Təhsil eksperti ikinci turla bağlı narahatlığını bölüşdü, DİM-ə təklif verdi: "Elə abituriyentlər olur ki..."
"Birinci ixtisas qrupunda müəyyən plan yerləri ayrılıb. Müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı isə göz qabağındadır".
Gender.az bildirir ki, bu fikirləri Redaktor.Az-a təhsil eksperti Ramin Nurəliyev ali təhsil müəssisələrində boş qalan qəbul yerlərindən danışarkən bildirdi.
"İkinci qrupda da müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı ilə verilən boş plan yerlərinin sayı tamamilə fərqlidir. Subbakalavrların qəbul şansı daha çox olacaq. Çünki bir abituriyent qəbul olmadığı təqdirdə subbakalavrların qəbul olma imkanları daha da genişlənir, daha da çoxalır. Üçüncü qrupda da vəziyyət çox pisdir. Üçüncü qrupda plan yeri azdır, amma müsabiqə şərtini ödəyən abituriyentlərin sayı çoxdur. İllərdir Dövlət İmtahan Mərkəzinə təklif eləyirik. Dövlət İmtahan Mərkəzi birinci qəbul olan abituriyentlərin portal qeydiyyatından sonra boş qalan yerləri ikinci tura keçirsin. Elə abituriyentlər olur ki, yüksək balla xaricə qəbul olub, yüksək balla Azərbaycanda da yoxlayır. Hal-hazırda mənim bildiyim, tanıdığım abituriyentlər var. Məsələn, Naxçıvana tibbə qəbul olub, amma Naxçıvana getmək istəmir. Stomatologiyaya qəbul olub, getmək istəmir. Yaxud da başqa ixtisaslara qəbul olanlar olur. Xaricə də qəbul olduğuna görə, xaricdən qəbul gəldiyinə görə həmin ixtisasa getmir. O yer boş qalır".
Onun sözlərinə görə, hal-hazırda 600 bal toplayan 10 abituriyent var ki, ali təhsil müəssisəsinə qəbul ola bilməyib:
"Onlardan biri üçüncü qrupdur. Üçüncü qrup abituriyentin ikinci turda müraciət edə biləcəyi yalnız bir ixtisas var. Amma portal qeydiyyatından sonra boş qalan yerlər abituriyentlərin seçiminə buraxılarsa, həqiqətən uğurlu olacaq. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi artıq müvafiq addım atmalıdır. Boş qalan yerlərin ümumi olaraq portal qeydiyyatından sonra verilməsi yüksək bal toplayan abituriyentlərin də rahatlıq, yaxşı bir yerə qəbul olmasına imkan yarada bilər. İnsandır, abituriyentdir, səhv, xəta edib. Yəni bu xətasının geri dönüşü üçün müəyyən qədər Dövlət İmtahan Mərkəzi də güzəştlər tətbiq eləməlidir. Bu güzəştin heç bir zərəri yoxdur. Keçid ballarında müəyyən dəyişiklik ola bilər. O da Dövlət İmtahan Mərkəzi ikinci turun keçid ballarındakı dəyişikliyi diqqətə almayacaq. Birinci turdakı keçid balları əsas sayılacaq".
Aytəkin TOFİQQIZI