Xəbər lenti
Reklam
ŞƏHİD OLAN ARZULAR - Ənvəroğlu Vasif

ŞƏHİD OLAN ARZULAR.
Səhər yenicə açılmışdı. Hələ günəş görünmürdü. Muxtar kişi küçənin başında dayanıb kənddən rayona gedəcək maşın gözləyirdi.
- Sabahın xeyir Muxtar kişi.
- Aqibətin xeyir.
- Uşaqdan bir xəbər var?
- Yox. Heç nə yoxdu. Nə öldüsü var, nə qaldısı.
- İnşallah sağ salamat qayıdar.
- İki gecədir anası yuxuda görür. Deyir "ay ana salamatam. Amma, əlim-qolum bağlıdı gələ bilmirəm". Bilmirəm əsir düşüb, mühasirədədi, yoxsa yaralıdı. Bircə salamat olsun. 
- Sən ürəyini sıxma. İnşallah Vüsal sağ salamat gələcək. Hara gedirsən?
- Komissarlığa gedirəm. Görüm nə deyirlər. Özün maraqlanmasan heç veclərinə də deyil.
- İstəyirsən bir yerdə gedək?
- Yox, maşın gəlir özüm gedəcəm. Sən get bizə. Anasına de ki, Naftalandan qospitaldan gəlirəm. Orada Vüsalı görən əsgər olub. Deyir Vüsal sağ salamatdır.
- Yaxşı. Sən də çox yubanma.
Muxtar kişi maşına oturub getdi.
*
Vüsal Muxtarın aman-zaman bir oğlu idi. Muxtar rayonumuzun sərhədyanı kəndlərindən birində yaşayırdı. Cavanlığında uzun müddət Rusiyada yaşamışdı. Ailəsinin təkidi ilə vətənə qayıdıb öz qohumu olan Gülyaz ilə evlənmişdi. Muxtar evlənəndə 35 yaşında idi. Ailələri xoşbəxt qurulsa da uzun illər övlad sahibi olmadılar. Bunu gah qohumluq əlaqəsi, gah da yaşlarının çox olmasına bağladılar.  6 il sonra Allah onlara bir oğul payı verdi. Vüsallarına çatdıqları üçün elə uşağın adını da Vüsal qoydular. Muxtar uşağı gözünün üstə tutur, ömrünü ona həsr etmişdi. Əlüstə böyüyən Vüsal məktəbi bitirəndə Ali hərbi məktəbə qəbul olub, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdu. Əlaçı olduğu üçün birbaşa Baş leytenant hərbi rütbəsi almışdır. Xidmətinə əvvəl Beyləqanda başladı, sonra isə Gəncədə davam etdirirdi. Xidmət dövründə fərqləndiyinə görə vaxtından əvvəl Kapitan rütbəsi ilə təltif olunmuşdu. Hərbi hissədə artıq bölük komandiri kimi xidmət edirdi. Bütün bunlar Muxtar kişini qaldırıb dağın başına qoymuşdu. Oğlu ilə o qədər fəxr edirdi ki, sözü-söhbəti ancaq Vüsal idi. İtirilmiş illəri indi gözəl günləri ilə əvəz edirdi. Vüsal da ailəsinə çox bağlı böyümüşdü. Hər şeyini onlarla bölüşür, qazancını da onlara xərcləyirdi. Muxtarın atasından qaldığı evi təmir elətdirmiş, həyət bacanı səliqəyə saldırmış, hətta, evlənmək üçün də bəzi tədarüklər görmüşdü. Muxtarın körpə Vüsalı artıq evlilik yaşına gəlib çatmışdı. İndi onun 26, Muxtar kişinin isə 67 yaşı vardı. Müharibə başlamasa bu payız toy edəcəkdi. Kəndin sayılıb-seçilən ailələrindən biri ilə qohum olacaqdılar. Tale elə gətirdi ki, Vüsal da bütün hərbiçi dostları kimi cəbhəyə yollanıb, sinəsini sipər etdi. İlk günlərdə tez-tez əlaqə saxlasa da 2 həftədən çox idi ki, əlaqə yox idi. Sonuncu danışığında Suqovuşanda idi. Bu nigarançılıq Muxtar kişinin də, Gülyazın da yuxusunu ərşə çəkmişdi.
*
Şəmistan Muxtargilin həyətinə girib onu səsləməyə başladı.
- Muxtar kişi, ay Muxtar kişi.
- Muxtar evdə yoxdu, ay Şəmistan.
Gülyaz pəncərədən başını çıxardıb həyətə boylandı.
- Sabahın xeyir Gülyaz bacı.
- İndicə çıxdı. Nə əcəb rastlaşmadız? 
- Hara gedirdi ki, belə tezdən?
- Deyir ki, hara gedir? Səndən nə əcəb?
- Qospitala getmişdim. Orda bir yaralı uşaq vardı, Vüsalın bölüyündən gəlmisdi. Deyir Vüsal sağ salamatdır. Buralardan çox qabaqdadılar ona görə zəng eləyə bilmir.
Gülyaz sevincinden qapıya qaçdı.
- Səni şad xəbər ol, ay Şəmistan. Allah sənə çox şükür balam salamatdır. Tez Muxtarı yığ gedək uşağı görək.
- Uşaq yaxşı deyildi, apardılar Bakıya. Ambulans maşınlarından biri xarab idi, məni çağırmışdılar onu düzəldirdim. Orda gördüm ele, bir-iki kəlmə güclə danışdı.
- Şükür sənə, şükür sənin hökmünə, ilahi. Sən özün bu cavanlara rəhm elə.
Gülyaz əllərini göyə qaldırıb dua eləməyə başladı.
Şəmistan qapıdan çıxıb cibindən telefonu çıxartdı. Nömrə yığıb telefonu qulağına apardı.
- Muxtar kişi, Gülyaz bacı ilə danışdım. Yaxşıdı narahat olma.
Şəmistan yatanda xodlanmayan, xodlananda yatmayan, qapısı güc bəla ilə açılıb bağlanan köhne 011-i bir təhər xoda salıb rayona - komissarlığa getdi. Binanın həyətdə xeyli adam vardı. Muxtar kişi hündür səkinin üstə oturub növbəsini gözləyirdi. Şəmistan yaxınlaşıb onun yanında oturdu.
- Dedim ki maşın düzəltməyə getmişdim orda bir əsgər vardı, yaralı idi. Vüsalın bölüyündən gəlmişdi. Deyir sağ salamatdır. Uzaqdayıq telefon tutmur. Gülyaz bacı da tez səni axtardı ki gedək görək əsgəri. Dedim vəziyəti pis idi Bakıya apardılar.
- Onu yaxşı demisən. Heç mənim ağlıma gəlməzdi.
- Burda nəsə öyrənə bildin? Bir xəbər var?
- Milləti görmürsən? Heç yaxına gedə bilirəm ki, nəsə öyrənəm.
- Ağsaqqal, istəyirsən gedək qospitala.
- Ora niyə?
- Bəlkə uydurduğumuz nağıl gerçək oldu. Ora gələnden bir xəbər ala bildik.
Muxtar bir söz demədən maşına tərəf getdi. Şəmistan maşını xoda salıb yola düzəldi.
*
- Yol verin. Ambulansa mane olmayın. Xahiş olunur yolun ortasında maşın saxlamayın. Keçin qapıdan, mane olmayın.
Qospitalın qabağında hərbi polisin işçiləri ambulansın gəlişi üçün yolu boşaldır, darvazaları açıq saxlayırdı. Sayrışan işıqları, həyacanlı siqnalı ilə gələn ambulans adamın bağrını yarırdı. Günlərdir burada olan adamlar artıq maşının gəlişindən içindəkinin yaralı və ya şəhid olduğunu təxmin edirdilər. Siqnalı dayanmadan səslənən maşın yaralı, sadəcə yol istəmək üçün siqnal verən maşın isə şəhid gətirirdi. Yüksək sürətlə, həyəcan siqnalı susmadan gələn ambulans xəstəxananın həyətinə girib dayandı. Bir anda maşını dövrəyə aldılar. Tibb işçiləri maşında olan iki yaralını xərəyə qoyub cəld içəri apardılar. Valideynlər narahat halda sürücüdən maşının haradan gəldiyini maraqlanırdılar.
