Xəbər lenti
Reklam
Sürücülər dayanma-durmaya görə ədalətsiz olaraq cərimələnirlər - İlqar Hüseynli

Azərbaycanda yol hərəkəti ilə bağlı bəzi qaydalar və cərimələr sürücülər tərəfindən narazılıqla qarşılanır. Bir çox sürücü dayanma-durmaya görə və bəzi yollarda sürət həddinə görə yazılan cərimələrin ədalətsiz olduğunu düşünür.
Bu halda hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.Az-a açıqlamasında bildirdi ki, istər park etmə ilə bağlı, istər sürət həddinin aşması ilə bağlı müəyyən texniki qurğuların, nişanların yerləşdirilməsində, sürücülərin ümumi imkanları, onlar üçün yaradılan şərait mütləq nəzərə alınmalıdır:
"Məsələn, Bakı-Qazax yolunun sağ-solunda bəzi yerlər var ki, orada dayanma-durmaya görə sürücülərə cərimələr gəlir. Hansısa bir yol qırağında ticarətlə məşğul olanın - balıq satanın, meyvə satanın və s. yanında, yolun tamamilə kənarında dayanırsa, həmin adamlara dayanma-durmaya görə cərimə tətbiq olunur. Yaxud avtobus yolları sonuncu zolağa girməyə imkan vermir, amma sərnişini düşürmək üçün ya sürücü məcburdur ki, avtobus zolağına keçsin, ancaq cərimələnəcək, ya da ikinci zolaqda tələm-tələsik sərnişini düşürməlidir ki, yenə də cərimə tətbiq olunur. Bu durum təkcə Bakıda deyil, ölkə ərazisində xeyli çətinləşib".


Ekspert qeyd etdi ki, bəzi uzun məsafəli yollarda baxmayaraq ki, sağ-solda yaşayış yeri yoxdur, yenə də sürət həddi normadan aşağı olur:
"Magistral yolların özlərində də bu problem var. Məsələn, Bakı-Sabirabad, İmişli, Beyləqan istiqamətində hərəkətdə qəsəbələr içində 50 km/saat sürət həddi qoyulmuş ərazilər var, hansı ki, ya bir tərəfi kanallarla bağlanıb, digər tərəfində isə yaşayış yoxdur. Belə çox uzun bir məsafədə sürət həddinin 50-yə endirilməsi məqsədəuyğun görünmür. Ən azı orada sürət həddini 60-70 də etmək olardı. Paytaxtda maksimal sürət həddi 60 olaraq müəyyənləşib və optimaldır. Yaxşı olar ki, sürücülərimiz sürət həddini aşmasınlar. Amma dayanma-durma ilə bağlı xeyli problem var ki, həm vətəndaşların haqlı olaraq narazılığına, həm də ədalətsiz olaraq cərimələndirilməsinə gətirib çıxarır".

Sevinc İBRAHİMZADƏ

Tarix: 11 dekabr 2024
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş