Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Divar qonşusu

  Tozlu külək  səkkizinci mərtəbəyə kimi qalxmışdı. Qadın zivədəki yellənən paltar sancaqlarını balaca səbətə yığıb  balkonun divarına vurulmuş mismardan asıb,  içəri keçdi. Telefonun ekranını  şəhadət barmağının ucuyla sürətlə çevirən ərinə dedi: 
- Bilirsən, təzə paltarasanlar çıxıb, ipini aşağıdan çəkirsən, kran kimi tavana qalxır.  Kişinin vacib bir xəbər almış kimi telefondakı  posta zilləndi. Arabir də qadının dediklərini təsdiq edirmiş kimi başını yırğaladı. Qadınsa iş görə- görə mövzudan - mövzuya keçirdi.
 Divar qonşusu  keçən ay köçmüşdü. Həftəiçi varlıqları duyulmurdu. Ancaq hər bazar günü divarın arxasından əvvəlcə bir - birinə dəyib şaqqıldayan qab qaşıq səsləri, sonra söyüşə qarışmış tappıltı səsləri eşidilirdi. Üstəlik , araya uşaq ağlaması da qarışırdı.
Qadın telefondan gözünü ayırmayan ərinə dedi:
 -Yenə başladılar,  bir bazar evdə rahat oturammırıq da bunların əlindən. Vallah, bir gün qapılarının ağzını kəsdirəcəm! Deyəcəm ki, yekə kişisən, özün də dövlət vəzifəsində , camaata əxlaq dərsi keçirsən, qanunu pozanlara nitq söyləyirsən, amma öz evinin içində  söyüşün biri bir qəpikdir.  Uşağın da  tökdüyünü yığacaq. Arvadına da deyəcəm ki,  boşan da, gözləyirsən ki xəstəlik tapasan?!  O gün zibil atanda gördüm yazıq qızı… ayaq üstdə üyrənir, beli üzülüb çürümüş ip kimi. Gözləri də elə qəmli idi ki…
Kişi telefonu bir qırağa atıb, qollarını başının arxasında bir- birinə keçirdi, dəsmalları qatlayıb dolaba yığan arvadına diqqətlə  baxıb dedi:
 -İstəyirsən ki, ailə işimizə qarışırsan deyib məhkəməyə versin bizi?
-Puah ! Biz onu verməliyik. Hər istirahət gününü  burnumuzdan gətirir. Mən niyə o həyasız kişinin səsini öz otağımda eşitməliyəm? Belə də deyiblər e , dişin ağrıyır çək qurtar, qonşun pisdi köç qurtar ! Amma yox! Mən niyə öz evimdən oluram ki! Gedəcəm, sözümü də deyəcəm. Bax sevmirsən, istəmirsən boşa da. Bəlkə, səhv deyirəm. Qadındakı  mağmının biri…
-Get çay gətir, boş -boş danışma. Boşanmaq asandır? Elə bilir, hər şey halvadır e…
-Nəyi çətindir ki?!
-Uşaq var ortada, ay bala. Həm nəyinə lazım, divarın o üzü. Sən  özünlə məşğul ol, bu gün sabah sancın tutacaq.
-Elə o uşaq bədbəxt olmasın deyə, indidən boşanmaq lazımdır. Al çayını iç, sonra gedək parkda gəzək. Külək də yatıb. 
-Sən get , mən yorğunam.
-Axı nə etdin ki, yoruldun?! Keçən dəfə də elə dedin. Bax doğuma da az qalıb, həkim deyib ki, gəzməliyəm, ayaqlarım da şişib.
-Bir bazarım var, yorğunam, qoy uzanım istirahət edim.
-Uşağımız olanda neyləyəcəksən bəs?
-Nənələri gəzdirər, çayıma niyə limon atmamısan?
  Qadın başını yelləyib otaqdan çıxdı, eynəyini çantasına qoyub, foyedəki güzgüdə üzünə və bətninə baxdı, körpəsini sığalladı və çətinliklə çəkməcəyə sarı əyildi. İpli idman ayaqqabılarını geyinəndə istədi ki, bantik bağlasın, ancaq əyilə bilmədi. Elə də  evdən çıxdı. 
  Parkın mərkəzindəki hovuzlu fəvvarənin suyunu tez vurmuşdular. Qadın fəvvarəyə ən yaxın olan skamyada oturdu. Suyun səsi əsl terapiya idi.  Buranın  sevimli sakinləri -  göyərçinlər onun ayağının yanında asudə gəzişməyə başladılar.  Qadın durdu ki, qalxıb günəbaxan tumu alsın,  quşları yemləmək xoşuna gəlirdi. Bu vaxt qarşıdakı skamyada divar qonşularını gördü, ər - arvad gülə- gülə göyərçinlərə tum atır, uşaq da əllərini açıb quşların dalınca qaçırdı. Elə bil bayaq divarın o üzündə birinci dünya müharibəsi yaradan onlar deyildilər. Qadın üzünü tez çevirdi, hansı səmtə gedəcəyinə qərar verəmmədi, nədənsə sir- sifəti,  qulaqları alışıb- yanırdı. O, yol tərəfdə boy atmış tənha çinar ağacının altındakı skamyaya doğru tələsdi. Əlindəki pulqabını  qoyub sonra oturdu və uzun- uzadı ayaqqabısının sallanan iplərinə baxdı.

Nurlana Nəmmədova
Tarix: 10 oktyabr 2024
Baxış: 42

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş