Redaktor seçimi
    Poroşenko məhkəmədə yuxuladı - VİDEO
Xəbər lenti
Reklam
"İndi elektronika əsridir, hamı bir-birini izləyir" - Əfşar Süleymani

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin müsahibəsini təqdim edirik:
 
- 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycan - İran münasibətlərində yaranan və sonrakı müddətdə daha da artan soyuqluq, aradan qalxmaqdadır. Çünki Aşqabadda Azərbaycan və İran prezidentlərinin bir araya gələrək, ölkələrimizi və xalqlarımızı maraqlandıracaq xeyli məsələləri müzakirə etməsi, hətta bir çox vacib sahələrdə razılığa gəlmələri bunu deməyə əsas verir.
 
- Məlum məsələlərdən sonra yaranmış soyuq münasibətləri aradan qaldırmaq üçün Aşqabad görüşü çox böyük töhfə verəcək. Açığını desəm, bu vəziyyətdən sonra prezidentlər arasında görüşün belə tez keçiriləcəyini gözləmirdim. Amma Aşqabadda baş tutan görüş qarşılıqlı təmasların təməlini qoydu və dövlətlərimiz arasında əlaqələrin daha da genişlənməsinə stimul verəcək. Bu gün iki ölkə arasında çox məsələ var ki, həllini gözləyir. Bu baxımdan ilk görüşü başlanğıc saymaq olar. Ehtiyac duyulan çox sayda iqtisadi layihələri həyata keçirmək lazımdır. Hətta deyərdim ki, onları icra və inkişaf etdirmək üçün yönləndirilməyə ehtiyac var. Mən bu fikrimi hər zaman, hətta Azərbaycanda səfir olanda da demişəm. Mövqeyim budur ki, bu iki qardaş ölkə iqtisadi sferada maksimum əməkdaşlıq etməlidir. Çünki iqtisadi birlik yaransa, bu, mədəni əlaqələrin də inkişafını sürətləndirər.
 
- İran tərəfi bildirdi ki, son vaxtlar söhbət mövzusu olan Zəngəzur dəhlizinin yaradılmasını tam səmimi qarşılayır və alqışlayırlar. Çox maraqlıdır, bir halda ki beləydi, niyə ilk vaxtlar bu mövqe bildirilmirdi, əksinə münasibətləri soyudan fikirlər səsləndirilirdi?
 
- Çünki əvvəldən İran bu məsələdə bir məqama aydınlıq gətirilməsini istəyirdi. İndi nə səviyyədə aydınlıq gətirilib, bilmirəm, amma narahatlıq bu idi ki, Zəngəzur dəhlizi yarandığı təqdirdə İranın Ermənistanla birbaşa sərhədi qapacaqdı. Tehran isə bunu istəmir. Çünki Ermənistan İran üçün enerji və tranzit baxımından alternativ yoldur. İranın məqsədi var ki, Hind okeanı sahilindən başlayaraq Ermənistandan keçməklə Gürcüstana və oradan da Avropaya nəqliyyat xətti çəksin. Düzdür, Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir. Amma Ermənistan yolu alternativdir. Yenə deyirəm: dəhliz məsələsi Ermənistanla Azərbaycan arasında həll olunacaq layihədir. Burada Rusiyanın da böyük rolu var. Əslində Ermənistan da istəmir dəhliz vermək. Ermənilər istəyirlər ki, dəhliz yox, sadəcə dəmir və şosse yolları işləsin, özü də Ermənistanın tam nəzarəti altında. İrana gəlincə, Zəngəzur ərazisində hansı dəhlizlər yaradılır yaradılsın, bu işə qarışmır, sadəcə Ermənistanla birbaşa sərhədlərinin itməsini istəmir.
 
- Azərbaycanda daha öncə səfir olmuş, ölkəmizi daha yaxşı tanıyan, iki ölkə arasında əlaqələrdə də daha çox nəyə ehtiyac olduğunu bilən bir şəxs olaraq deyin: Bu gün İran-Azərbaycan iqtisadi əlaqələrində inkişafa nail olmaq üçün konkret hansı sahələrdə addımlar atılmalıdır? Qarşılıqlı olaraq ticarətin həcmini yüksəltmək və investisiyalar yatırmaq üçün hansı sahələrdə daha çox potensial olduğunu düşünürsünüz?
 