Bu qarışıqlıqda Muxtarın cib telefonu zəng çalmağa başladı. Tanımadığı nömrədən gələn zəngə cavabı gecikdirmədi.
- Bəli.
- Muxtar bəydi?
- Bəli, eşidirəm.
- Şahlarov Vüsalın atası?
- Hə, Vüsalın atasıyam. Kimdi danışan?
- Sizi Yevlax şəhər xəstəxanasının morqundan narahat edirik. Oğlunuz olduğu səngərə top mərmisi düşüb, uşaqlar şəhid olub. Üzləri tanınmaz haldadır. Gəlib siz də baxardınız. 
Muxtar kişi dərindən nəfəs aldı. Cavab verməyə söz tapa bilmədi. Üstünə qaldıra bilməyəcək bir ağırlıq çökdü.
- Alo. Eşidirsiz? Uşaqlardan sağ qalanlar da var. Onlar da qospitaldadırlar.
- Yaxşı gəlirəm. 
Muxtar kişi telefonu söndürüb, cibinə qoydu. Yaş dolu gözlərini Şəmistanın üzünə zilləyib dayandı. Onun baxışlarında bir ömürün yükü, bir buludun yaşı vardı. Gözlərindən süzülən damlalar saqqalının arasında gizləndi.
- Vüsal şəhid olub. 
Şəmistan onu bərk-bərk qucaqlayıb ağlamağa başladı. Muxtar kişi elə hönkürtü ilə ağlayırdı ki, ətrafdakı adamlar da buna biganə qala bilmədi. Məsələnin nə yerdə olduğunu bilib onu sakitləşdirməyə çalışdılar.
- Amma, dedi sağ qalanlar da var.
- Lap yaxşı, vaxt itirmə otur getdik. 
- Gedək evə pul götürüm. Benzin  tökək maşına.
- Evə getməyə ehtiyac yoxdu. Pul var, benzin də gedib gəlməyimizə bəs edəcək. Otur getdik.
Şəmistan maşını xoda salıb, cəld yola düzəldi.
- Gülyaza zəng edim deyim Yevlağa gedirəm.
- Tələsmə, onu da nigaran qoyma. Özü nə vaxt zəng eləsə deyərsən.
- Düz deyirsən. Dayanmadan yığıb suallarını yağdıracaq. Nə yaxşı gəldin, ay Şəmistan!
- Allahın köməkliyi ilə şad xəbərlə qayıdarıq.

 Maqnitafonun zəif səsində güclə eşidilən bir aşıq "Ana laylası" oxuyurdu. 
“Özgə laylasına yata bilmirəm,
Al məni qoynuna, layla de layla.”
Bu sözləri eşidəndə Muxtar kişi özünü saxlaya bilmədi. Başını pəncərəyə söykəyib için - için ağlamağa başladı.
Usta maşınıdır, maqnitafon bir başa qoşulduğundan zamoku açan kimi oxumağa başlamışdı. Söndürmək də olmurdu. Şəmistan əlini uzadıb səsi tamam batırdı. Muxtar kişi ağladıqca Şəmistanın da gözləri dolur, sözləri boğazında düyünlənib qalırdı.
*
Yevlax şəhər xəstəxanasının önündə qatar kimi sıralanmış maşınların arasında bir yer tapıb maşını orada saxladılar. Qapıda dayanıb polisə yaxınlaşıb gəlməklərinin səbəbini dedilər. Muxtar kişi ona zəng etmiş adamın nömrəsinə zəng edib danışdı. Polis onları içəri dəvət etdi. Morqun qabağında onları qarşılayan ağ xalatda orta yaşlı kişi Muxtar kişini görəndə əhvalı dəyişdi.
- Muxtar kişi, mən sizin belə yaşlı olduğunuzu bilmirdim. Bilsəydim ...
- Oğlum hanı?
Adam başı ilə dəmir qapını göstərdi.
- Tanınmayan cəmi 3 cəsəd qalıb. Birinin başı yoxdu, o birilərinin də üzü tanınmaz haldadır. Oğlunuzun əlində, ayağında bir nişanə vardı?
- Gedək.
Şəmistanın ürəyi boğazında döyünürdü.
- Gəlim mən də?
Muxtar başını yellədi.
- Gözlə gəlirəm.
Ayağı ilə dəmir qapını itələyib içəri keçdi. Soyuq hava üzünə dəydikcə Muxtar kişinin bədənini buz kimi tər basdı. 
Şəmistan üzünü Muxtara zəng edən adama tutub soruşdu.
- Bu şəhidləri haradan gətiriblər? Nə vaxt gəlib?
- Bu gecə gətiriblər. Dəqiq bilmirəm, deyəsən Suqovuşan tərəfdən. Axşam yeməyi yeyəndə səngərə top mərmisi düşüb. 20-yə yaxın əsgər olub. 
Dəmir qapının cırıltısı eşidildi. Hər ikisi qapıya tərəf baxdı. Muxtar kişi gözlərində işıq, üzündə qəribə bir ifadə ilə içəridən çıxdı. Gəlib onların yanlarında dayandı.
- Yaralılar hardadır?
- Sizin ...
- Yox! Vüsal yoxdu orda.
Şəmistan Muxtarı qucaqlayıb üz gözündən öpdü. Yaralıları görmək üçün xəstəxananın digər girişinə tərəf yollandılar. Qapıçıya ad soyadı deyib Şahlarov Vüsalı axtardıqlarını bildirdilər. Nəzarətçi qabağındakı jurnala baxıb jurnalda belə bir adın olmadığı dedi.
Kənara çəkilib boş skamyaların birində oturdular.
- Muxtar kişi sən içəridən çıxana qədər gedib o dünyanı görüb gəldim. Allah bu ermənilərin bəlasını versin. İt uşağının kökü kəsilsəydi canımız dincələrdi.
- Şəmistan, görəsən o biri uşaqların valideynləri düz tanıyıb? Üzləri yanıb axı.
- A kişi, sən nə danışırsan? Adam balasını iyindən tanıyır. Heç üzünü görmək lazım deyil.  Sən özün  necə bildin?
Xəstəxananın həyətində yenidən canlanma oldu. Hamı yerindən atılıb, təcili yardım maşınını dövrəyə aldılar. Yenə yaralı gətirmişdilər. Kimisi başından, kimisi qarnından yaralamışdı. Saniyələr içərisində ağ döşəmə qan ləkələri ilə boyandı. Şəmistan Muxtar kişinin qoluna girib onu çölə çıxartdı.
- Nə deyirsən gedək?
- Gedək. Gülyaz da indi gözü qapıda qalıb.
Yol boyu Muxtar kişi gözünü qırpmadan nəsə düşünür, arada əlini saqqalına çəkib dərindən nəfəs alırdı.
- Heç demedin Vüsalın nə nişanəsi vardı. Sən nədən bildin?
- Keçən yay həyətdə işləyəndə elektrik mişarı ilə sol əlinin çeçələ barmağını yarıdan kəsmişdi. Düzdü yerinə tikmişdilər amma bitişmədi. Həkim məsləhət gördü ki barmağı amputasiya eləsin. Vüsalın sol əlində çeçələ barmaq yarımdı. Uşaq vaxti da velosipedin sepi sağ ayağını kəsmişdi. Həmin yerde indi dərin bir batıq var. Heç tük də çıxmır ordan. Morqdakı uşaqların üzləri yansa da  barmaqları yerində idi. 
- Allah yaxınlarına səbr versin. İnşallah Vüsalı sağ salamat qarşılayırıq.
- İnşallah.
*
Şəmistan Muxtar kişini qapılarının ağzında düşürüb sağollaşdı. Muxtar ağır addımlarla evə tərəf getdi. Gülyaz onu pəncərədən görən kimi səsləndi.
- Ay rəhmətliyin oğlu, bir o telefona cavab ver də. Neçə dəfə yığmışam. Getdiyin yeri də adama demirsən.
