alınmış "sarı tapaz” qaşlı 1 ədəd üzüyü, qeyri-müəyyən tarixdə alınmış "sarı tapaz” qaşlı 1 cüt sırğası, 2000-ci ildə alınmış zümrüd qaşlı qızıl 1 ədəd üzüyü, 2016-cı ildə alınmış miravari qaşlı 1 ədəd qızıl üzüyü, 2017-ci ildə alınmış birilliant qaşlı klonu olan 1 ədəd qızıl uşaq boyunbağısı, 2022-ci ildə alınmış qızıl xaç klonu ilə 1 ədəd boyunbağsı, qeyri-müəyyən tarixdə alınmış "Cartier Lov” markalı sarı qızıldan qolbağı və çəkisi haqqında hər hansı məlumat olmayan 2016-cı ildə alınmış "Butali” markalı gümüş klonu (100 manat dəyərində) oğurlanıb.
O, əşyaların demək olar ki, hamısının İtalyan qızılı (750 əyarlı) olduğunu və həmin qızıl əşyalarının təxmini çəkisinin 400 qram təşkil etdiyini bildirib. Hadisə nəticəsində ona ümumilikdə təxminən 120.000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini qeyd edib.
Amma məhkəmə-əmtəəşünaslıq ekspertizasında oğurlanan qızıl-zinət əşyaları ümumilikdə cəmi dəyərinin 42.408 manat müəyyən edilib.
Anastasiya Ragimova məhkəmədə oğurluğu törədən hər iki şəxslə barışıq əldə edildiyini və onlara qarşı heç bir iddiası və tələbi olmadığını deyib.
Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Süsən 1 il 2 ay, Elvin 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, Anastasiyia Ragimova "CBC Azərbaycan" kanalında siyasi verilişlər üzrə teleaparıcı işləyir.