Redaktor seçimi
    Dünyanın gözlədiyi tarix: siyahıda ölkəmiz də olacaq? – İLK
Xəbər lenti
Reklam
Azıx mağarasında tədqiqat işləri necə gedir? - RƏSMİ

2020-ci il Vətən müharibəsində əldə olunan zəfərlə Azərbaycan 30 ildən sonra Qarabağa, o cümlədən Azıx mağarasının yerləşdiyi Xocavənd rayonuna qovuşdu. Qədim insanların yaşayış məskəni kimi tanınan bu mağarada 1968-ci ildə insana məxsus alt çənə sümüyü aşkar edilmişdi. İşğal illərində isə Ermənistan burada müxtəlif saxtalaşdırma cəhdləri edib. Bəs torpaqlar azad olunduqdan sonra Azıx mağarasında tədqiqat işlərinə başlanılıb?
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilən torpaqlarda 2022-ci ildən etibarən kompleks arxeoloji tədqiqatlar aparılmaqdadır. Bu araşdırmalar içində Azıx, Tağlar mağaraları, Quruçay və Köndələnçay çaylarının sahil əraziləri üzrə tədqiqatlar xüsusi yer tutur:
“Belə ki, homininlərin inkişaf etmiş növləri 4.2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir. Ona görə də bu abidəyə dünya elmi çevrələri tərəfindən böyük maraq var. Artıq bu ilin avqust ayında ərazidə Azərbaycan-Yaponiya və Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlayıb. Arxeoloji ekspedsiyaların tərkibində azərbaycanlı alimlərlə yanaşı, arxeologiya, radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə,palaeoproteomiks və biomarker analizləri üzrə mütəxəssis olan alman, yapon, danimarkalı, portuqal alimləri də iştirak edirlər”.
Açıqlamada qeyd olunub ki, bu tədqiqatlar Azərbaycanın paleolit və mezolit dövrünün və onların mərhələlərini dəqiqləşdirəcək, tapılmış qalıqların hansı canlılara məxsusluğunu (palaeoproteomiks analizlər) müəyyən edəcək:
“Qədim kimyəvi birləşmələrin təhlili nəticəsində (biomarker analizi) isə qədim ətraf mühitin və ona qədim insanların təsiri barədə təsəvvür yaradacaq. Elmlərin fövqündə olan bu yönlü arxeometrik tədqiqatlar müasir dünya elminin tələblərinə cavab verir. Digər tərəfdən, Azıx və Tağlarda aparılan beynəlxalq tədqiqatlar Azərbaycanda yeni elmi sahələr üzrə mütəxəssislərin yetişdirilməsi üçün perspektiv istiqamətlər yaradır. Qeyd edək ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qarabağ Universiteti ilə əməkdaşlıq barədə imzalanmış razılaşmasına əsasən, universitetin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılmaqdadır. Həmçinin aidiyyatı dövlət təşkilatları ilə yanaşı, AMEA Arxeologiya və Antropologiya İnstitutu Azıx mağarasının UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına əlavə edilməsi üzərində aparılan işlərə də cəlb edilib”.

Sevinc İbrahimzadə 

Tarix: 05 sentyabr 2025
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş