2 ay əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin üstü açılıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Gender.az-a daxil olan birgə məlumata əsasən, hər iki qurumun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində Xaçmaz rayonunun Yalama kəndi ərazisində bu ilin aprel ayında törədilərək bağlı qalmış qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Belə ki, aprelin 9-da saat 23 radələrində kənd sakinləri 60 yaşlı Aslan Tarverdiyev və 58 yaşlı Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.
İstintaqla 27 yaşlı Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırması və bundan sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramin Ağaxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.