- Zəng eləyirdin? Heç eşitməmişəm.
- Haradan gəlirsən? Ac susuz hara getmişdin?
- Xeyirdimi məni axtarmaqda.
- Şəmistan gəlmişdi. Vüsalın yanından uşaq gəlib. Yaralı imiş. Deyib Vüsal sağ salamatdır. Şəmistan deyir o yetimi Bakıya aparıblar.
- Xəbərim var. Elə Şəmistanla rayona getmişdim.
- Gəl içəri. Gəl bir loxma yemək ye.
Gecədən xeyli keçsə də nə Muxtarın, nə də Gülyazın gözünə yuxu getmirdi. Hər ikisi divanda oturub televizora baxırdılar. Gülyaz soyuq çayından bir qurtum alıb dilləndi.
- Muxtar, əgər o yaralı əsgər Vüsalın yanından gəlibsə demək Vüsal da atışma olan yerdədir hə?
- Ay rəhmətliyin qızı, indi atışma olmayan yer var? Camaat evinde oturduğu yerdə başına güllə yağır. 
- Bu gün 17 gündü Vüsal zəng eləmir. Uşaq deyib hansı tərəfdə yaralanıb?
Muxtar kişi dillənmədi. Gözü ekranda olsa da fikri bu gün getdiyi yerlərdə idi.
- Dur. Gecdir. "Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır" deyib atalar.
Muxtar kişi yataq otağına keçsə də Gülyaz yerinden tərpənmədi. Elə divanın bir küncündə yuxuya getdi.
*
Qarı-qoca oturub masa arxasında səhər yeməyi yeyən vaxtı Muxtar kişinin telefonu zəng çalır. Adı qeyd olunmayan nömrədən zəng gəlirdi. Dəstəyi açıb cavab verdi.
- Bəli.
- Muxtar dayı sabahın xeyir.
- Sabahın xeyir qızım. Kimdir?
- Mən sizin kənddən Paşalar Yusifin qızı Əminəyəm.
- Hə lap yaxşı qızım eşidirəm.
- Muxtar dayı gözünüz aydın olsun, Vüsal ayıldı.
- Vüsal harda... necə... anlamadım nə dedin?
Gülyaz cəld yerindən qalxdı.
- Muxtar, kimdi, ne deyir?
- Bir sakit dur görüm. Nəsə deyir başa düşmədim. Ay qızım, Vüsal hanı, sən haradasan?
- Mən Bakıda Papalində qospitalda işləyirəm. Vüsal 16 gündür burada komada idi. Yarım saat olar ki, ayılıb. Al özü ilə danış.
Telefonda Vüsalın xırıltılı səsi eşidilir.
- Dədə...
- Səsinə qurban olum Vüsal.
Gülyaz cəld telefonu onun əlindən dartıb alır.
- Gözlərim sənə qurban, balam. Nə olub sənə, niyə oradasan?
- Ana yaxşıyam. Birazca başım ağrıyır. O da keçər. Narahat olmayın.
Gülyazı ağlamaq tutur Muxtar telefonu götürüb davam edir.
 - Alo, qızım, Vüsal yaralıdı? Harasına ne olub?
- Dayı qorxulu bir şey yoxdu. Yaralıdır, amma yaxşılaşır. 
- Bu saat çıxıram kənddən, yəqin 4-5 saata gələrəm. Bu sənin nömrəndir? Çatanda zəng edim.
- Hə mənim nömrəmdir. Muxtar dayı, tək gəl. Gülyaz xalanı gətirmə. İnşallah özü yaxın gündə evə buraxılacaq.
- Yaxşı, qızım, baş üstə.
Muxtar kişi yerindən qalxıb hazırlaşmağa başladı. Vüsalın ona verdiyi idman çantasına 1-2 paltarından atıb otaqdan çıxdı.
- Tək gedirsən?
- Kimlə gedim? Hər tərəf qapalı, yollar dolu post.
- Şəmistanla get.
- Əşşi Şəmistanın maşını gedən yol deyil. Bir maşın tapıb gedəcəm. 
