Məhkəmə araşdırması 2 günə yekunlaşdı
Ermənistanın iki hərbçisi – Karen Kazaryan və Arutyun Ovagimyanın hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası istənilib. Onların mayın 26-da Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində saxlanıldığı bildirilir.
İyulun 6-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində erməni hərbçilərin işi üzrə dövlət ittihamını müdafiə edən prokuror bu təkliflə çıxış edib.
Bu cinayət işinə Fəhmin Hümbətovun sədrlik etdiyi, Hafiz Əliyev və Aynur Rzayevadan ibarət hakimlər kollegiyası baxır.
Ermənistan hərbçilərinin işi üzrə məhkəmə araşdırmaları cəmi iki gün çəkib. İyulun 5-də başlayan məhkəmə istintaqının bir gün sonra – iyulun 6-da başa çatdığı elan olunub. Prokuror bildirib ki, Karen Kazaryan və Arutyun Ovagimyana qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb.
İttihama əsasən, adları çəkilən təqsirləndirilən şəxslər Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri olublar. Onlar Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə, sərhədi qanunsuz keçiblər.
Arutyun Ovagimyan və Karen Kazaryan həmçinin sərhəddən silah-sursat keçirməkdə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırmaqda ittiham olunur. İddia olunur ki, onlar saxlanılanda üstündən “Kalaşnikov” avtomatı, 10 patron və bir güllə darağı aşkarlanıb.
Lakin onlar bu ittihamı qəbul etmir, Azərbaycan ərazisində terror aktları törətmək məqsədilə sərhədi bilərəkdən qanunsuz keçmələri barədə yazılanlarla razılaşmırlar.
Prokurordan sonra təqsirləndirilən şəxslərin vəkilləri, ardınca isə özləri çıxış ediblər. Bundan sonra hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm iyulun 7-də elan olunacaq.
1989-cu il təvəllüdlü Arutyun Ovagimyan və 2004-cü il təvəllüdlü Karen Kazaryana qarşı qaçaqmalçılıq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, milli düşmənçilik salmaya yönəlik hərəkətlər və s. ittihamlar irəli sürülüb.
Dörd nəfər – Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Məhərrəmov və İbrahim Şıxlarov isə zərərçəkmiş qismində tanınıb. Onlar Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Təqsirləndirilən erməni hərbçilər məhkəmədə dövlət hesabına vəkil və Azərbaycan dilindən erməni dilinə və ya əksinə tərcüməçi ilə təmin olunub.
Bu məhkəmə prosesində hazırlıq iclasında və prokuror ittiham aktını elan edəndə jurnalistlərin iştirakına icazə verilsə də, ondan sonra media nümayəndələri çıxarılıb. Bundan sonra jurnalistlərin prosesi izləməsinə imkan verilməyib.
Ermənistan Müdafiə Nazirliyi saxlanılan hərbçilərin təxribat-diversiya qrupunun üzvləri olması, onların sərhəddə təxribata cəhd göstərməsi haqda Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:
“Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”. \\MeydanTV