- İqtisadi əməkdaşlıq çox sahələri əhatə edə bilər. Tranzit, nəqliyyat, enerji məsələləri bura daxildir. Məslən, Aşqabadda da qərara alındı ki, Türkmənistan qazı İran ərazisindən Azərbaycana ötürülsün. Bunlar çox gözəl addımlardır. Mən hər zaman bu ideyaların tərəfdarı olmuşam. Çünki bunlar davamlı və strateji proqramlardır, ardıyla da xalqlar arasında ünsiyyət dərinləşir, bölgədə əminamanlığın, sülhün bərqərar olmasına, birgə bazarların yaradılmasına yardım edir. İran çox istəyir ki, şirkətlərinə işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrində iştirak etmələri üçün icazə verilsin. Əslində bu Azərbaycana da xeyirlidir, çünki məsafənin az olması daşınma xərclərini və sair azaldır. İranda neft-kimya sahələri çox inkişaf edib. Bu sahədə birgə istehsal yaratmaq olar. Bundan başqa, tibb, qida, maşınqayırma, mədənçilikdə, Su Elektrik Stansiyalarının tikilməsi sahəsində və sair. Özü də elə müştərək sahələr yaratmaq olar ki, məhsullar yerli bazara çıxarılmaqla yanaşı, dünyaya ixrac olunsun.
 
- Aşqabadda əldə olunan razılığa əsasən Azərbaycan, İran və Türkmənistan arasında qaz ticarətinə dair razılaşma imzalanıb. Bu ölkələrin hər üçü qaz ixracatçısıdır. Azərbaycan xaricdən qaz idxal etmir. Türkmənistandan İranın Xorasan əyalətinə qaz ixrac ediləcəyini bilirik. Bəs Azərbaycanın rolu burda nədir?
 
- Burada söhbət ondan getmir ki, Azərbaycan xaricdən qaz alsın. Amma Azərbaycan ərazisi qazın dünya bazarına çıxarılması üçün tranzitə çevrilə bilər. Bunun üçün xatırlayırsınızsa, Trans-Xəzər layihəsinin icrasından söhbət gedirdi, amma ekoloji fəsadları, daha çox xərc tələbi və sair nəzərə alınaraq hələ də qalır. Amma Türkmənistan qazının İran ərazisindən keçməklə Azərbaycana və buradan da hazır kəmərlər vasitəsilə Avropaya nəqli mümkündür. Bu müstəvidə geosiyasi və geoiqtisadi layihələri birləşdirmək çox əla nəticə verə bilər.
 
Bilirsiniz ki, uzun müddətdir İrana qarşı tətbiqlənən sanksiyalar onun bəzi imkanlarını məhdudlaşdırıb. Dünyanın ikinci iri qaz ehtiyyatlarına malik olan İran bu gün az-çox Türkiyəyə qaz satır. Hansı ki, bu müqavilə də 2025-ci ildə başa çatır. Sonradan İran istədi ki, “Sülh” adlı qaz kəməri çəksin Pakistana, amma ABŞ maneə yaratdığı üçün bu layihə də yarımçıq qaldı. Əgər bu kəmərin tikintisi yubadılmasaydı, gələcəkdə Pakistan ərazisindən Hindistana qədər uzadılacaqdı. Pakistanla Hindistan arasında problemlərin olması səbəbindən kəmərin adı “Sülh” adlanırdı...
 
Ola bilər sanksiyalar aradan qaldırıla, İran özü qaz sata dünyaya və bu zaman tranzit ölkə olaraq yenə də Azərbaycan seçilə bilər. Çünki bu gün İran qazının Avropaya kəmərlə daşınması üçün iki əsas variant var: Türkiyə və Azərbaycan. Hər iki ölkənin hazır qaz daşıyıcı strukturu mövcuddur. Mən bir faktı da diqqətinizə çatdırım ki, bu gün İranın neft-qaz infrastrukturunu ayağa qaldırmaq üçün minimum 200 milyard dollar nağd sərmayəyə ehtiyac var. İranın Xorasan əyalətinin təbii qaza olan ehtiyacı Türkmənistandan idxal olunan qaz hesabına ödənilir. Əgər türkmən qazı İran ərazisindən keçməklə Azərbaycana nəql olunarsa, o zaman Tehran Xorasan üçün alınan qaza verdiyi pulun əvəzinə tranzit haqqından vaz keçər. İranın burda qazancı bu olar ancaq.
 
- Aşqabadda çəkilən şəkillərin birində 4 prezident bir aradaydı – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Arif Alvi və təbii ki, Seyid İbrahim Rəisi. Sizcə bu dördlüyün görüşü nədən xəbər verir, bu dörd lider birlikdə dünyaya nə kimi heyrətləndirici töhfələr verə bilər?
 
- Hər halda qonşuluq, müştərək tarixi-mədəni əlaqələr, geopolitik məsələlər var. Bu dörd ölkə bir-biri ilə birbaşa quru sərhədə malikdir – qonşudurlar. Pakistandan Türkiyəyə İran ərazisindən keçməklə yol mövcuddur. Gələcəkdə bu sahədə daha böyük uğurlara imza atmaq mümkündür və Azərbaycan da İrandakı yollara qoşulmaqla Pakistana quru çıxışı əldə edə bilər. Bu dörd ölkənin əhalisi müsəlmandır, müştərək tarixi-mədəni əlaqələri var. Onların bölə bilməyəcəyi heç nə yoxdur. Doğrudur, aralarında nə vaxtsa xoşagəlməzliklər yaşana bilər, bu təbidir. Amma bunu bir kənara qoyaraq müştərək nöqtələr üzərində dayanaraq, əlaqələri inkişaf etdirmək lazımdır.
 
- Cənubi Qafqaz respublikaları, Türkiyə, İran və Rusiyanın iştirakı ilə qurulacaq 3+3 formatı təklif olunmuşdu, amma Ermənistanla İran birmənalı qarşılamamışdı əvvəl bunu. Aşqabadda məlum oldu ki, İran bu formata tərəfdardır. Necə bilirsiniz, sözügedən formata daxil ölkələrin əhatəsində qalmış Ermənistan da sülhün möhkəmlənməsinə stimul verəcək bu formata qoşulacaqmı? Ümumiyyətlə, bu format bölgəyə nə verə bilər?
 
- Əslində 3+3 formatı əvvəldən də vardı. Şəxsən mən 20 il öncə İran Xarici İşlər Nazirliyində işləyəndə bu işlə məşğul olmuşuq. Sadəcə, o vaxt buna Rusiya imkan vermirdi. Moskva istəyirdi ki, 3+1 olsun, yəni üç Cənubi Qafqaz respublikası və özü. Bu yandan da Qərb imkan vermirdi İranın və Türkiyənin bu prosesə daxil olmasına.
 
Düzdür, Minsk Qrupu bir iş görə bilməyəndə Azərbaycan özü problemi həll elədi və bundan sonra Türkiyənin də bölgədə müəyyən aktivliyi hiss olunmaqdadır. Əvvəllər İranla Azərbaycan arasında da bəzi anlaşılmazlıqlar vardı deyə proses alınmırdı. Amma bu gün vəziyyət dəyişib. Şəxsi qənaətimə görə, Azərbaycanla Ermənistan arasında qəti sülh müqaviləsi bağlanmayınca, 3+3 formatının işləyə biləcəyinə şübhə var. Bildiyimə görə Gürcüstan da Rusiya ilə aralarındakı məlum problemlərə əsaslanaraq formata qoşulmaq istəmir. Amma Ermənistan qoşulmağa hazırdır. İran da, Türkiyə də, Azərbaycan da, Rusiya da həmçinin.
 
Məncə, əvvəlcə 3+3 ölkələrini təmsil edəcək ekspertlər səviyyəsində görüş keçirilməlidir. Daha sonra başqa səviyyələrdə və burada fikirlər dinlənilməli, baxıb görmək lazımdır hansı ölkədən gələn var və sair. Bu da müəyyən vaxt aparacaq. Əlbəttə, Ermənistanın özündə də daxili siyasi ixtilaflar mövcuddur. Paşinyan çalışır ki, radikalların ağzını yummaq üçün xalqı üçün nələrsə etsin. Amma bunun üçün mövcud problemlər aradan qaldırılmalıdır. Ruslar istəyir burda qalaraq “at oynatsınlar”. Çünki tarix boyu bu bölgədə qalmaq istəkləri olub. Hər halda, ruslar da zamana uyğunlaşmağı bacarmalıdırlar. Gürcüstanda, Moldovada, Ukraynada, Qafqazda problemlər yaratmağa son qoymalıdırlar.
 
- Bu gün eşitdik ki, yaxın vaxtlarda İrandan Azərbaycana, ardınca isə Azərbaycandan İrana jurnalist heyətləri səfər edəcəkmiş. Sizcə mediaturlar nəyi hədəfləyir, ümumiyyətlə, mediaturlar vasitəsilə ölkələrimiz arasında nəyə nail olmaq mümkündür?
 
- Media nümayəndələrinin qarşılıqlı səfər edərək reallıqları öz gözləri ilə görüb yazmaları çox yaxşıdır. Düzdür, təcrübədən də məlumdur ki, bəzən tək-tək jurnalistlər qayıdandan sonra təhrifedici şeylər yazırlar. Amma belə başa düşdüm ki, bu səfərlər rəsmi şəkildə təşkil olunacaq. Bu halda hər şey əvvəlcədən ölçülüb-biçilir, jurnalistlər hara aparılacaq, nə göstəriləcək və sair. Burada əlavə problemlərə yer qalmır. İndi elektronika əsridir, hamı bir-birini izləyir, yazılan xəbərləri oxuyur, bilir və sair. Ümumilikdə götürəndə, mediaturların nəticəsi ölkələrarası əlaqələrin inkişafı baxımından yaxşıdır.
 
Hafta.az

Tarix: 30 noyabr 2021
Baxış: 44

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]