"Məndən gizlətdiyi ikinci telefonu vardı - toy günündə üst-başımı cırdı ki..." - Bakıda dəhşətli cinayət
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Tural qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytacı (adlar şərti verilib - red.) qətlə yetirib.
Gender.Az teleqraf.com-a istinadən bildirir ki, Tural arvadı Aytacla son dövrlərdə ailədaxili münasibətlərinin korlanması, Aytacın ailə münasibətlərinə uyğun gəlməyən hərəkətlər etməsi, yəni, cəmiyyət içində açıq-saçıq geyinməsi, onun barəsində əxlaqa uyğun olmayan, şərəf və ləyaqətinə təsir edən nalayiq ifadələr işlətməsi, ailə başçısı kimi hörmət qoymayıb yad kişilərlə münasibət quraraq xəyanət etməsindən əsəbləşib.
Aytac sonuncu dəfə 10 may 2023-cü ildə saat 10 radələrində yaşadıqları evdə Turala qarşı eyni xarakterli hərəkətləri təkrarlayıb. Bu səbəbdən o, qisas almaq niyyəti ilə arvadını öldürmək qərarına gəlib.
Tural ona qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı avradına yenidən iradını bildirsə də, Aytac buna məhəl qoymayıb. Evin dəhlizində Aytacı boğmağa çalışsa da, qadın əlində tutduğu tozsoranın borusu ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Tural yaxınlıqdakı mətbəxə gedib.
Oradan götürdüyü bıçaqla Aytacın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub. Ümumilikdə 9 bıçaq xəsarəti alan Aytac vəfat edib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2004-cü ildə Aytacla evlənib, həmin evlilikdən 3 övladları var: "Son vaxtlar Aytac günbəgün açıq-saçıq geyinir, küçəyə bu formada çıxırdı. Ona geyimilə bağlı irad tutsam da, sözlərimi dinləmirdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ildə Aytacdan boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edib: "Aytac problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni ər kimi saymırdı. Barəmdə polisə şikayət edəcəyini, polisə döyüldüyünü deyərək məni tutduracağını bildirirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürdüm.
2022-ci ilin avqustunda məhkəməyə müraciət etdim. Bu dəfə ərizəmi geri götürmədim. O vaxtdan məhkəmə mübahisəmiz davam etdi. Evdə mübahisələrimiz isə daha da şiddətləndi".
Tural qeyd edib ki, sonuncu dəfə 10 may 2023-cü ildə saat 9 radələrində yaşadığı evdə Aytacın səsinə yuxudan oyanıb: "Ucadan mənə və oğluma söydü. Həmin gün yenə də açıq-saçıq geyindi. Mən çölə çıxıb evdən getmək istədim.
Aytac tozsoranı götürüb dəhlizi tozsoranladığı vaxt söyməyə davam etdi. Ondan susmağı, təhqirlərə son verməyi istədim. O da yaxşı elədiyini dedi. Saat 10 radələri idi".
Təqsirləndirilən şəxs bildirib ki, dəhlizdə əlində tozsoran olan Aytacın boğazından tutub və arxası üstə onu yerə yıxıb: "İki əlimlə Aytacın boğazından tutaraq sıxmağa başladım. O, müqavimət göstərməyə çalışdı. Müqaviməti görəndə dərhal mətbəxə getdim, bıçaq götürdüm və dəhlizə qayıdaraq ona zərbələr vurdum. Aytac arxası üstə halsız vəziyyətdə uzanıqlı qaldı.
Bıçaq zərbələri vurarkən Aytac öncə müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Onun öldüyünü anladım. Bıçağı meyitin yanına qoyub polisə gedərək təslim oldum. Törətdiyim əməli etiraf etdim.
Aytac məni onu öldürməyə məcbur edib. Açıq-saçıq geyinməsi, təhqirli sözlər işlətməsi onu öldürməyimə vadar edib. Əməlimdən peşmanam".
Təqsirləndirilən şəxs bildirib ki, Aytacı ağır söyüşlər söyməsi, ona xəyanət etməsi, açıq-saçıq geyinməsi səbəbindən öldürüb: "Onun məndən gizlətdiyi ikinci telefonu vardı. Aytacı döyməmişəm, əksinə Aytac məni döyüb. Qardaşımın toy günündə üst-başımı cırdı ki, toya getməyim. Mən də bununla bağlı 12-ci Polis Bölməsinə müraciət etmişəm. Aytacın mənə xəyanət etməsi barədə onun anasına, bacısına və qardaşına məlumat vermişəm. Mənə neçə dəfə xəyanət etmişdi. Sonuncu xəyanətində ailəsinə bildirmişəm ki, gəlib onu aparsınlar, ondan boşanacam".
İş üzrə zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Vaqifin sözlərinə görə, Aytac onun balaca bacısıdı: "Bacım Turalla tanış olaraq öz istəyi ilə evləndi. Üç övladları vardı. Bir qardaş kimi bilirdim ki, münasibətləri evlilikdən sonra korlandı. Aralarında daimi problemlər olurdu. Ailə kimi yola getmirdilər. Bildiyim qədərilə ev üstündə mübahisələri də vardı. Turalın anası evi satmaq istəyirdi. Aytac da evin satılmasına razı deyildi. Mən işimlə əlaqədar tez-tez Rusiyaya getdiyim üçün problemlərinin dərinliklərini bilməmişəm.
Tural Aytacın xəyanət etməsi barədə bir qardaş kimi mənə bildirmişdi. Lakin heç vaxt konkret şəxs adı çəkməmişdi. Aytacı öldürmək niyyəti barəsində də heç vaxt mənə hər hansı bir söz deməmişdi. Onun Aytacı öldürməsinin səbəbi haqda məlumatım yoxdur".
Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anası bildirib ki, gəlini Aytacın Nəsib adlı şəxslə sevgi münasibətləri olub: "Nəsib nazirlikdə işləyirdi, onu sadəcə şəkillərdə görmüşəm. Gəlinim 68 saylı məktəbin qarşısından Nəsibin maşınına minirdi, harasa gedirdilər. Hətta Nəsibin nəvəmlə şəkili də var. Oğlum isə səhər işə gedib, axşam gəlirdi. Nəvəm öz anasını güdüb, anasının əxlaqsız həyat tərzi keçirdiyini öyrənmişdi".
İş üzrə şahid qismində ifadə verən Nəsibin sözlərinə görə, əvvəl nazirlikdə işləyib, lakin bu cinayət işi ilə əlaqədar işdən çıxarılıb:
"Aytacı 2016-ci ildə "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanımışam. "İnstagram"da qadın səhifəsindən paltar alırdım və Aytacla əlaqəm yarandı.
Aytacın anası Türkiyədə yaşayırdı, mən ona pul göndərirdim. O da Türkiyədən Azərbaycana paltar yollayırdı. Həmin paltarları Bakıxanov qəsəbəsində "Harmoni" mağazasından onlayn şəkildə satırdıq.
Daha sonra Aytacla Bakıxanov qəsəbəsində kişi geyimləri mağazası açmaq barədə razılaşdıq. Bir neçə dəfə müxtəlif obyektlərə baxdıq. Lakin münasib yer tapa bilmədik. Aytac borcları olduğunu dediyinə görə ona köməklik məqsədilə 2019-cu ildə "Kapital Bank"dan 5800 manat kredit götürdüm. Kredit götürdüyü məbləğ 5800 manat olsa da, ödəyəcəyim məbləğ faizi ilə hesabladıqda 7000 manat oldu. Aytac 1 il ərzində kredit götürülən pulun 2000 manatını ödədi, qalanı özüm ödədim".
Nəsib deyib ki, Aytaca işi ilə bağlı 1350 manat da verib: "Lakin həmin pulu mənə qaytarmadı. Mən Aytacla sevgili olmamışam. Biz sadəcə birlikdə iş görmüşük. O mənim adıma kreditə pul götürüb. Onunla birlikdə mağaza üçün mal götürməyə də gedirdim. Qızının evdə tək olduğunu deyəndə onunla birlikdə evlərinə gedirdik. Aytacın qızı ilə şəkil onda çəkdirmişəm.
Aytacın ailəli olduğunu bilmirdim. O mənə boşandığını, oğlunun atası ilə, qızının isə özü ilə qaldığını və bir həyət içində ayrı-ayrı evlərdə yaşadıqlarını deyirdi. Aytacın ailəli olmağını dəqiqləşdirmək heç vaxt mənə maraqlı olmayıb. Çünki Aytacla birgə iş görmüşük. İstintaq zamanı Aytacın ailəli olduğunu bilmişəm".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.