- Maşını ilə yox, elə yanında getsin.
Bu söz Muxtarın ağlına batdı. Telefonu çıxardıb Şəmistana zəng etdi.
- Necəsən Şəmistan?
- Sağ ol, Muxtar kişi. Nəsə xəbər var?
- Hə Vüsal zəng eləmisdi. Bakıda qospitaldadır. İndi çıxıram, gedim görüm necədir.
- Şükür sağ salamat xəbəri gəldi. Kimlə gedirsən?
- Kimlə gedəcəm? Təkəm.
- A kişi tək hara gedirsən? Gözlə mən də gəlim. Elə yerə tək gedərlər? Çıxmamısan ki?
- Şəmistan, sənə əziyyət vermək istəmirəm.
- Kazımgildəyəm. Gözlə evə dəyib, gəlirəm. 
*
Muxtargil Bakıya çatanda hava artıq qaralmışdı. Ölkədə hərbi vəziyyət olduğundan, yollardakı postların çoxluğundan xeyli gecikmişdilər. Taksi Papalin qospitalin kimi tanınan Mərkəzi hərbi qospitalin qabağında dayandı. Maşından düşüb Əminəyə zəng etdilər. Telefon xeyli çağırsa da cavab verən olmadı.
- Açmır?
Muxtar dinmədi. Yeniden nömrəni yığdı. Bu dəfə de xeyli çağırdı. Amma, Əminə dəstəyi götürmədi.
- Lənət şeytana, yoxsa, Vüsalə nəsə oldu?
- A kişi bir tələsmə. Adamdı da bəlkə eşitmir, bəlkə telefon üstünde deyil. Gel qapıdan soruşaq.
Yaxınlaşıb növbətçiyə özlərini təqdim etdiler. Növbətçi jurnala baxıb Vüsalın orda olduğunu təsdiq elədi.
- Vüsal Şahlarov, bəli burdadı. 2 həftədir reanimasiyada idi. Yəqin, sən atasısan?
- Yox, mən kirvəsiyəm. Atası bu ağsaqqaldır.
Şəmistan Muxtarı göstərdi. Növbətci Muxtarın ağarmış saç-saqqalına baxıb əlavə etdi.
- Deyəsən son beşiyinizdi?
Muxtar kişi başıyla "hə" dedi. Şəmistan biraz kənara keçdi.
- Biz necə görə bilərik, uşağı?
Növbətçi başını qaldırmadan cavab verdi.
- Açığı görüş saatı qutarıb, həm də komada...
- Ayılıb!
Muxtar kişi cəld dilləndi.
- Ayılıb?
- Hə bu gün danışmışıq.
Növbətçi birdə jurnala baxdı.
- Nə vaxt danışmısız?
- Bu gün səhər. Sizdə işləyən qızın telefonundan zəng eləmişdi. Özüm danışdım.
- Hansı qızın?
- Şəmistan, Yusifin qızının adı nə idi? Soyadı Paşalardı.
- Hə, Əminə xanım. 
- Ay sağ ol. İndi zəng vururam cavab vermir.
- Yaxşı siz kənarda gözləyin. Mən xəbər bilim çağıracam sizi.
Elə pəncərədən aralanmışdılar ki, Muxtar kişinin telefonu zəng çaldı.
- Alo. Əminə, qızım biz burada xəstəxananın qabağındayıq.
- Muxtar dayı.
- Bəli.
Telefondan səs gəlmədi.
- Alo. Eşidirsən? Səsin gəlmir.
Əminə sakit bir səslə dilləndi.
- Muxtar dayı, başınız sağ olsun. Vüsal şəhid oldu.
- Ay qızım, nə danışırsan, nə ölmək, nə şəhid...?
Şəmistan cəld telefonu Muxtardan aldı.
- Alo, Əminə mənəm Şəmistan.  Nə olub Vüsala? Nəsə pis bir şey var?
- Şəmistan, Vüsal şəhid oldu. Vəziyyəti çox ağır idi. Neçə gündür əlimizdən gələni elədik alınmadı.
Şəmistan danışa-danışa Muxtardan aralandı. Muxtar kişi dəmir hasara söykənib hönkür-hönkür ağlayırdı.
- Axı komadan ayılmışdı. Nə oldu birdən birə?
- Vüsal komada deyildi ki. Sadəcə vəziyyəti olduqca pis idi. Zəng elədim ki, sonuncu dəfə səsini eşitsinlər.
- Ay zalımın qızı, heç olmasa dünən deyərdin gəlib üzünü görərdilər.
- Şəmistan, Vüsalın olduğu maşını minaatanla  vurmuşdular. Tamam yanmışdı. Nə gözü, nə əli, nə ayağı var idi. Yaşamağı mümkün deyildi. İstəmədim onu bu halda görsünlər. 
- Hay da. Bəs indi nə edək?
- Heçnə. Siz gedin, sabah gətirəcəklər.
- A nə getmək. Mən Muxtar kişini buradan apara bilərəm? Bəlkə, nəşini özümüzlə aparıb gedək?
- Yaxşı. Biraz gözlə yigacam səni.
Şəmistan telefonu söndürüb Muxtara yaxınlaşdı. Muxtar səkinin üstündə oturub, dayanmadan ağlayırdı.
- Muxtar kişi, bir az özünü ələ al. Vüsal ən ali zirvəyə ucaldı. Başını dik tut.
- Bu neçə gündə niyə deməyiblər gəlib balamı sağ görərdim?
- Deyir istəməyib belə görəsiz onu. Yadınızda bu vəziyyət qalsın. Həmişə onu ayaq üstə, gülən- danışan xatırlayasız.
Növbətçi pəncərəni açıb əli ilə Şəmistanı yanına çağırır.
- Danışa bildiz, Əminə xanımla?
- Danışdıq. Deyir şəhid olub.
- Nə gizlədim, jurnalda adının qabağında morq yazmışdılar. Mən smeni təzə təhvil almışam. Siz danışmışıq deyəndə tərəddüd etdim ki, bəlkə, adı səhv salıram. Ona görə dəqiqləşdirmək istədim. Başınız sağ olsun.
Şəmistan başını yellədi. 
- Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
- Böyük qardaşı yoxdu idi ağsaqqal gəlib bura?
- Yox. Vüsal Muxtarın yeganə uşağı idi. O da belə. Çetin dözər. Bilirsən onunla bağlı nə qədər arzuları var idi?
- Anlayıram. Hər gün neçə valideyn öz arzularını burada dəfn edib gedir. Allah səbr versin.
Növbətçi içə keçir. Şəmistan yenidən Muxtarın yanına qayıtdı. Onu nə qədər təsəlli etməyə çalışsa da Muxtar dayana bilmirdi. Əminədən gələn zəngə Şəmistan cavab verdi.
- Keçin həyətə, cənazəni aparan ambulans hazırdı. Oturun gedin. Mən Muxtar dayı ilə görüşə bilməyəcəm.
- Hər şey üçün çox sağ ol. Sən əlindən gələni elədin.
Əminənin titrək səsi hönkürtülü ağlamaqla əvəz olundu. İçərisində Vüsalın cənnət qoxulu nəşi olan ambulans Bakı küçələrini dolaşıb üz tutdu rayona tərəf.
*
Doğulub böyüdüyü kənd qəbiristanlığında torpağa tapşırılan Vüsalın dəfnində böyük izdiham vardı. Kənd camaatı ilə bərabər işlədiyi hərbi hissənin idarə heyəti, döyüş yoldaşları, rayon icra nümayəndəsi, ərazi üzrə seçilmiş millət vəkili də dəfndə iştirak edirdilər. Nə qədər ürək dağlayan mənzərə olsa da, həm də qürur verici idi.
Ölkə başçısının sərəncamı ilə Vüsal Muxtar oğlu Şahlarov ölümündən sonra  "Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu.
Bir zamanlar oxuduğu kənd məktəbi də onun adı ilə əbədiləşdi.
Allah rəhmət eləsin. 

ƏNVƏROĞLU Vasif
Tarix: 31 yanvar 2025
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş