Qaynar çay içmək ən çox kimlərdə yemək borusu xərçənginə səbəb olur? – MÜTƏXƏSSİS AÇIQLADI
Azərbaycan xalqı çayı sevən millətdir. Ölkəmizdə ən çox istehlak edilən məhsullardan birincisi çaydır. Evə qonaq gəldiyi zaman və ya qonaq getdiyimiz zaman ilk olaraq süfrəyə çay servis edilir. Ətirli çay həm yorğunluğu aradan qaldırır, həm də sağlamlıq üçün faydalıdır. Bəs çayı qaynar şəkildə istehlak etməyin insan orqanizminə ziyanları nələrdir?
Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov SİA-ya açıqlamasında bildirib ki, isti çay, isti kofe, isti yemək, yəni bunlar yemək borularını zədələyir və oradakı müəyyən toxumalara ziyan vurur: “Amma aparılan araşdırmalara görə, bir insan spirtli içkilərdən tütün məhsullarından istifadə edən şəxsin qaynar çay və ya kofe istehlak etməsi yemək borusu xərçənginin yaranmasına səbəb olur. Yəni spirt və tütün məhsullarından istifadə etməyib yanlız qaynar çay içən şəxslərdə bu hal müşahidə olunmur.
Bizim mədəniyyətimizdə çayı isti içirlər. Bu, bizim milli mədəniyyətimizdə də var ki, çay, kofe və yemək süfrəyə isti şəkildə təqdim olunmalıdır. İsti yeməklər, qəlyanaltılar bizim və bir çox ölkələrin menyularında mövcuddur. Təbii ki, bunlar süfrəyə isti şəkildə təqdim olunmalıdır.
Nəticə etibarilə sağlam qidalanmadan danışırıqsa, qaynar çaydan uzaq durmalıyıq.
Çayın tempraturu 60 dərəcədən yüksək olarsa, bu, yemək borusu xərçənginin yaranma ehtimalını gücləndirir. Çayı süzdükdən 2-3 dəqiqə sonra içmək məsləhət görülür.
Alimlərin araşdırmalarına görə, 62 dərəcədən yuxarı çay içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur”.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Mənbə: Qidaelmi.az